Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarışı İdarəsinin rəisi Müzəffər Məmmədov polis general-mayoru rütbəsinə layiq görülüb.
Medianews.az saytı bunu DİN-in rəsmi internet səhifəsinə istinadla xəbər verir.
Sayt xatırladır ki, Azərbaycanda zabitlərə ali xüsusi rütbələr dövlət başçısının sərəncamı ilə verilir. Lakin belə sərəncamların bəzisi rəsmi mətbuatda dərc olunmaya da bilər.
Müzəffər Məmmədova general rütbəsi verilməsi haqda sərəncam da rəsmi mətbuatda dərc edilməyib. Lakin onun rütbəsinin artırıldığını, ali xüsusi rütbəyə layiq görüldüyünü Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsindən görmək mümkündür. Belə ki, DİN-in rəsmi internet səhifəsində Baş Cinayət Axtarışı İdarəsinin rəisi Müzəffər Məmmədov polis general-mayoru kimi təqdim olunub və səhifədə onun general rütbəsində fotoşəkli yerləşdirilib.

Prezident İlham Əliyevin Müzəffər Qəzənfər oğlu Məmmədova polis general-mayoru rütbəsinin verilməsi haqda sərəncamı 2 iyul Azərbaycan Polisi Günü ərəfəsində imzaladığını ehtimal etmək mümkündür. Belə ki, Polis Günü ərəfəsində dövlət başçısının daha bir polis zabitinin rütbəsini artırdığı - Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətovu polis general-leytenantı ali xüsusi rütbəsinə layiq gördüyü bəllidir.
Yeri gəlmişkən qeyd edək ki, DİN-in rəsmi internet səhifəsində Müzəffər Məmmədovun polis general-mayoru rütbəsində fotosu ilə eyni vaxtda ilk dəfə olaraq Süleyman Neymətovun da polis general-leytenantı rütbəsində fotoşəkli təqdim olunub.