Baş nazirin keçmiş birinci mavini, Rusiyadakı Azərbaycan diasporunun liderlərindən biri Abbas Abbasov Azərbaycanda yenidən hədəfdədir.
Ekspertlər onun Kremlyönlü siyasətçi, gah Qarabağı Rusiyanın tərkibinə birləşdirməyə çağıran, gah da Azərbaycan xalqını təhqir edən Vladimir Jirinovskinin son səs-küylü bəyanatlarına reaksiya verməməsindən hiddətlənir.
Haqqin.az və virtualaz.org saytları hələ bir neçə həftə əvvəl A.Abbasovun mətbuat xidmətinə müraciət edərək ondan müsahibə götürmək xahişini çatdırmışdı. Son hadisələr bizim təşəbbüsümüzü sürətləndirdi.
A.Abbasovun oğlu, Milli Məclisin deputatı Aydın Abbasovun dəstəyi ilə biz onunla əlaqə yarada bildik. A.Abbasov bizim bütün suallarımıza cavab verdi. Gözlədiyimizin əksinə olaraq söhbətimiz xeyli uzun, məzmunlu və gərgin, eyni zamanda kifayət qədər maraqlı alındı.
Görünür, bütün bu müddət ərzində Abbas Abbasova ünvanlanası çox suallar yaranmışdı. Eləcə də onun özünün verəcəyi cavablar çox idi.
Beləliklə, Abbas Abbasovla müsahibənin ikinci hissəsini oxuculara təqdim edirik (müsahibənin birinci hissəsi ilə bu linkdə tanış ola bilərsiniz:
https://medianews.az/2014/03/21/abbas-abbasov-rusiyaya-kremle-toxunmayin/
II HİSSƏ
-Abbas Aydınoviç, ancaq elə dünən (martın 18-də-red.) Qarabağda Krımı dəstəkləmək üçün yerli hökumət səviyyəsində konsert-mitinq təşkil edilmişdi. Rusiyada bunu təsadüf sayırsınız? Digər tərəfdən, deyirsiniz ki, biz Rusiyadan düşmən obrazı yaradırıq. Axı Rusiya özü Ermənistanda baza yerləşdirib, hərbi-strateji müttəfiqliyini möhkəmləndirib. Bəlkə Rusiyanın Azərbaycana münasibəti heç səmimi deyil?
– Artıq 9-cu ildir Moskvada yaşayıram. Bu müddət ərzində nə prezident Vladimir Putinin, nə də nazirlərin və digər iri məmurların dilindən Azərbaycan barədə mənfi fikir, söz eşitməmişəm. Təkrar edirəm, mən Rusiyanın ali rəhbərliyinə daxil şəxslərlə ünsiyyətdə oluram, amma Rusiyanın Ermənistanı dəstəklədiyini heç vaxt eşitməmişəm. Rusiyanın Qarabağı özünə birləşdirmək istədiyini isə heç eşitməmişəm. Bunu başa düşün, separatizm Rusiyanın özünü də boğaza yığıb. SSRİ Qarabağ məsələsinə görə və Ermənistan rəhbərliyinin günahı üzündən dağıldı. Bunu Rusiyada da çox gözəl bilirlər. Burada Putinlik nə var ki? Hə, nə olsun ki, bu xəstə Jirinovski Qarabağı ermənilərə verməyin lazım olduğunu deyir?! Bunun Rusiya rəhbərliyinə nə dəxli var?
Belə məsələlər çox asan yolla həll edilir. Azərbaycan prezidenti İlham Əliyev dəstəyi götürüb Vladimir Putinə zəng vurur. Yaxud Moskvaya gəlir. Fikir verin, bizim prezidentin Rusiyaya rəsmi səfəri gör nə vaxtdan olmayıb. Elə Putin də Bakıya yalnız prezident seçkiləri ərəfəsində getmişdi. Heç kim gəlmir, heç kim maraqlanmır.
