Medianews.az
Dədə-baba standartları
674 baxış

Dədə-baba standartları

samir sari kose 1
Bir biz deyilik, dünya üzərində formanı məzmundan üstün tutan, vacib sayan, ondan imtina edə bilməyən, hətta imtinanı xəyanət bilən başqa toplumlar da var.
Hələ başqa ölkələrdə daha pisdir, saqqalının uzun olmasına görə təhqir edilənlər olduğu kimi, saqqalının gödək olmasına görə başı kəsilənlər də olur.
Halbuki dindarlıq, möminlik məsələsində saqqal bəlkə də onuncu detaldır. Saqqalın inanca dəxli olsaydı, onda gərək kosalar kafir elan olunaydılar. Amma prinsipcə, kosa da dərin inanca malik ola bilər, tük örtüyünün seyrəkliyi buna mane olmur.
Eləcə də birinin saqqalının gur və uzun olması hələ onun əməli saleh mömin olduğuna dəlalət etməz.
Yəni saqqalın və şalvarın balağının uzunluğu-gödəkliyi məsələsi dini məsələ olmaqdan çox bərbərlərə və dərzilərə aid xüsusatdır və sırf zövq məsələsidir. Adam var ki, qırx ilin ateistidir, amma saqqalsız gəzə bilmir, elə bilir, saqqal ona daha yaxşı yaraşır, daha xarizmatik görünür. Hətta biri var, saqqalına baxıb elə bilirlər, molladır, sonra əynindəki qırmızı tişörtə zənd eləyəndə anlayırlar ki, molla tişört geyinməz, həm də qırmızı tişört.
Aydın məsələdir, mollanın, din adamının mundiri ciddi olmalıdır. Başqa cür onların sanbalı azalar. Bizdə muğamat oxuyanlar da həmişə kostyum geyir, qalstuk taxırlar. Ona görə ki, oxuduqları ciddi musiqi janrının sanbalına xələl gəlməsin. Xanəndə qırmızı (və ya mavi) tişörtlə əlinə qaval götürüb səhnəyə çıxsa, heç kəs onun “Mənsuriyyə”ni Yaqub Məmmədov qədər yaxşı oxuduğuna diqqət yetirməz, ertəsi gün hamı bir-birinə böylə deyər: “O nəydi, əə? Qaval hara, mayka hara?”.
Eləcə də rep deyənlər səhnəyə kostyumda, qalstukda çıxsalar, Tupakın xatirəsinə xəyanət etmiş olarlar.  Onlar həmişə sinəsinə və ya arxasına cürbəcür sözlər yazılmış, şəkillər yapışdırılmış tişörtlər geyməlidirlər, hətta ola bilər ki, yayın günündə başlarını örtsünlər - yağışdan islanacaqlarmış kimi.
Belə qəbul olunub. Forma, zahiri görünüş hər şeydən əfzəldir.
Formalara sədaqət göstərənlərlə bu mövzuda müzakirəyə başlayarkən adətən belə sözlər eşidərsən: “Dədə-babadan bizə belə qalıb”. Əlbəttə, elədir. Amma dədə-babadan bizə təkcə saqqal qalmayıb, həm də eşşək arabası, fayton qalıb, bəs indi bir yerdən başqa yerə getmək üçün arabadan istifadə edirik, yoxsa “Aerobus”a, “Mersedes”ə cumuruq? Dədə-babamız mobil telefonla danışmayıb, amma biz android telefon işlədəndə yada salmırıq ki, dədə-babalar eldən-elə informasiya ötürmək üçün dağda tonqal qalayırdılar.
Yüzlərlə belə misal çəkmək olar. Bu misallar açıq-aşkar şəkildə göstərəcək ki, biz öz məişətimizdə, həyat tərzimizdə dədə-babaların standartlarından yüz dəfə kənara çıxmışıq.
Ona görə də gəlib 2014-cü ildə yaşaya-yaşaya min il əvvəlin geyim, görünüş tərzini yaşatmaq, təqlid etmək absurd işdir. Saqqalı dibindən təraş edərək, saçı qısa vurduraraq, əyinə Pyer Kardin kostyumu və ağ köynək geyərək, Versaçe qalstuku bağlayaraq da mömin olmaq, hətta mollalıq eləmək olar və heç kəs bu cür modern molladan narazı qalmaz. Yox, buxara papaq qoymaq vacibdirsə, zövq məsələsidirsə, bunun da yeri, zamanı var: qış, soyuq, qar-yağış. Belə daha rahat olar.
Bir dəfə üç-dörd musiqiçi ilə birlikdəydik, biri, nisbətən yaşlısı dedi ki, bizdən qabaqkı nəsil toylara trio (tar, kaman, qaval) ilə gedirdi, camaat da məmnun qalırdı. Cavan musiqiçilərdən biri də dedi ki, ağsaqqal, o vaxt sintezator yox idi, ona görə trio ilə gedirdilər, indi daha rahatdır.
Məzmunu qoyub formaya aşırı diqqət verməkdəndir ki, bəzən adam qara qarğaların içində ağ qarğa kimi, yəni yad-yabançı görünür. Belə olanda da qara qarğalar tökülüşür, kömür-filan götürüb ağ qarğanı boyayır, ən azı ala qarğaya çevirirlər.
Düzdür, orijinal olmaq, unikal görünmək yaxşı şeydir, amma bu, ehtirasların qızışdığı dövrdə şəxsi təhlükəsizliyi təhdid edəcəksə, Allah kəssin elə orijinallığı.  Orijinal görünmək üçün uzun saqqal saxlayan rəssamı “ədə, bu vəhhabinin qabağını kəsin, qayçı gətirin” deyə küçədə böyüzm eləsələr, onun köməyinə Van Qoq da gəlməyəcək, Salvador Dali də. Çünki insanların kütləvi şəkildə dəliyə döndüyü bir zaman yetişib

Bizə qoşulun