Medianews.az
Etibarın iqtidarı, iqtidarın etibarı
647 baxış

Etibarın iqtidarı, iqtidarın etibarı

xalid kazimli kose 1
Əslində, bilə-bilə bu mövzuya toxunmadıq. Qərəzli görünəcəkdik. Çünki deputat Etibar Hüseynovla bizim, xüsusilə də bu sətirlərin müəllifinin bir neçə dəfə mətbu toqquşması olub.
 
İndi ona ictimai hücumların kütləvi xarakter daşıdığı bir vaxtda ümumi xora qoşulmaq, daha tutarlı və daha acıdıcı zərbələr endirmək mümkün idi. Etmədik. Heç bu yazıda da balta fəndləri olmayacaq.
 
Bu millətin ən bəyənilməyən xasiyyətlərindən biri yıxılanı baltalamağa çalışmasıdırsa, ən bəyənilən cəhətlərindən biri də məhz yıxılanı baltalayanları qınamasıdır.
 
Söz yox, deputatın ANS telekanalının efirində dilə gətirdiyi bəzi ifadələr təqdir olunası deyil, hər cür yozuma məruz qala və pislənilə bilər. Amma bu söhbətə ümumi planda yanaşmaq lazımdır.
 
Ölkədə hər gün üzləşdiyimiz pisliklərin hədəfini düzgün müəyyənləşdirə bilməmək problemi var. Gizlətmək lazım deyil ki, paytaxt əhalisinin xeylisi Bakıdakı problemlərin çoxunun səbəbkarı qismində qaçqın və köçkünləri görür və bunu orda-burda qırmızılığı ilə söyləyir.
 
Bu isə sırf həqiqət deyil. Ölkənin istənilən rayonundan, kəndindən yüz minlərlə insan son 20 ildə kütləvi şəkildə Bakıya axışıb. Şəhərətrafı qəsəbələrdən bir neçəsində qaçqın-köçkünlər məskunlaşıb, qalanları Ağstafadan Astaraya, Xaçmazdan İmişliyə, Neftçaladan Zaqatalaya qədər bütün ölkəni əhatə edən insanlardır.
 
Yəni problemlərə görə qaçqınlara, köçkünlərə fokuslaşmaq düzgün deyil. Torpaqların işğalında onların təqsiri məhz təklənmələrində, yetərincə hərbi yardım ala bilmələrindədir. Bunu müharibədə şəhid olanların yarıdan çoxunun Qarabağın cəmi 3 rayonunun payına düşməsi də göstərir.
 
İkincisi, istər ziyalılar, istərsə də bu və ya digər şəkildə ölkənin vitrinində olan şəxslər açıqlama verərkən hansısa bölgənin, rayonun əhalisini incidə biləcək sözləri işlətməkdən çəkinməlidirlər və sözlərini ölçüb-biçib danışmalıdırlar.
 
Deputat Etibar Hüseynovu öz ehtiyatsız, ölçü-biçisiz sözlərinə görə qınayanlar haqlıdırlar, söyüb təhqir edənlər isə haqsız. Heç kəsi təhqir etmək olmaz. Bütün xoşagəlməz söz və hərəkətlərin mütləq bir təmkinli, səviyyəli, utandırıcı cavabı var.
 
Bir cümləyə görə söyüş-təhqir kampaniyası təşkil etmək də düzgün deyil. Buraxın, adam öz səhvini anlasın, qovub-qovub divara qısnayanda nə olacaq ki? Əksinə, hansısa motivlərlə onun tərəfinə keçən və “düz deyir” deyənlərin sayı artacaq.
 
Belə görünür ki, bu münaqişədə hakimiyyət dairələri daha maraqlıdır və öz əliylə mandat peşkəş etdiyi deputatın səhvindən maksimum yararlanmağa çalışır.
 
Güman ki, 2015-ci il seçkisində E.Hüseynovun təmsil etdiyi seçki dairəsinin mandatını başqa bir adama satacaqlar.
 
Ona görə ki, seçki kampaniyaları zamanı müxalifət liderlərini yamanlayan, sərt və rişxəndli şəkildə tənqid (bəzən təhqiramiz elementlər də olur) edən E.Hüseynov bunun dışında da hərdən jurnalistliyinə salır və müstəqil mövqe nümayiş etdirməyə çalışır.
 
Ali sarayda, YAP-da isə bunu sevmirlər. Onlar mandat, vəzifə verdikləri hər bir şəxsi qolubağlı kölə kimi hər əmrə müntəzir, susqun görmək istəyirlər. Mediaya açıqlama verən, hansısa fikirlər bildirən, nəsə etməyə çalışan şəxslər avtomatik olaraq qara siyahıya düşür.
 
Etibar Hüseynov artıq həmin qara siyahıdadır. Onun dövlət başçısına sədaqətinin və müxalifətə nifrətinin dərəcəsi böyük ehtimalla onun mandatını xilas etməyəcək. E.Hüseynov qara qarğaların fonunu pozan ala qarğadır (bu, bir təşbehdir, təhqirə yozulmasın) və dəstədən dışlanmalıdır.
 
Bu aqibət hər kəsə ibrət olmalıdır. Yazıçı Elçinin “Toyuğun diri qalması” povestində deyildiyi kimi, özünü hansı tiyanın altındakı ocaqda yandırdığını bilməlisən.
 
Saray qapısından vəfadarlıq, etibar gözləmək mümkün deyil. YAP “dünənki işinə görə sağ ol, bugünkünə cavab ver” devizini əldə rəhbər tutan kommunist və komsomolçulardan ibarətdir. O, keçən dəfəki xidmətin ənamını verdiyini düşünür.
 
Gəlib çatan informasiyalara görə, E.Hüseynov yaxın günlərdə dilə gətirdiyi ifadənin bir qədər də təhrif olunmuş formasının yaratdığı ajiotajı səngitmək üçün qarabağlılardan üzr istəyəcək. Bunu ondan tələb edirlər. Həm də iki cinahdan.
 
Beləcə, onun qələmini, mikrofonunu müxalifət yox, tərifini göylərə qaldırdığı, 15 il nökərçilik etdiyi iqtidar komandası qırdı. Vaxt vardı, onunla yaşıd olan YAP-çı milyonçular kritik anlarda xarici ölkələrə “məzuniyyət”ə gedəndə o, sinəsini qabağa verib müxalifətlə deyişirdi. Ancaq ilk fürsətdə adamı baltaladılar.
 

Bizə qoşulun