Ölkəmizin siyasi arenasının ən böyük problemlərindən biri də budur – demokratların bolşevizmi. Bolşevizm son yüz ildə gördüyümüz ən populyar siyasi cərəyandır. Gözümüzü açıb, bolşevizm gördük, hələ də gözümüzün önündədir.
Bu, bizə rus siyasətinin, rus siyasi düşüncəsinin mirasıdır. 1918-20-ci illərdə fəaliyyət göstərən milli hökumətdə, o hökuməti quran Müsavatda bolşevizm olmayıb. Əski müsavatçılar nəsli çox mübahisə ediblər, çox polemikalar aparıblar, amma heç vaxt fikirləri ilə razılaşmadıqlarını düşmən elan etməyib, partiyadan qovmayıb, tutdurub güllələtməyiblər.
Eyni partiyanın üzvü olan şəxslərin bir-birini təhqir etməsi, döyüb-söyməsi, repressiyaya məruz qoyması, həbs, sürgün etdirməsi, güllələtməsi ənənəsini rus bolşevikləri yaşadıb çiçəkləndiriblər.
Biz – müasir dövrdə siyasətlə yaxından ilgilənən və az-çox məşğul olan insanlar bu tarixi oxumuş və əxz etmişik. Yeni nəsil siyasi fəallar kəsimi isə həmin tarixi oxuyanların yazdığı tarixi oxuyublar.
Hamımız Lenin-Stalin-Trotski-Zinovyev-Kamenev-Buxarin ziddiyyətlərindən, qırğın-davalarından xəbərdarıq. Hamısı kommunist olan və “bəşəriyyərin işıqlı gələcəyi olan kommunizm uğrunda çalışan” bu şəxslərin bir-birini necə məhv etdiyini bilirik.
Bu, siyasi mədəniyyət geriliyi ilə, despotik şərqə mənsubluqla yanaşı, xeyli dərəcədə də dövrün, zamanın konyukturunun nəticəsi olub. O zamanlar Almaniyada da, Fransada da, İtaliyada da, İngiltərədə də siyasi partiyalar sərt rejimə malik olub, müxalif fikri, fraksiyaçılığı yaxın buraxmayıblar.
Böyük öndər Nəhəmməd Əmin Rəsulzadə kommunistlərin bu xasiyyətini bildiyi üçün 1919-cu ildə Azərbaycan parlamentinin iclasında onu qərəzli şəkildə tənqid edən Əliheydər Qarayevə belə deyib: “Əliheydər, səni öz yoldaşların bir gün divara söykəyib güllələyəndə məni yadına salarsan”.
Həmin sözün deyilişindən 18 il sonra doğrudan da Əliheydər Qarayevi öz kommunist yoldaşları divara söykəyib güllələyiblər. Rəsulzadə peyğəmbər deyildi, amma bolşevizmin xislətini bilirdi.
Eyni aqibət Kamenevin, Zinovyevin, Radekin, Buxarinin və minlərcə “saf, əqidəli, dönməz, prinsipial” kommunistin başına gəlib. Onları da öz yoldaşları, partiyadaşları məhv edib. Sovet dövlətinin iki qurucusundan biri olan Trotskinin isə başına gəlməyən faciə qalmayıb. Onu əvvəlcə Qazaxıstana sürgün ediblər, sonra Türkiyəyə, oradan Fransaya keçib, Norveçə qoymayıblar, sonra Meksikaya sığınıb, övladlarını tutub məhv ediblər, axırda da özünü Meksikada baltalayıblar. Bunların hamısını onun öz yoldaşları, öz əqidədaşları edib.
Təəssüf ki, bütün bunların nə dərəcədə pis, mənfi səciyyəli siyasi fəaliyyət növü olduğunu bilə-bilə 1988-2014-cü illər arasında ölkəmizdə fəaliyyət göstərən siyasi təşkilatların hamısında bu mənhus bolşevizm xəstəliyi özünü göstərdi.
Bu 26 ildə eyni partiyada olan şəxslərin bir-birinə səmimi qəlbdən nifrət etməsini, ən yaxın dostların, tələbəçiliyi birgə keçmiş insanların zamanla qatı düşmənə çevrilmələrini çox gördük.
Elə əksəriyyəti keçmiş kommunist və komsomolçulardan olan YAP-çılar da partiyadaxili müxalifətə dözümlü yanaşmadılar, olası ən ufaq ixtilafı elə beşiyindəcə boğdular. Ortada 70 illik təcrübə vardı.
Hazırda özlərini bu vaxtadək maksimum səbatlı, təmkinli aparan, həmişə hər cür polemikadan sonra mütləq uzlaşma nöqtələri taparaq eyni tavan altında birləşən müsavatçıların sırasında da bolşevizmə yuvarlananlar, qazandıqları nisbi üstünlükdən istifadə edərək azlıqda qalanları imkanları çatdığı qədər cəzalandırmaq istəyənlər var.
Sosial şəbəkələrdə, mediada gedən müzakirələrdə bu açıq-aydın görünür. Hətta bu cür şərhlərə rast gəlirik: “Onları … qovmaq lazımdır”; “Hamısını layiq olduqları yerə göndərmək lazımdır”; “Bu təklifləri açıq şəkildə təhlil edib, təpələrinə vurmaq lazımdır” və sair və ilaxır.
Qovmaq, rədd etmək, təmizləmək, təpələrinə vurmaq – budur bolşevizm.
Sadəcə, bir fərq var. Bu ritorika ilə çıxış edən bolşeviklər 15-20 il idi ki, hakimiyyətdə tək partiya olaraq möhkəmlənmişdilər, kəsdikləri başa sorğu-sual yox idi.
Müxalifətdə olaraq bu ritorika ilə heç bir uğur qazanmaq mümkün deyil. Çünki siyasi uğur, idarəetmə mandatı qazanmağın tək yolu insanları öz ətrafına cəmləməkdir, hər xoşuna gəlməyəni qovmaq deyil.