Ermənilərə gəlincə isə onlar boş-boşuna əlləşəcəklər. Yer üzündə ikinci erməni dövləti heç vaxt olmayacaq. Buna heç kim icazə verməz. Rusiyada 1 milyona yaxın azərbaycanlı yaşayır və bizim rus xalqı ilə çox səmimi münasibətlərimiz var. Biz burada bostan gözətçisi deyilik, əlimizi yanımıza salıb boş oturmamışıq. Doğrudanmı sizə elə gəlir ki, biz öz millətimizi, vətənimizi, Qarabağı sevmirik və tarixi torpaqlarımızı sakitcə güzəştə gedəcəyik? Belə bir şey olmayacaq! Aramızda hətta hansısa anlaşılmazlıq olsa belə bizim milli özünüdərk hissimiz Azərbaycana düşmən qüvvələr qarşısında geri çəkilməyimizə imkan verməz. Bu, azərbaycanlılardan ötrü həyat amalı, həyat meyarıdır. Rusiya da heç vaxt nə Qarabağa, nə də Azərbaycana soxulmayacaq. Rusiya Azərbaycana öz strateji tərəfdaşı kimi baxır. Belə fikirləri Rusiya ilə Azərbaycan, iki ölkənin prezidentləri arasındakı münasibətlərin çox yüksək səviyyəsinə paxıllıq edən qüvvələr yayır. Bu iki ölkə özlərini dalana niyə salsınlar ki? Dost olmaq və biri-birinə hörmətlə yanaşmaq lazımdır.
-Sizin sözlərinizdən belə çıxır ki,-mən məhz bu qənaətə gəlirəm,- Rusiya-Azərbaycan münasibətlərində problem də olmasa hər halda hansısa anlaşılmazlıqlar var. Deyirsiniz ki, rəsmi səfərlər yoxdur, məmurlar Moskvaya getmir. Sizi dinləyərkən məndə elə təəssürat yaranır ki, günah Azərbaycan tərəfdədir. Səhv etmirəm ki?
-Mən bu gün Azərbaycan diasporu daxilində yaranmış vəziyyəti təhlil etmək istəmirəm. Sizi mütləq Moskvaya dəvət edəcəyəm ki, daha əsaslı, daha dərindən söhbət edək. Amma indilik bizim diaspor icmasında yaranmış problemli vəziyyəti böyük təəssüf hissi ilə vurğulamaq istəyirəm. Bu, düzgün deyil. Abbas Abbasov xoşunuza gəlmirsə, başqa namizəd təklif edin. Hərçənd ki, məni bu vəzifəyə İlham Əliyev şəxsən özü məsləhət bilib. Amma bu gün qardaşım İlham Əliyevə mənim haqqımda hər cür pis sözlər çatdırırlar. Vaxt gələcək, prezident də biləcək ki, bunların heç biri həqiqət deyil. Onlar mənim İlham Əliyevlə yaxınlaşmağımdan təşvişə düşdülər. Vahid Ələkbərovla mən iki dəfə Bakıya, prezident İlham Əliyevlə görüşməyə gəldik. Və onlar öz strateji mövqelərini itirməkdən qorxdular. Onların çirkin niyyətləri var. Mən prezidentə açıq dedim ki, bir vaxtlar Heydər Əliyev tərəfindən yaradılmış Ümumrusiya Azərbaycanlıları Konqresi artıq öz dövrünü başa vurub və yeni zamanın tələb və reallıqlarına cavab vermir. Orada heç bir iş aparılmır. Bu təşkilat yalnız hansısa məişət məsələlərinin həlli ilə məşğul olur. Təklif etdim ki, bu təşkilata mən rəhbərlik edib onu dirçəltmək üçün əlindən gələni edim. Axı mən Heydər Əliyevin məsləkdaşıyam. O, mənim üçün kumir idi və kumir olaraq da qalır. Amma mənə etibar eləmədilər. Nə edə bilərdim? Bundan sonra özümü necə aparmalı idim? Siz məndən nəyə görə düşmən obrazı yaradırsınız? Müstəqil Azərbaycan dövlətinin yaranıb formalaşmasının ən ağır illərində mən öz xalqıma və Heydər Əliyevə xidmət etmişəm. Özü də bunu özümə borc bilmişəm. Ən məsul və ağır vəzifələri yerinə yetirmişəm. İndi bunların hamısının üstündən necə xətt çəkmək olar? Bunları necə unutmaq olar?
