Bildiyiniz kimi, məşhur nəşrlər ənənəvi olaraq ilin sonunda bir məşhur şəxsiyyəti “İlin adamı” seçirlər. Bu, dünyada dəb halını almış bir şeydir. Bu işlə məşğul olanlar çoxdur deyə dünya “İlin adamları” ilə qaynaşır. Çox zaman onların eyni adam olması da təəccüb doğurmur. Aydın məsələdir ki, hər il ABŞ-da Obama, Rusiyada Putin, Fransada Olland, Türkiyədə Ərdoğan “İlin adamı”olmalıdır.
Amma bizdə fərqlidir. İlin nominantları hər il dəyişir. Bu il onların natamam siyahısı böylədir:
İlin şöhrətlisi: deputat Elton Məmmədov – il ərzində adı oğlunun avtoxuliqanlıq olaylarında, sifarişlə adamdöydürmə qalmaqalında hallanaraq ölkədə böyük şöhrət qazandığına və ilin sonunda doğrudan-doğruya “Şöhrət” ordeni aldığına görə;
İlin sərhədçisi: DCX-nin rəhbəri Elçin Quliyev – dövlət sərhədlərindən quş uçurtmadığına, bir neçə qramlıq narkotik maddələri qaçaqmalçıların anal dəliyindən belə tapdırıb çıxartdırdığına görə;
İlin narkobaronu: Naməlum narkobaron – Əfqanıstandan İrana, İrandan ölkəmizə, burdan Gürcüstana, üç sərhəddən 2970 kilo maye heroin keçirdiyinə, dördüncü sərhəddə malı tutulsa da, özü naməlum qaldığına və bu boyda işi ört-basdır edə bildiyinə görə;
İlin şanlı gömrükçüsü: Nehrəmli Kənan – İl ərzində dəfələrlə Sınıq körpü gömrük-keçid məntəqəsində bölgə camaatına göstərdiyi qayğı və mərhəmətə, bu üzdən camaatın dilinin əzbəri olduğuna görə;
İlin şairəsi: Elza Seyidcahan – Orijinal şeirlər yazdığına, paylaşdığına, xeyli sayda təqlidçiləri əmələ gəldiyinə görə;
İlin ölməz Kaşşeyi: Tural Mustafayev – El arasında “siçan dərmanı” kimi tanınan zəhərli sink-fosfit preparatı qəbul etməsinə, özünü asmaq üçün ilgəkli kəndir düzəltməsinə baxmayaraq, ölmədiyinə görə;
İlin subayı: Nəsimi Nəbizadə – Dostlarını “40 yaşımda subaylığın daşını atacam” deyə aldatdığına, 41-ə subay vardığına görə;
İlin ağıllısı: Nəsimi Nəbizadə – Bilirsiniz, nəyə görə;
İlin cığalı: Famil Cəfərli – “Qarabağ”ın oyunlarından öncə azı 7 mənfi səciyyəli status yazdığına, “Qarabağ”ın vurduğu qolu şübhə altına aldığına, “Qarabağ”a vurulan qolları alqışladığına görə;
İlin atıcısı: İŞİD-ə 1500 manat kələk gələn həmvətənimiz – “Döyüşməyə gəlirəm, pulum yoxdur” deyə təşkilatı aldatdığına, fərarilik etdiyinə görə;
İlin duaçısı: Niyaz Niftiyev – Kiyevdə namaz qılarkən əlini göyə tutub “Ey böyük Allah, ordan bura yol gəlmişik, bizi pərt eləmə, ”Qarabağ” qələbə qazansın” deyə dua etdiyinə və bu duası qəbul olunduğuna görə;
İlin idmançısı: Firuz Termişi – aprelin 25-də jurnalist Fərahim İlqaroğluna qaydasız döyüş fəndləri tətbiq edərək ömründə ilk və son dəfə qələbə qazandığına görə;
İlin “Hitler”i: 14 saylı CM-nin rəisi – Həbsxanada konslager mühiti yaratdığına və uyğun ləqəb qazandığına görə;
İlin Kissinceri: Siyavuş Novruzov – Beynəlxalq, regional, ölkədaxili siyasətə dair dərin-dərin analizlər, dəqiq-dəqiq proqnozlar verdiyinə görə;
İlin Nostradamusu: Vəfa Quluzadə – İl başlayandan “Rusiya dağılacaq, çökəcək” kimi proqnozlar verdiyinə və ilin sonunda həmin çöküşün başlanğıcını hər kəsin gördüyünə görə;
İlin marşal vəzifəli mayoru: Müğənni Xatirənin əri – 10 min adama rəhbərlik etdiyini bildirdiyinə görə;
İlin itkini: Emin Hüseynov – 4 aydan çoxdur gah ABŞ, gah İsveçrə səfirliyində olduğu deyildiyinə, amma harada olduğu dəqiq bilinmədiyinə görə;
İlin Fəlakəti: 9 milyonun yarısı – İl boyunca ölkədə nə baş verdiyini dərk etmədən, “Əla! Əla!” dediyinə görə;
İlin Ağsaqqalı: “Bozbaş pikçers”dəki Ağsaqqal – “Heç nə haram deyil, hər şeyə baxmaq olar, pornofilmlərə də, açıq şəkillərə də. Vapşe svarkadan başqa hər şeyə baxmaq olar”, – deyərək el ağsaqqalı kimi çıxış etdiyinə görə;
İlin ulduzu: müğənni Maral Tahirqızı – Bir neçə günün içində ulduzu parladığına və “dünyanın ən zil səsli müğənnisi” olduğunu sübut etdiyinə görə;
İlin oğrusu: (bu nominasiya pretendentlərin çoxluğuna görə boş qaldı).
Ümumiyyətlə, “İlin reneqatı”, “İlin peysəri”, “İlin yalançısı”, “İlin talançısı”, “İlin pornoulduzu”, “İlin gözəgirəni”, “İlin yaramazı” və digər nominantlar da boş qaldı.
Həm namizədlər çox idi, həm də bəzi namizədlər dalaşqandır, gəlib adamı “İlin baş-qulağı dəng olmuşu” nominasiyasının qalibi edərlər. Qoy cəhənnəm olsunlar.