Medianews.az
Sirenanın səmimiliyinə şübhə edənlər
586 baxış

Sirenanın səmimiliyinə şübhə edənlər

images_dekabr_kose samir sari
Dünən işə doğru yol gələrkən məşhur “Yalançının evı yandı, heç kəs inanmadı” zərbül-məsəlinin əyani şəkildə doğrulduğunu müşahidə etdim. Həmin məsəlin təfərrüat hissəsini hamınız bilirsiniz, ona görə də təzədən yazmıram. Ona görə də birbaşa mətləbə keçirəm.
Son vaxtlar Biləcəri yoxuşuyla üzü paytaxta sarı, beynəlxalq avtovağzal-yarmarka-dükan-bazar kompleksinə çatmamış tıxac olur. Onu da aydıralım ki, bu yolu xeyli genişləndiriblər, artıq paytaxta doğru maşınlar 10 cərgə (dəfələrlə saymışam) ilə irəliləyirlər, amma gəlib Ziya Məmmədovun “Titanik”inin tuşuna çatanda 3 cərgəyə keçməli olur, bir-birinin yolunu kəsirlər. İki cərgə maşın da Biləcəridən, avtovağzaldan gəlir, əsas magistrala çıxır, ona görə də tıxac yaranır və bu bir neçə yüz metr məsafəni keçmək üçün insandan 10-15 dəqiqə vaxt, bir neçə yüz qram tər, xeyli əsəb gedir.
Hər gün belədir. Hələ bunun böyük adamlardan birinin, məsələn, spiker Oqtay Əsədovun qəfildən yola çıxması kimi fors-major halları var. Burada fors edən onun mühafizə xidmətidir, mikrofonlarıyla major-major qışqırırlar ki, sağa çəkin, yol verin, yolun solunu boşaldın. Burada da, dediyim kimi, maşınlar 10 cərgədə dəmir-dəmirə gedirlər, manevr etmək imkanı yoxdur. O tərəfdən də spikerin cangüdənləri yol verməyən, daha doğrusu, yol vermək imkanında olmayan avtomobillərin dövlət nömrə nişanının səsləndirib, üzünü danlayırlar. Hələ deyilənə görə, onlar bəzən yekəbaş sürücülərin nömrəsini qeydə alıb yol polisinə verirlər.
Bax, belə bir vəziyyətdə heç kəs başqasına yol vermək istəmir, hamı çalışır ki, bu Bosfor boğazını tezcənə keçib aradan çıxsın.
Yalançının evi də məhz o tıxacda yandı. Biz tıxaca təzə girmişdik ki, sirena səsi eşitdik. Təcili tibbi yardım maşınının səsiydi, yol istəyirdi. Sərnişinlərimizdən biri gileyləndi ki, bunlar da moşennikdirlər, bir az tıxac olan kimi sirenanı qoşub yol istəyirlər, guya ki, maşının salonunda ağır xəstə var, təcili əməliyyata aparılmalıdır. Başqa biri onun sözünə qüvvət verib dedi ki, hə, elədir, o da bir dəfə görüb ki, təcili yardım maşınının salonu boşdur, özü də evə gedir, amma rahat getmək üçün siqnallayır ki, başqa maşınlar çəkilib ona yol versinlər. Üçüncü adam da bildirdi ki, salamatı bir yerə gecikəndə təcili yardım maşını ilə getməkdir, istər-istəməz hamı yol verir.
Amma maraqlıydı, Biləcəri yoxuşunda təcili yardım maşınına heç kəs yol vermirdi.  Bir neçə dəqiqə sonra məlum oldu ki, təcili yardım maşını bir deyil, ikidir. İkinci maşının sirenası da həşir qoparmışdı. Yenə də onlardan ötrü yolu açan olmadı. Bu, iki səbəbdən ola bilərdi: ya sıxlıq üzündən arxadan gələn maşınlara yol verilməsi mümkün deyildi, ya da öndə olan avtomobillərin sürücüləri təcili yardım maşınlarının sirenasının səmimiliyinə inanmırdılar. Güman ki, ikinciydi. Çünki yol nə qədər dar, maşınlar nə qədər çox olsa da, spikerin maşın karvanı üçün yol həmişə açılır və onlar sərbəstcə keçib gedirlər. Amma təcili yardım maşınları “Titanik”in yanında ulaya-ulaya qalmışdılar və məşhur batan gəmi kimi “SOS” siqnalı verirdilər.
Axırda necə oldusa, onlar birtəhər yol tapdılar və ümumi sıxlığın içində yaranmış dəhlizlə yoxuş boyu şütüdülər. Bəzi kəmfürsət sürücülər də dərhal başqa cərgələrdən burulub onların arxasına düzüldülər və qəza işıqlarını qoşaraq (guya ki, aparılan xəstənin yaxınlarıdır) təcili yardım maşınlarının arxasınca cumdular.
Camaatın baş-qulağını aparmış sirena səslərinin uzaqlaşmasıyla müəyyən rahatlıq yarandı və təbii ki, heç kəs ilişib tıxacda qalmadı, 10 dəqiqədən sonra hamı artıq “20 Yanvar” metrostansiyasının dairəsinə çatmışdı. Amma yəqin ki, hamıda təcili yardım maşınlarının fırıldaqçılığına dair rəy vardı.
İşə çatanda bildim, heç demə, bu dəfə onlar yalandan siqnal vermir, özlərinə yol açmaq üçün bəhanə etmirmişlər. Təcili tibbi yardım maşınları Xırdalanda qazdan partlayan binada xəsarət alanları paytaxtdakı xəstəxanalara daşıyırmışlar. Biz də elə bilirdik, onlar həmişəki kimi tıxacda öz üstünlüklərindən sui-istifadə edirlər.

Bizə qoşulun