Azərbaycanda 3-4 adam mənim düşmən obrazımı yaratmağa çalışır. Mənsə öz xalqıma, dövlətimə və İlham Əliyevə heç vaxt düşmən olmayacağam. Bunu heç kim görməyəcək. Amma bu adamlar hələ də ayağımın altını qazmaqda davam edirlər…
Məni düzgün başa düşün. Oğlum deputatdır, iki çağırışdır Milli Məclisin üzvü seçilir. Mənim ailəm, uşaqlarım və nəvələrim, qohumlarım, köklərim, valideynlərimin məzarı Azərbaycandadır. Belə şeylər məni ağrıdır. Mən uşaq deyiləm, 65 yaşım var. Eynulla, niyə belə eləyirsən? Məni siz yetişdirib formalaşdırmısınız? Məni Azərbaycan xalqı yetişdirib formalaşdırıb. Özü də ona görə yox ki, siz məndən düşmən yaradasınız. Ondansa mənim potensial və imkanlarımdan Azərbaycan xalqının rifahı üçün istifadə edin. Məndən satqın obrazı yaratmağa da son qoyun…
Azərbaycan diasporunun dərin böhran içində olması heç kimə sirr deyil. Məsələn, mən belə hesab edirəm ki, İlham Əliyev kaş Vahid Ələkbərovu Bakıya dəvət edəydi, o da Azərbaycanın inkişafına öz töhfəsini verəydi. Burada belə güclü şəxsiyyətlər, təcrübəli və hörmətli insanlar bilirsiniz nə qədərdir. Onlar Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edə bilərlər.
Bunu sizə açıq deyirəm. İndi mən hər hansı artıq söz deməyə çəkinirəm. Çünki ailəmə, uşaqlarıma, yaxınlarıma təzyiqlər başlayacaq. Mənim sözlərimi niyə kontekstdən çıxarıb cəmiyyətə təhrif olunmuş formada təqdim edirlər? Mənə inanın, cəmiyyət Abbas Abbasov barədəki yalanları qəbul etmir. Qəbul etmir! Axı mən hansısa kəşfiyyatçı deyiləm. Mən bura öz millətimi ləyaqətlə təmsil etmək üçün gəlmişəm. Burada alimlərlə, ziyalılarla görüşürəm. Onlar mənə suallar verirlər, soruşurlar ki, Bakıda sənə qarşı niyə belə kampaniya aparırlar.
Bu, nə yalandır danışırlar ki, guya mən Bakıda dövlət çevrilişi eləmək, Rüstəm İbrahimbəyovu hakimiyyətə gətirmək, özüm isə kölgədə gizlənib dövləti altdan-altdan idarə etmək istəyirəm? Bunlar o qədər sərsəm, o qədər absurd fikirlərdir ki, hətta adamın ağlına da batmır.
-Bir tərəfdən deyirsiniz ki, İlham Əliyevin dostu və qardaşısınız, Heydər Əliyevin tərəfdarı və məsləkdaşı olmusunuz. Digər tərəfdən isə İlham Əliyevi və indiki hakimiyyəti devirmək niyyətini gizlətməyən Rüstəm İbrahimbəyovla eyni təşkilata daxil olursunuz. Əgər siz doğrudan da İlham Əliyevin yaxın dostusunuzsa, onda Rüstəm İbrahimbəyovun bu hərəkətlərini niyə açıq şəkildə qınayıb tənqid etmədiniz? Onu prezident seçkiləri ərəfəsində bu siyasi avantürasını dayandırmağa niyə çağırmadınız?
-Hər kəs prosesləri bir cür görür. Rüstəm İbrahimbəyov 76 yaşın içindədir. Ona yol göstərməyə haqqım yoxdur. Mən İbrahimbəyovu başqa cür düşünməyə necə məcbur edə bilərəm? Azərbaycanda, sizin əhatənizdə də İlham Əliyevi tənqid edən adamlar var. Bəs siz onlarla niyə döyüşmürsünüz? Onların çıxışlarının, tənqidlərinin qarşısını niyə almırsınız?
Necə bəyəm, Rüstəm İbrahimbəyov məgər Azərbaycan xalqının düşmənidir? Siz Moskvaya gələndə mən bu tarixçəni sizə ayrıca danışaram. Bakıya necə gəldim, orada müəyyən adamlarla necə görüşdüm, onlardan bu məsələni yoluna qoymaq xahişini prezidentə çatdırmaqlarını necə rica etdim – bütün bunları danışacağam. Rüstəm İbrahimbəyov İlham Əliyevə yox, ona qarşı mübarizə aparmağa başlayan quruma qarşı qəzəblidir. Axı İbrahimbəyovu elə onlar özləri tərifləyirdilər, deyirdilər ki, o, istedadlı yazıçıdır, görkəmli adamdır. Onu niyə aşağıladılar? İnsanları aşağılayıb təhqir eləmək nəyə lazımdır? Bu insanın dünya dolusu şöhrətindən istifadə eləmək daha yaxşı olardı, yoxsa hər şeyi kanalizasiyaya buraxmaq yaxşıdır? Mən ikiüzlü adam deyiləm. İbrahimbəyovun bəzi fikirləri və mövqeyi ilə razı deyiləm. Amma istənilən nəticənin səbəbi var. Bu hadisələr niyə və necə baş verdi? Sizə söz verirəm, bu tarixçənin bütün təfərrüatlarını, oradakı şəxsləri adbaad danışacağam. Bütün bunlar bir parça torpaq üstdə oldu!
