Getdik, Ukraynada yaşayan azərbaycanlıların xoş gününü gördük, ürəyimiz açıldı. Adamlar zəhmətləri, intellektləri, bacarıqları hesabına cəmiyyətdə özlərinə yaxşı yer ediblər.
Ukraynadakı həmvətənlərimizlə Rusiyadakıların arasında bir fərq özünü dərhal büruzə verir. Ukraynada yaşayanlar yerli ictimaiyyət tərəfindən “bazar adamı” reputasiyası ilə tanınmırlar. Onların çoxu iş dünyasında olsalar belə, onun aşağısında deyillər, əsasən orta təbəqəsindədirlər, elm və sənət dünyasında da tanınan, sevilən şəxslərdir.
Ukraynada yaşayan həmyerlilərimizin sayı haqqında müxtəlif və heç cür dəqiqləşdirilməsi mümkün olmayan rəqəmlər var. Ancaq dəqiq olan budur ki, onların sayı 100 mindən çoxdur.
Biz Kiyevdə olarkən diaspora nümayəndələri ilə sıx-sıx görüşdük. Təşəbbüs onlara məxsus idi. Bu şəxslər özlərinə borc bilmişdilər ki, vətəndən gələn həmyerliləri ilə görüşsünlər, söhbət etsinlər, onları ziyafətlərə aparsınlar, nəqliyyatla, ünvanlarla bağlı çətinliklərini dəf etsinlər. Adamın dalınca “Bentli”, “Leksus”, “Porşe”, “Roll-Roys” kimi maşınlarla gəlir, göndərir, hətta sürücülük edirdilər.
Ən ümdəsi o idi ki, bu şəxslərin bizdən aşacaq işləri yox idi. Onlar bunu söhbətlərdə də vurğuladılar, dedilər ki, bizim məqsədimiz öz ölkəmizdə tanınmaq deyil, bu ölkədə tanınaraq, sevilərək öz ölkəmizə yararlı olmaqdır. Odessadan görüşümüzə gələn dostumuz vardı, yeganə arzusu imzasını tanıdığı şəxsləri üzbəsurət görmək idi.
Hamısı vətənpərvərdir. Baxırsan, hamısının evi-eşiyi, gözəl, bahalı maşınları, yaxşı qazancları var, kənardan harınlamış kimi də görünə bilərlər, amma sadədirlər, ən ümdəsi bağrından çıxdıqları xalqa sədaqətlidirlər və vətən sevdası ilə yaşayırlar, gözlərinin, ayaqlarının biri, ürəklərinin yarısı burdadır.
Onlar üçün Azərbaycanda kimin iqtidarda, kimin müxalifətdə olmasının fərqi yoxdur. Kiyevdən baxanda onların gözünə yalnız üçrəngli bayrağımız və vətən görünür. Onlar hamıya eyni nəzərlərlə baxır, hamını eyni məhəbbətlə sevirlər…
Amma bir “amma” da var. Bu da bizim bir millət olaraq ən yaralı yerimizdir…
İntriqa və bir-birini çəkə bilməmək, öcəşmək dünyanın hər bir yerində olan beş azərbaycanlının arasında olduğu kimi, Ukraynada da var.
Bunun ilk işartısını biz Ukraynadakı Azərbaycan səfirliyində olarkən duyduq. Səfir Eynulla Mədətli diaspora nümayəndələrindən danışarkən onların ikisinin daha fəal olduğunu, müəyyən məclislərdə həmin təşkilatların liderlərinin birinin sağ tərəfində, o birinin sol tərəfində durduğunu qeyd etdi və dərhal şübhələndik ki, heç də hər şey qaydasında deyil.
Mənim o iki şəxsin ikisiylə də ayrı-ayrılıqda geniş söhbətim oldu. Hər ikisi intellektual adamdır, hər ikisi imkanlıdır, hər ikisi nüfuzludur, hər ikisi geniş əlaqələrə malikdir, hər ikisi vətənpərvərdir, hər ikisi… bir-birinə yaxşı münasibətdə deyil.
Mən onların arasındakı münaqişənin yalnız bəzi detallarını bilirəm, təfərrüatlarını bilmirəm və hiss edirəm ki, ortada bir kitablıq söhbət var. Bölə bilmədiklərinin nə olduğu da aydın deyil.
Bir də ortada bir güllə var. Güllə diaspor təşkilatımızın liderlərindən birinə atılıb, çiyninə dəyib, ürəyini “yaralayıb”. O, hesab edir ki, yaxın məsafədən atılmış dörd gülləni ona azərbaycanlılar atdırıb və yerdə qalan üçü də dəysəydi, o, indi həyatda olmayacaqdı.
Onun nəzərdə tutduğu liderlə də söhbət edirsən və görürsən ki, o, adama güllə atdıran birinə bənzəmir.
Güman ki, ortada üçüncü bir qüvvə var və nə məqsədləsə ortalığı bu cür gərginləşdirib, bir-birinə əla şəkildə tamamlayaraq daha da irəli gedə biləcək azərbaycanlıları daxili münaqişəyə cəlb edib.
Diasporumuzun ağsaqqallarından olan Firudin Məmmədov (58 ildir Ukraynada yaşayan bu şəxs prezidentlərlə, baş nazirlərlə, nazirlərlə oturub-duran, amma olduqca sadə bir adamdır) deyir ki, ermənilər bizdən az olsa da, parlamentdə təmsil olunurlar, nazir və nazir müavinləri kimi vəzifələrdə çalışırlar, biz isə hələ tam şəkildə birləşə bilmirik.
Diaspor rəhbərlərinin bu sətirlərin müəllifinə olan sayğısından, hörmətindən çıxış edərək istəyirəm ki, yaxın aylarda Ukraynaya yolum düşsə, söhbəti ayrı-ayrılıqda yox, hamıyla birlikdə aparaq. Qoy hər kəs öz içindəkini söyləsin və birdəfəlik barışıq əldə olunsun. Biz də burdan durub Ukraynaya baxanda vətənin bir parçası olan, bir bayraq altında birləşən vahid bir təşkilat görmək istəyirik.