Sabiq məmurdan sensasion açıqlamalar; Baş nazirin keçmiş birinci müavini özünün və ailəsinin Azərbaycandan ölümlə təhdid olunduğunu dedi: “Onlar canavar cildinə girmiş çaqallardır”, hökumətin keçmiş ikinci adamı rəsmi Bakıya Rusiya ilə münasibətlərdə vasitəçilik edə biləcəyinə dair açıq mesajlar verib
Baş nazirin keçmiş birinci mavini, Rusiyadakı Azərbaycan diasporunun liderlərindən biri Abbas Abbasov Azərbaycanda yenidən hədəfdədir. Bunu onun özü də virtualaz.org-a verdiyi müsahibəsində təsdiqləyib və sensasion məqamlar açıqlayıb. A.Abbasov müsahibəsində əvvəlcə təntənəli şəkildə istefaya göndəriləndən sonra Azərbaycanda qalmayaraq Rusiyaya üz tutmasından danışıb.
Onun sözlərinə görə, Azərbaycan hökuməti rəhbərliyindəki fəaliyyət göstərdiyi illər ərzində Rusiya rəhbərliyi, rusiyalı dövlət xadimləri ilə çox yaxşı münasibətləri yaranıb: “Onlarla işləməli və əməkdaşlıq etməli oldum. Mən Azərbaycan-Rusiya Dövlətlərarası Komissiyanın həmsədri idim. Burada mənim nəhəng imkanlarım var. Rusiyada yaşayan və Azərbaycan üçün faydalı olan bir adam kimi məndən, imkanlarımdan istifadə etmək daha doğru və daha yaxşı olmazdımı? Axı mən rusiyalı dövlət xadimlərini çox yaxşı tanıyıram, onların kabinetlərinə girib-çıxa bilirəm, onlarla yaxından dostluq edirəm. Məndən düşmən yaratmaq yox, bu şanslardan istifadə etmək, mənim bu əlaqə və imkanlarımdan Azərbaycanın rifahı və mənafeyi naminə faydalanmaq daha yaxşı olardı.
Mən Rusiyada bizneslə, qurub-yaratmaqla məşğul olmağa başladım. Axı ailəmi də dolandırmalı idim. Mənim böyük ailəm, 7 nəvəm var. Ailə üzvlərim 17 nəfərdir. Əgər Rusiyada pul qazanmaq imkanım vardısa, bundan niyə istifadə etməməli idim?! Mən Türkiyəyə də köçə bilərdim. Yeri gəlmişkən, mən Türkiyədə də biznes qurmuşam. Biznesimlə bağlı Türkiyədə tez-tez oluram. Əgər istəyirlərsə, xırda ambisiyalara əsir olub qoy mənim Türkiyədəki biznesimi də bağlasınlar. Bundan qorxmuram, çünki sağlam və enerjiliyəm, ailəmi istənilən şəraitdə dolandıra bilərəm. Mənə əngəl yaratmaq nə üçün?
İlham Əliyevlə vidalaşanda ona dedim ki, mən prezidentin və Azərbaycanın əsgəriyəm, əgər lazım gəlsə, mən lazım olsam, istənilən an Azərbaycana qayıtmağa və yenidən İlham Əliyevin əsgəri olmağa hazıram.
Siz Azərbaycandakı mövcud reallıqları məgər bilmirsiniz? Mən bu gün Azərbaycanda nə edə bilərdim? Bu yüksək vəzifədən sonra harada işləyə və ailəmi saxlaya bilərdim?”
A.Abbasov deyib ki, Azərbaycana yalnız İlham Əliyev desə qayıda bilər. Azərbaycana gəlməsinin qadağan olunması barədə isə bunları deyib:
“Bu, mənim Bakıya qayıtmağımı arzu etməyən müəyyən adamlar tərəfindən ortaya atılmış axmaq fikirlərdir. Çünki bu adamlar qorxurlar ki, mən qayıdıb yenidən İlham Əliyevlə bir sırada ola bilərəm. Mən isə prezidentin yanından heç yana getməmişəm. Yaxşı günlərdə də prezidentin yanında olmuşam, Allah eləməsin, nəsə bədbəxtlik olsa, yenə də onunla bir sırada olacağam.
