Dahi yapon yazıçısı Akutaqava Rünoskenin “Cəngəllikdə” adlı hekayəsi var. Qısa süjeti belədir ki, meşədən meyit tapırlar, sonra məhkəmə qurulur, hərə bir ifadə verir, hətta axırda ölünün ruhunu çağırırlar, onun da ifadəsi fərqli olur. Hekayənin anlamı odur ki, həyatda hər kəsin öz həqiqəti vardır və bu həqiqətlərdən hansının gerçək olduğunu bilmək mümkün deyildir.
Bir növ, azərbaycanlılar üçün yazılmış hekayədir, axı biz də həqiqətin nisbi olduğunu söyləməyi sevən camaatıq. Deyirsən qatıq ağdır, deyirlər yox, qaradır. Bunu sənə isbat eləyərlər, qalarsan pis vəziyyətdə. Müdriklərimizdən kimsə yaxşı deyib ki, Azərbaycanda iki dəfə ikinin beşə bərabər olduğunu əsaslandıranlar yaşayır: “Məsələn, əgər bu gün bazar günüdürsə, sən bunu həmin şəxslərə sübut edə bilməzsən. Deyəcəklər, xeyr, cümə axşamıdır. Deyəcəksən axı hamı bazar günü olduğunu qəbul etmişdir. Cavabı belə olacaq ki, nə olsun, mənim fikrim belədir”.
Bəli, bizdə hər kəsin, hər bir yoldan ötən dılğırın guya öz fikri, hadisələrə şəxsi baxış bucağı vardır. Üstəlik, bazar gününü cümə axşamı adlandıran o debillər səndən tələb edəcəklər ki, sən onların fikrinə, şəxsi mövqeyinə hörmətlə yanaşasan. Guya Volter haçansa deyibdir: “Sənin fikrini bəyənmirəm, ancaq bunun uğrunda ölümə gedərəm”. Təsəvvür edirsinizmi? Nə yaxşı keçən il gənc intellektual, bloqqer və yazıçımız Əli Novruzov arxivdən tapdı ki, Volterin belə sözü yoxdur, onun adına çıxırlar. Yoxsa mən az qalmışdım Səyavuş Novruzovun fikirləri uğrunda ölümə gedim. Dəhşətli perspektiv idi. Volter ilə Novruzovun arasında qalmağı düşmənimə (patriotluq üçün “ermənilərə” yazaq) arzu etmərəm.
Akutaqavanın çoxüzlü həqiqəti dünən bir daha ironik şəkildə qabağıma çıxdı, xeyli güldüm.
Demək, Bakıda bir məhkəmə hakimi ilə benzin daşıyan maşının sürücüsü arasında qalmaqal yaşanır. Jurnalistlər tərəflərdən münasibətlər öyrəniblər, ortaya tam “Cəngəllikdə”ki durum çıxıbdır.
Benzindaşıyan sürücü intervüsündə deyib ki, ağır cinayətlər məhkəməsinin hakimi yolda bunu söyüb, sonra polisdə işləyən oğlunu çağırıb, birləşib ağız-gözünü əzişdiriblər.
Əlbəttə, məhkəmə hakimi və polisin belə hüququ var, biz bunu qəbul edirik. Ancaq söhbət bu qədər sadə deyil.
Sonra işi aparan müstəntiq deyib hadisənin videosu var, araşdırırıq. Hakim deyib yalandır, mənim yaşım çoxdur, adam döyə bilmərəm. (Zəif arqumentdir. Bizdə 80 yaşlı vəzifəli şəxsin vurduğu adam ölər, halbuki 25 yaşlı boksçunun zərbəsindən bəzən adama heç zad olmaz). Polis oğlunu hadisə yerinə çağırdığını da inkar edir, deyir oğlumun iş yeri uzaqdır.
Polis oğulun rəisi danışır, bu da deyir yalandır. Sitat: “Azərbaycanda günün günorta çağı polis küçədə adam döysün - buna kim inanar?” Doğrudan da. Adətən axşam çağı, ya da səhərə yaxın döyürlər. Günorta hamı “obeddə” olur.
İşıqfordan intervü alıblar, deyib həmin gün mənin qırmızı işığım xarab idi, o üzdən kimsə yanımda dayana bilməzdi.
Benzindaşıyan maşın isə içinin boş olduğunu, bu səbəbdən “Azpetrol”un icazəsi olmadan jurnalistlərə açıqlama verməyəcəyini söyləyib.
Oğul özü də intervü verir, deyir atamı döyüblər, buna görə cavab verəcəklər. Zarafat edirəm, oğul deyib sürücü yalan danışır, mən ümumiyyətlə 50 ildir atamla danışmıram. Bu da zarafat idi, qorxmayın. Bizdə mentalitetə görə ailə bağları çox güclüdür. Görürsən ata hakimdir, oğul polis rəisi, arvad da prokuror işləyir, nəticədə dövlətçilik möhkəmlənir. Hətta rayonlardan birində Ginnesin rekordlar kitabına düşən hadisə olmuşdu: nazir işləyən atasının evini oğurlayan oğulu polis qardaşı tutub prokuror əmioğluya təhvil vermişdi, işin məhkəmə istintaqını isə baba aparmışdı. Müttəhimin vəkili də bacanaq imiş. Əsl ailə podratı, qədim Şərq dəyərlərinin təntənəsi... Klassik kinolarımızdan birində deyilən kimi: “Mən qazıram, bu da montajlayır”.
Dediyim odur ki, həmin benzindaşıyan sürücünün işi çox çətin olacaqdır (artıq iki ay həbs veriblər), yazığın bəxti həm də onda gətirməyib ki, Kioto-Osaka yolunda yox, Rəsulzadə-Novxanı yolunda hakimə ilişibdir. Yəni bunun acı taleyini yazacaq Akutaqava da yoxdur.
Yeri gəlmişkən, hadisədə adı hallanan Rəsulzadə-Novxanı yolu da maraqlı yerdir. Bir növ, müxalifətimizin Rəsulzadə-Elçibəy yolunu xatırladır. Görünür, bu cür yollarda bizi həmişə bədbəxt hadisələr gözləməkdədir.
