15 oktyabr günü gəlib yarı olanda qəflətən onun nəylə əlamətdar olduğu yadımıza düşdü. Demək ki, çox şey kimi, bu gün də unudula bilərmiş. İndi günorta yada düşürsə, zamanla tamam unudulacaq.
Əslində isə 15 oktyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazıla bilərdi – təqvimə qırmızı işarə ilə düşməsə də.
Bu gün ölkəmizin demokratik relsə oturmasının ilk günü kimi tarixə əbədi həkk ola bilərdi.
Bu iş 2003-cü ilin bugünkü günü baş verməliydi. Amma olmadı.
Bu gün ona görə Azərbaycan tarixində xüsusi olaraq yer almadı ki, günü gün edəcək şərtlər tam deyildi.
15 oktyabr seçki günüydü. Tarixdə ilk dəfə Azərbaycan xalqı seçkilərə kütləvi şəkildə getmişdi, öz iradəsinə uyğun səs vermişdi.
Ondan qabaqkı və sonrakı heç bir seçkidə bu qədər seçici aktivliyi müşahidə olunmamışdı. Bu, yalnız 15 oktyabrda oldu.
Günün sonunda gələn, əldə olunan seçki protokollarında mənzərə çox fərqliydi. Onların ən ürəkaçan olmayanında belə müxalifətin vahid namizədi İsa Qəmbər seçki birincisi idi, topladığı səs 51 faiz deyildisə də, 45-dən də az deyildi.
Ən pis halda seçkilərin ikinci tura qalacağı məlum olurdu.
Ancaq bülletenlər sayılmağa başlayanda böyük dövlətlərdən – Rusiya, ABŞ və Türkiyədən İsa Qəmbərin əsas alternativinə təbrik mesajları gəlməyə başladı.
Sonra ortaya çevik və qeyri-çevik polis alayları, sərhəd qoşunları, ədliyyə birləşmələri, MTN əməliyyatçıları, daxili qoşunlar, böyük şirkətlərin mühafizə briqadaları, qeyri-leqal yarımhərbi birliklər girdi.
15 oktyabr demokratik seçki günü kimi əlamətdar olmaqdaykən bir neçə saatın içində mütəşəkkil şəkildə həyata keçirilən saxtakarlıq və zorakılığın tüğyan etdiyi günə çevrildi.
Hələ gün bitməmiş demokratiya adına hər şey bitdi, ümidlər daşa dəydi, azadlıq, dəyişiklik istəyənlərin arzusu puç oldu.
Əslində ertəsi gün – 16 oktyabrda baş verən daha ekstremal hadisələr öz başlanğıcını elə 15 oktyabr gecəsi götürmüşdü.
İlk həbslər 15 oktyabrda həyata keçirildi. Seçkiyə görə ilk döyülənlər xəsarətlərini 15 oktyabrda aldılar. Total saxtakarlığa qarşı ilk bəyanatlar 15 oktyabrda səsləndirildi.
Nəticədə 15 oktyabrın rəngi qaraya dəyişdi.
Əslində, bu çox qəribədir. 15 oktyabr sonradan iki dəfə (2008 və 2013-cü illərdə) prezident seçilən İlham Əliyevin ilk seçildiyi gün idi və bu baxımdan çox əlamətdar olmalıydı. Ancaq nə o, nə də komandası, tərəfdarları 15 oktyabrı xüsusi olaraq qeyd etmirlər.
Görünür, həmin gün hakimiyyət komandasının yaddaşında qara, gərgin, qorxulu, həyəcanlı gün kimi qalıb.
Gerçəkdən də 15 oktyabrda hakim komanda üçün çox şey dəyişə, itirilə bilərdi.
İllərlə zor-xoş qorunub saxlanılan vəzifələr, hiylə və zorakılıqla toplanmış sərvətlər, gələcəyə yönəlik planlar, böyük layihələr əldən çıxmaq təhlükəsi qarşısındaydı.
Ancaq hakim komanda əlindəki bütün resurslardan istifadə edərək, bütün siyasi, hərbi güclərini toparlayaraq, yazılmış və yazılmamış qanunları tapdayaraq hakimiyyəti öz əlində saxladı.
İndi o gündən 11 il keçib və gün nəinki geniş planda xatırlanmır, hətta 15 oktyabra aid yeddi kitaba sığacaq yazılar yazan qələm adamlarının da yadına düşmür.
Əgər 2003-cü ilin 15 oktyabrında İsa Qəmbər hakimiyyətə gəlmiş olsaydı, bu gün o, artıq ya altı, ya da bir il olacaqdı ki, eks-prezident statusu daşıyacaqdı.
Ölkə yeni prezidentin, həm də kimliyini heç kəsin təxmin etmədiyi bir prezidentin idarəçiliyi altında olacaqdı.
Bu 11 ildə yeni siyasətçilər nəsli yetişəcəkdi, yeni birliklər, partiyalar, bloklar əmələ gələcəkdi.
Siyasi məhbuslar olmayacaqdı. Tikinti-quruculuq işləri də gedəcəkdi, təbii ki. Tunel, metro, yolötürücü ilə yanaşı, güclü dövlət də qurulacaqdı.
11 il öncənin 15 oktyabrı tarixi şans idi, amma son şans deyildi.
15 oktyabr demokratiyanın bərqərarının gecikməsi baxımından qara gündür. Yoxsa şükürlər olsun, dövlət müstəqilliyi itirilməyib, ölkə qırx arşın quyunun dibinə düşməyib.
Bu ölkədə demokratiyanın hansı gün bərqərar olacağının isə heç bir önəmi yoxdur. Təki elə bir gün olsun və mümkün qədər tez olsun.