Mənə və ailəmə qarşı mübarizə aparan adamların qiymətini isə tarix özü verəcək. Bilirsiniz ki, kimlərdən bəhs edirəm. Onlar canavar cildinə girmiş çaqqallardır. Ancaq onlar heç vaxt canavar ola bilməzlər. Siz gərək mənim İlham Əliyevlə bir sırada olmağımı istəməyən bu çaqqallardan yazasınız. Axı onların da ailələri var, uşaqları böyüyür. Bütün bunlardan sonra onlar necə yaşayırlar? Mən öz xalqımı, prezidentimi və vətənimi sevirəm”.
Baş nazirin keçmiş birinci müavini Rusiyada yaradılan və “Milyarderlər ittifaqı” adını alan təşkilatdan da danışıb və elə ən sensasion məqamları da bu zaman dilə gətirib:
“Bizi ayırdılar və bu qalmaqalı qaldırdılar. Bu strukturu faktiki olaraq İlham Əliyevə yaxın, qohum olan, ona böyük hörmətlə yanaşan nüfuzlu adamlar yaratdılar. Məqsəd diaspor fəaliyyətinin gücləndirilməsi və bizim Moskvadakı diaspor təşkilatlarımızın çoxunda hökm sürən amorf vəziyyətin aradan qaldırılması idi. Axı Rusiya azərbaycanlıları effektiv müdafiəyə və lobbiçiliyə ehtiyac duyurdular. Azərbaycanlıların cəlb olunduğu səs-küyü qətlləri və iğtişaşları yada salın.
Mən sənədlər paketi ilə Ramiz Ənvəroviç Mehdiyevin qəbuluna getdim. Bizim qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Yadımdadır ki, o, hələ 2004-cü ildə mənim Rusiyadakı azərbaycanlıları birləşdirə biləcək ən yaxşı namizəd olduğumu yazmışdı. Axı biz hansısa separatizmə və ekstremizmə can atmırdıq. Söhbət diaspor təşkilatlarının yenidən qurulmasından və Rusiya ilə Azərbaycan rəhbərliyi arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün güclü platformanın yaradılmasından gedirdi. Lakin başa düşəndə ki, ideya Bakıda bəyənilmədi, sənədləri rəfə qoydum və söhbət bitdi.
Bəs bundan sonra nə baş verdi? Hər cür yollarla məni və ailəmi ölümlə hədələməyə başladılar. Mesajlar göndərməyə başladılar ki, məni, oğullarımı, qohumlarımı, bütün ailəmi öldürəcəklər. Mənimlə quldur dilində danışmağa başladılar. Bundan sonra mən Azərbaycana getdim və bu haqda İlham Əliyevin ətrafında olan adamlara danışdım. Mən onlara birbaşa dedim: “Bu nə özbaşınalıqdır?” Prezidentlə görüşmək və təhdidlər barədə ona danışmaq istəyirdim. Lakin prezident məşğul idi.
Və sonra prezident məni qəbul etdi. Vahid Yusifoviç Ələkbərov çox sağ olsun. O, prezidentin də dostudur, mənim də dostumdur, məni prezidentin qəbuluna apardı və İlham Əliyev özü mənim “AzerRos” Ağsaqqallar Şurası sədrliyinə namizədliyimi irəli sürdü. Mənim bundan sonrakı fəaliyyətimdə prezidentin kursuna və siyasətinə zidd olan nə vardı? Pis nə demişdim? Mən bütün Rusiya azərbaycanlılarının inteqrasiyasına və konsolidasiyasına çağırdım. Bizim iclaslarımızın bütün materiallarını və stenoqramlarını verə bilərəm.
Bundan sonra yeni gözdənsalma kampaniyası başladı. Və mən yenidən etiraz etdim, açıq soruşdum ki, sizin Rusiyadan başqa probleminiz yoxdurmu”.
