Medianews.az
Aeroportdan geri qaytarılmaq
636 baxış

Aeroportdan geri qaytarılmaq

samir sari kose 1
Açıq etiraf edirəm, hər dəfə yolum xaricə düşəndə aeroporta əndişə ilə gedirəm, elektron biletimi real biletə çevirən məmur və ya məmurəyə narahatlıqla yanaşıram, burdan da sağ-salamat, problemsiz keçəndən sonra pasporta möhür vuranlara tam pəjmürdə-hal yaxınlaşıram, “kameraya bax” göstərişini eşidəndən sonra kameraya həyəcanla baxıram. Mənə elə gəlir ki, bu məntəqələrdən birində məni saxlayacaqlar, “sənədlərində problem var, yan otağa keçməliyik” deyəcəklər və orda ləngidəcəklər. Nəticədə təyyarəm uçub gedəcək, özümü də çamadanlı-zadlı geri qaytaracaqlar.
Beş-altı ildir bu hiss məni tərk etmir, xoşbəxtlikdən, hələlik elə bir durumla üzləşməmişəm. Ancaq yenə düzünü deyim ki, nə hüquq-mühafizə orqanları tərəfinndən saxlanmağımdan qorxuram (onsuz da aydınlaşdırıb buraxacaqlar), nə də təyyarəmin məni gözləmədən, biletini alıb saxladığıma baxmayaraq, uçub gedəcəyindən. Əsas qorxum aeroportdan geri qayıtmaq sarıdandır. Bundan sonra gəl işdə və evdə uşaqların üzünə bax, zarafatlara təhəmmül et. Çətin olar.
Ən pisi odur ki, mən şəxsimə qarşı yol verilmiş bu qərəzli hərəkəti bəziləri kimi ictimailəşdirə də bilmərəm. Üzüm gəlməz. Gərək qızışdıran olsun, özümə qalsa, bu boyda haqq-hesab (ölkənin tanınmış jurnalistinin aeroportda qəsdən saxlanması) “bir daş altda, bir daş üstdə” rubrikasına gedər.
Bunun iki yekə səbəbi var. Birincisi odur ki, sonradan hökumətin haqlı çıxacağından çəkinərəm. Hesab edərəm ki, birdən xoşagəlməz olay haqqında hay-küy saldın, amma heç demə, barəndə cinayət işi qaldırılbmış, ödənilməmiş cərimələrin varmış, sənin də xəbərin yox... Belə çıxır ki, məsuliyyətdən yayınaraq aradan çıxmaq istəyirmişsən, al sana sənədlər, sübutlar. Razılaşaq ki, adamın o cür zibil işləri olanda dili gödəlir. Düzdür, yenə cığallıq edə, hay-küy sala bilərsən, “bu, mənim siyasi mövqeyimə görədir, burada qərəz var, məni yuxarılardan sifariş ediblər” deyə bilərsən, dostlar da “düzdür, düzdür” deyərlər, amma özün bilirsən ki, məsələ başqa cürdür.
İkinci səbəb isə odur ki, bizim kəndçilər söz oynadan, lətifə qoşandırlar. Əgər mən aeroportdan geri qaytarıldığımı ictimailəşdirsəm, xəbər elə həmin gün kəndçilərimdən birinin qulağına çatacaq, ondan sonra növbəti xeyir-şər məclislərinin birində hamısının xəbəri olacaq. Onda mütləq gül ağızlar açılacaq, ən azı belə deyəcəklər: “Eşitmisiz, Asif kişinin oğlunu da samolyotdan düşürdüblər” (“Təyyarəyə minməyə qoymayıblar” yox ha, “Samolyotdan düşürdüblər”); “Hə, yəqin xaricə qaçmaq istəyirmiş”; “Dinc durmurdu, ağzına gələni yazırdı, bir gün belə olmalıydı”; “Deyirlər, xaricdən gəlirmiş, trapdan hop götürüblər”.
Hələ bu harasıdır, ən azı üç-dörd dənə lətifə də düzəldəcəklər. Üstündən 30 il keçəcək. Bir gün nəvəm özünü bir ictimai yerdə “Filankəsin nəvəsiyəm” kimi təqdim edəndə mütləq həmin auditoriyada olan kəndçilərimizdən biri dəqiqləşdirəcək: “Sən o vaxt göydə samolyotdan paraşütlə endirilən kişinin nəvəsisən? Hə, eşitmişəm, baban igid adam olub, təyyarə qaçırmaq istəyirmiş, alınmayıb”. Bu cür olacaq. Çünki mən kəndçilərimin fantaziyasına bələdəm, heç nədə olmasa da, söz qoşmaqda regionda yekdirlər.
Ona görə də digər aeroportdan geri qaytarılanlar kimi bu məsələni ictimailəşdirmək imkanından məhrum olduğuma görə çox üzgünəm və elə adamlara həsəd aparıram. Budur, 2-3 ildir, bloqqer Mehman Hüseynovu aeroport tərəfə getməyə qoymurlar, o da əcəb edir, olayı ictimailəşdirir. Rüstəm İbrahimbəyovu da bir neçə dəfə elə etdilər, o da başına gələnləri ictimailəşdirdi, amma sonra gördü ki, bunun xeyri yoxdur, daha ictimaiyyətimizə yaxın gəlmədi, getdiyi ölkədə də qaldı. Neçə vaxtdır, Rüstəm müəllim ABŞ, Fransa, İngiltərə arasında ora-bura uçur, amma heç yerdə sənədlərində əngəl çıxmır. Amma ağsaqqal ədib Binə aeroportuna gəlsə, onu da gənc blogger kimi polis müşayiəti ilə apararlar.
Ancaq düzü, bilmirəm, hər dəfə aeroporta gedəndə həyəcanlanmaq vərdişi təkcə məndədir, yoxsa bu hiss başqalarında, xüsusilə də hökumət adamı olmayanlarda da yaranır. Gərək soruşum.

Bizə qoşulun