Həyatımıza aid bütün sferalarda olduğu kimi, yas və şadlıq mərasimlərinin keçirilməsi sahəsində də ciddi problemlər var.
Ən azı 6-7 ildir ki, mətbuatda bu barədə söhbətlər gedir. Ziyalılar dönə-dönə vurğulayırlar ki, həm hüzr məclislərində, həm də şadlıq mərasimlərində israfçılıq həddini aşıb.
Gerçəkdən də xüsusilə toylarda təmtəraq-təntənə nümayiş etdirmə və nemətlər, təamlar təklifi əndazəsindən çoxdan çıxıb və bu bir yarış, bəhs predmetinə çevrilib. Əsasən imkanı çox olan adamlar yarışırlar: biri ötəkindən daha bahalı restoran kirayələyir, süfrəyə daha çox soyuq və isti yeməklər düzdürür, o biri gəlin maşını karvanının eyni və ən bahalı maşınlardan ibarət olmasının qayğısına qalır, başqa biri ölkənin və dünyanın ən bahalı müğənnilərini fantastik qonorar müqabilində övladının toyuna gətizdirir, başqası təkcə atəşfəşanlığa yüz min manatdan artıq vəsait xərcləyir və sair və ilaxır.
Əlbəttə, haram yollarla, qeyri-leqal vasitələrlə qazanılmış milyonları tüstü-dumana çevirib göyə sovurmaq, yaxud bir saatlıq səhnə şousunun müqabilində “dünya ulduzları”nın keyslərinə yükləmək asandır. Bunu həmin pulları əzab-əziyyətlə qazanan milyarderlər etməz, necə ki etmirlər. Onlar heç də xəsis deyillər, əksinə, leqal milyarderlər ondan da artıq pulu xeyriyyə fondlarına köçürür və bilirlər ki, bəşər əhlinə nəsə bir faydaları dəydi. Belə adamlar quru şöhrət üçün (“filankəsin oğlunun toyunda Şakira (Castin Biber, Rihanna) oxudu”, “bir milyonluq atəşfəşanlıq təşkil etmişdilər”, “gəlinin maşınını 25 ”Galendevagen” müşayiət edirdi” və s.) o qədər pul-para xərcləməzlər.
Ən yaramazı odur ki, quduz pulları payız xəzəlinə çevirmək imkanı olmayanlar da bəzən milyonçularla ayaq uzatmaq istəyərək, “ömürdə bir dəfə olan şeydir” deyə oğullarının, qızlarının toyunu ən bahalı restoranlarda təşkil edir, özlərini də, qonaqlarını da maddi sıxıntıya salırlar.
Heç kəsə sirr deyil ki, bu gün ən ucuz restoranın menyusunun qiyməti ortabab ailənin bir həftəlik azuqəsinin xərcinə identikdir və bu qiymət arta-arta gedir. Artıq şadlıq evi sahibi olmaq ən gəlirli biznes strukturuna malik olmaq deməkdir. Ona görə də bu sahə getdikcə çiçəklənir. Demək olar ki, hər gün Bakıda yeni və təmtəraqlı (təbii ki, ən bahalı) şadlıq sarayı istifadəyə verilir. On istehsal müəssisəsindənsə bir şadlıq evi işlətmək daha mənfəətlidir.
İndi xəbərlər var ki, hakimiyyət xalq arasında çoxdan səslənən təkliflərə müsbət reaksiya vermək, bu sahədəki problemi inzibati resurslarla həll etmək fikrindədir.
Ancaq iqtidar komandası bunu necə edəcək – hələlik bilinmir. Heç də ona görə yox ki, inzibati resurslardan istifadə olunan yerlərdə qanun-qayda pozuntularının olması, zor tətbiqi qaçılmazdır və bu etiraz doğuracaq. Əsasən ona görə ki, o cür toylar edənlər məhz özləridir.
Təbii ki, bu problem həll olunmalı, bəhsləşmə, harınlıq marafonu durdurulmalıdır, amma inzibati resurslar hesabına yox. Nümunə göstərməklə.
Bəllidir ki, övladına təmtəraqlı toy mərasimi quraraq milyonlar dağıdan adamların yüzdə doxsanı bu hakimiyyətdəki ali mənsəb yiyələridir. Qoy onlar bir az sadə olsunlar, yerdə qalan insanlara nümunə göstərsinlər. On beş – iyirmi bu sayaq müsbət örnəkdən sonra toy edərkən əndazəsini aşan təmtəraq və təntənələrdə bir səngimə baş verəcək, həddini keçənlər ictimai qınağa (“Filan nazirdən artıq kişi deyilsən ki… o oğluna (qızına) sadə toy etdi”) məruz qalacaqlar.
Əslində bu problem ölkədə dövr eləyən qeyri-qanuni pulların kumilyasiyası ilə bağlıdır. Bu pulların həcmi bizim və beynəlxalq maliyyə institutlarının təsəvvür edəcəyindən qat-qat çoxdur. Üstəlik, onların qazanılması yollarına, dövriyyəsinə, eləcə də sərfiyyatına nəzarət yoxdur. Nəzarət yoxdursa, cəza da olmayacaq.
Sovet dönəmində bəzən xərclənən pullardan (qızıl-brilyant, ev, maşın tədarük edilməsindən) yola çıxaraq sosialist əmlakını dağıdan və ya rüşvət alanları ifşa edirdilər. İndi elə problem yoxdur. Kim haradan nə qədər oğurlayır, necə oğurlayır – şəffafdır. Oğurluq şəffaf olsa da, cəzalandırılan yoxdur. Ona görə də plutokratiya öz sərvətini bu sayaq açıq-aşkar nümayiş etdirir.
Bu problemin həlli harınların toylarının sadələşdirməkdə deyil, harınlara toy tutmaqdadır.