A.Abbasov Prezidentin İşlər İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Akif Muradverdiyevlə Moskvadakı görüşündən də danışıb:
“Onda mən Vladimir vilayətinin qubernatoru Orlova Svetlana Yuryevna ilə görüşə gedirdim. Tək deyildim, Ramazan Abdulatipovla birlikdə idim. Biz onu təbrik etmək istəyirdik, həm də bizim orada birgə layihəmiz var idi. Və dostum Telman İsmayılova məxsus olan ”Praqa” restoranı ilə eyni binada yerləşən ofisimdən çıxanda birbaşa giriş qapısının ağzında Akif Muradverdiyevi gördüm. Onunla görüşdük, salamlaşdıq. Onu çox yaxşı tanıyıram. Akif Muradverdiyev Heydər Əliyevə, İlham Əliyevə və Ailəyə sadiq olan təmiz adamlardan biridir. O mənə dedi: “Abbas Aydınoviç, səninlə söhbətim var”. Ona dedim ki, ezamiyyətə tələsirəm, ancaq səni dinləməyə hazıram.
Akif Muradverdiyev ağır güzəranından şikayətlənməyə başladı. Dedi ki, uşaqları işləmir, özü həbs olunub və prezidentin humanistliyi sayəsində vaxtından əvvəl azadlığa çıxıb. Məndən xahiş etdi ki, oğlunu Moskvada işə düzəldim. Sözlərindən belə başa düşdüm ki, məndən əvvəl Telman İsmayılovun evində olub və ona da eyni xahişlə müraciət edib. Ona dedim ki, oğlunu işə düzəltməyə çalışaram. Sonra o, mənə dedi ki, bir neçə ili həbsxanada necə keçirib və prezidentin sayəsində azadlığa çıxıb. Bununla bağlı ona dedim: “Sən görmürsən ki, mənə qarşı nə edirlər? Məndən İlham Əliyevə necə düşmən düzəldirlər? Sən bu adamlardan nə gözləyirsən?”
Sonra eşitdim ki, onu yenidən həbs ediblər. Axı niyə? O, ədalətli və təmiz adamdır. Ağır xəstədir. Allah eləsin onu tezliklə azadlığa buraxsınlar. Ancaq onlar heç bir xüsusi münasibətlərimiz olmayıb. Adamdır, xahiş edib. Nə etməli idim, dönüb getməli idim?
Yaxud Nicat Quliyevin (ötən il həbs olunmuş sabiq xarici iqtisadi əlaqələr naziri-red.) həbsini götürək. Guya onun bağ evindən mənim üstündə “Abbasik” yazılmış şəklim çıxıb. Qulaq asın, mən bu Nicat Quliyevi 15 ildir görmürəm. Bunu onun ətrafında olan adamlardan, qohumlarından, nəhayət, özündən soruşa bilərsiniz”.
***
A.Abbasovun özünün də dediyi kimi, ona qarşı təzyiq və təhdidlər 2012-ci ilin sonlarında Rusiyada “Milyarderlər İttifaqı”nın yaradılmasından və onun bu təşkilatın rəhbərliyinə gətirilməsindən sonra başlayıb. O zaman mətbuat bu barədə yazanda A.Abbasov və deputat olan oğlu Aydın Abbasov bunu təkzib eləməyə, məsələnin üstünü ört-basdır eləməyə çalışırdılar. Ancaq indi A.Abbasovun dediklərindən belə məlum olur ki, məsələ mətbuatın yazdığından daha ciddi imiş. Hətta baş nazirin sabiq birinci müavini və ailə üzvləri can təhlükəsi ilə üzləşiblərmiş. A.Abbasov və oğlu bu barədə birmənalı açıqlamalar verməsələr də, başqa yaxınlarının dili ilə onlara qarşı ciddi təzyiqlərin olduğunu bildirirdilər.
