Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”lə keçiriləcək son oyuna hazırlıqlarını davam etdirən “Qarabağ”da zədəli futbolçuların durumuna aydınlıq gəlib.
Klubun həkimi Murat Şahinoğlunun “apasport.az”-a açıqlaması “Qarabağ” azarkeşlərinin heç də ürəyincə olmayacaq. Çünki həkim braziliyalı futbolçular Reynaldo Silva və Danilo Diasın bu qarşılaşmanı da buraxacaqlarını bildirib: “Reynaldonu “İnter”lə oyuna yetişdirə bilmədik. Braziliyalı hücumçu üçün, ümumiyyətlə, il başa çatıb. Dias da “İnter”lə görüşü buraxacaq. O, çempionatın son iki turunda oynaya bilər. Bədavi Hüseynovun durumu isə o qədər də ciddi deyil. Yəqin ki, avrokubok matçında iştirak edə biləcək”.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də keçiriləcək və saat 21:00-da başlayacaq.