Cəmi 5 gündən sonra Müsavat camiəsini sarmış seçim ehtirası soyuyacaq. Amma indi onun qızğın vaxtıdır və ehtiraslar soyuq ağlı üstələyib.
Başqanlığa namizədlərin ətrafında qruplar yaradılıb, mətbuatda dəstəkçilər qrupunun siyahıları dərc olunub, tanınmış adamlar hansı namizədi dəstəklədiklərinə dair bəyanatlar verirlər.
Burası dəqiqdir, indiyədək Azərbaycan siyasətində belə şey olmamışdı. Heç bir partiya öz yeni rəhbərinin seçkisini ümumxalq müzakirəsinə, medianın, sosial şəbəkənin polemikasına çıxararaq seçməyib.
Bu, bir ilkdir. Ancaq hər bir yeniliyin müsbət cəhətləri olduğu kimi, mənfi tərəfləri də var.
2000-ci ildə keçirilən parlament seçkilərində proporsional qaydada namizədləri müəyyənləşdirmək üçün partiyanın daxilində keçirilən ilkin seçkilərin yaratdığı ajiotaj və gərginlik hələ də xatırlanır.
O zaman Müsavatın bütün strukturları hərəkətə gəldi, partiyaya güclü axın oldu, təşkilat xeyli gücləndi, amma liderlərin arasında yaranan umu-küsü uzun müddət davam etdi, bəzi problemlər hələ də sürür.
Başqanlıq seçkisi də o cür nəticələnəcək. Bu qruplaşma, dördtirəlik xeyirliyə deyil.
Bunu demokratiyanın təzahürü kimi qələmə vermək olar, amma əndazələrin aşılması da bariz görünür.
Namizədlər bir-birinin əleyhinə danışmasalar da, onların tərəfdarları danışır, hətta yazırlar.
Kənardan durub ortalığı qarışdıranlar da az deyil. Onlar özlərini elə göstərirlər ki, guya Müsavatın xeyrini istəyirlər, amma elə deyil, onlar heç kimdən yana deyillər, davadan yanadırlar.
Müsavatın üzvü olmayan, hətta bu partiyaya dost münasibəti ilə seçilməyən, əksinə, onu özünə rəqib sayan şəxslər partiyanın yeni başqanı rolunda bu və ya digər namizədi gördüklərini bəyan edir, ortalığı daha da qızışdırmaq istəyirlər.
Bu posta iddia edən namizədlərin dördü də müsavatçıdır və hər biri sınaqlardan çıxıb gəlib, fədakar, prinsipial, əzabkeş insanlardır.
Ancaq başqan postu elə bir mövqedir ki, onu tutmaq istəyən şəxs çoxsaylı üstün keyfiyyətlərə malik olmalıdır, bir çox kriteriyalara cavab verməlidir.
Ən ümdəsi o şəxs istər partiyanın daxilində, istərsə də tərəfdarlar, təəssübkeşlər arasında ciddi dəstək qazanmalıdır. Onun başqanlığı partiyadan qopmalara səbəb olmamalıdır, əksinə, indiyədək tərəddüd edənlərin partiyaya meyllənməsinə rəvac verməlidir.
Başqan vəzifəsi kiməsə indiyədək göstərdiyi xidmətlərə görə mükafat olaraq təqdim edilə bilməz. Bu məsələdə keçmişə yox, gələcəyə baxmaq gərəkdir.
Partiya üzvləri və tərəfdarlar korpusu yeni başqanın partiyanı hara aparacağını, uğura necə çatdıracağını bilməlidir.
Həm də elə bir qənaət yaradılmamalıdır ki, yeni başqan bir ilin içində partiyanı hakimiyyətə gətirməsə, demək, seçim uğursuz olub.
Namizədlərin tərəfdarları arasında gedən polemika artıq durdurulmalıdır. Elə bir vəziyyət yaranıb ki, bir müsavatçı fəal Azərbaycan cəmiyyətinin sırf müsbət obrazda qəbul etdiyi veteran müsavatçılardan birinin reputasiyasına yönəlik ittihamlar irəli sürür.
Halbuki o adam nəinki Müsavatın, hətta bütün ölkənin minnətdar olduğu 3-5 ictimai-siyasi xadimdən biridir.
Bunu belə edən seçki ehtirasıdır, seçilmək əzmidir. Ancaq bu ölkədaxili seçki deyil, partiyadaxili seçkidir və əgər tərəflərdən biri qalib gələcəyi təqdirdə öz qələbəsini təvazö çərçivəsinə salmasa, əzici lovğalıq göstərsə, bu sadəcə partiyanın sarsılmasına gətirib çıxaracaq.
Məgər bunu bilmək çoxmu çətindir? Elə bir situasiya yaradılmalıdır ki, kimin başqan seçilməsi “ölüm-dirim”, “ya onlar, ya biz”, “son şans” səciyyəsi almasın, uduzanlar da, udanlar da qısa müddətdən sonra umu-küsünü unudub eyni tavanın altında qala bilsinlər.
Bundan ötrü bir-birini sözlə yaralamaqdan çəkinmək lazımdır. Min illərdir, sübut olunmaqdadır: Söz yarası sağalmır. 22 il qabaq bir-birinə acı söz deyən iki nəfər var, bir yerdə türmədə də yatıblar, qardaş kimi olublar, jarqonla desək, “xlebnik”lik ediblər (bu, əsgər yoldaşı olmaqdan daha ötə bir dostluqdur), amma 1993-cü ildə bir-birinə dedikləri acı sözü də unuda bilmirlər.
Ən azı, Siyavuş Novruzovun Müsavata dair əttökən proqnozlarını doğruldub, onun özündənrazı halda yeni bir müsahibə verməsinə səbəb olmaq lazım deyil.
İndi gələk, başlıqdakı sualın cavabına. Müsavatın qurultayında səsvermə gizli olacaq və mən də Müsavat başqanı olmaq istəyən müsavatçıya səs verəcəyəm. Bu qədər sadə. Onun kim olmasının isə elə də önəmi yoxdur.