Məsələn, 2013-cü il martın 28-də Gəncədə “Qoçu” ləqəbi ilə tanınan nüfuzlu iş adamı, A.Abbasovun qohumu Qoca Quliyev həbs olundu. Gəncə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (MCQMİ) əməkdaşları saxlanılan Q.Quliyevin üzünə qaz vurub, başına maska keçirərək idarəyə apardılar. Rəsmi açıqlamada onun qanunsuz silah gəzdirməyə görə həbs olunduğu bildirilsə də, Q.Quliyevin həyat yoldaşı dəfələrlə bu həbsin A.Abbasovun qohumu olduqlarına görə həyata keçirildiyini bəyan edib.
Bunun özü A.Abbasov və onun çevrəsinə ciddi basqıların olduğundan xəbər verirdi.
Hətta onun deputat oğlundan mandatını təhvil verməsinin tələb olunduğu bildirilirdi.
Bu təzyiqlərdən sonra A.Abbasov ad çəkmədən Azərbaycan məmurlarına xitabən sərt bəyanatla çıxış etdi. Baş nazirin sabiq müavini hətta seçkilərlə bağlı da danışdı. Həmin bəyanatda deyilirdi: “Doğrudanmı sizin özünüzü seçkiqabağı mübarizədə göstərmək üçün başqa vasitələriniz qalmayıb? Siz çalışırsınız ki, Rusiyadakı azərbaycanlıların da haqları sizin ”səyləriniz” sayəsində tapdalansın? Ona görə də onlardan əlinizi çəkin!
Korrupsiya və işsizlik kimi kəskin sosial problemləri həll etmək, ölkəni keyfiyyətli təhsil və tibbi yardımla təmin etmək əvəzinə onlar Rusiyanın qismində özlərinə düşmən uydurublar”.
Bundan sonra prezident seçkiləri ərəfəsində İlham Əliyevi dəstəkləməsi ilə bağlı bəyanatlarla çıxış edən A.Abbasova qarşı təzyiqlər səngisə də, indi onun açıqlamalarından görünür ki, sabiq məmur çox ciddi şəkildə yenidən hədəfdədir. Hətta ölümlə belə təhdid olunub.
A.Abbasovun hansı Azərbaycan məmurları tərəfindən ölümlə təhdid edilməsi barədə konkret fikir yürütmək mümkün olmasa da, onu demək olar ki, Rusiyaya çox bağlı olan bu şəxsi hansısa adi məmur belə açıq təhdid edə bilməz. Görünür ki, məsələ çox ciddi dairələrə gedib çıxır. A.Abbasov isə məsələni bu qədər açıq şəkildə gündəmə gətirməklə bəlkə də özünə və ailəsinə həyat sığortası qazanmaq istəyir. Hər halda, A.Abbasov kimi bir şəxsin bu cür təhdid olunması çox ciddi hadisədi.
Onun bu məsələləri indi açması, belə ötkəm bəyanatlar verməsi də təsadüfə oxşamır. Kremlin əsas adamlarından sayılan Abbas Aydınoviç Putinin Krımı işğal etdiyi, Rusiya prezidentinin dünyanın əsas güclərinə barmaq silkələdiyi bir vaxtda bu cür ötkəm danışmaqla sanki Azərbaycandakı bəzi ünvanlara mesaj vermək istəyib.
O, müsahibəsində həmçinin “məndən düşmən yaratmaq yox, mənim Rusiyadakı bu əlaqə və imkanlarımdan Azərbaycanın rifahı və mənafeyi naminə faydalanmaq daha yaxşı olardı” söyləməklə açıq şəkildə işarə verib ki, Kremllə Bakı arasında vasitəçi ola bilər. Azərbaycan iqtidarını Putinin qəzəbindən qurtara bilər.
Maraqlıdır, rəsmi Bakı A.Abbasovun bu təklifinə necə reaksiya verəcək? Onun imkanlarından istifadə edəcəkmi? Yaxın tarixdə bu suallara cavab tapılacaq.
Mövzuya qayıdacağıq.
Musavat.com