-Bu, axı hamıya məlumdur. Rüstəm İbrahimbəyovu bu hakimiyyətlə mübarizəyə qaldıran əsas səbəb haqda elə mən özüm də dəfələrlə yazmışam. Tamamilə doğrudur, o, öz ideal və dəyərlərindən ötrü yox, bir parça torpağa görə müxalifətə keçdi…
-Bəli, mən prezidentə yaxın yoldaşların birinə dəfələrlə dedim ki, həmin torpağı verin, qoy nə tikirlər tiksinlər. Dedim bu da prezidentin himayəsi və dövlətin qayğısı sayılar və İbrahimbəyov da prezidentə minnətdar olar. Bəs bu adamlar neylədilər? Onlar isə İbrahimbəyovu hakimiyyətə qarşı qoymaq üçün əllərindən gələni elədilər, vəziyyəti gərginləşdirdilər, ehtirasları coşdurdular. İbrahimbəyovla dəfələrlə danışmışam. Məni düz başa düşün, mən Heydər Əliyev kursunun və bu kursun davamçısı İlham Əliyevin xəttinin tərəfdarı olaraq qalıram. Bəs onda mənə qarşı olan bu çirkin əməllər haqda niyə danışmırsınız? Mənə çirkab atmağa niyə şərait yaradır, imkan verirsiniz? Eynulla, bu sualı sənə verirəm! Niyə? Çünki mənim haqqımda sən özün yazmısan. Məni sən özün tərifləmisən.
-Siz yəqin ki, mənim 2004-cü ildə “Monitor” jurnalında dərc olunmuş yaddaqalan “Möhkəm qoz” adlı yazımı nəzərdə tutursunuz. Həmin məqalədə mən sizin istefanızı öncədən proqnozlaşdırmış və yazmışdım ki, siz çox xarizmatik, güclü və istedadlı siyasətçisiniz. Mən bunu həmişə təkrar-təkrar demişəm və həmin fikirlərimdə də qalıram…
-Bəli, bəli, həmin yazını nəzərdə tuturam. Mən bəyəm Ayaz Mütəllibovu satmışam? O məsələyə niyə toxunursan? Elçibəyin məzarını niyə yada salırsan? Mənə izah edin görüm sizin başqa probleminiz yoxdurmu? Bu sabiq prezidentlər bizim tarixin bir parçasıdır. Onlar öz tarixi missiyalarını yerinə yetiriblər. Siz bunu heç bilirsinizmi ki, mən Heydər Əliyev barədəki istənilən ehtiyatsız sözü, fikri necə süngü ilə qarşılayıram?! Məsələ qalmaqala qədər şişir. Ona görə deyirəm ki, keçmişi qurdalamaq lazım deyil.
Moskvada yeni Bakının gözəlliyindən danışanda mən bununla fəxr edirəm, ölkəmlə qürur duyuram. Bu, bizim müstəqil dövləti yarana və möhkəmləndirən şəxslərin xidmətləridir. Biri çıxıb Mütəllibovu, başqası Elçibəyi tənqid edir. Axı bu adamlar öz tarixi missiyasını başa vurub. Missiyalarını pis yerinə yetiriblər, yoxsa yaxşı yetiriblər – bu, artıq başqa məsələdir. Ola bilər şərait onlara imkan verməyib, ola bilər gücləri çatmayıb. Unutmaq olmaz ki, onların dövründə tarixi şərait, zəmanə başqa idi. Ola bilər ki, həm Mütəllibovun, həm də Elçibəyin dövlətin maraqlarını və öz siyasi mənafelərini qorumağa gücləri çatmayıb. Hərçənd ki, onların öz maraqları haradasa yox kimi idi.
Mən Mütəllibovla da işləmişəm, Elçibəylə də, Heydər Əliyevlə də işləmişəm, İlham Əliyevlə də. Öz postumdan da könüllü getmişəm, öz arzumla getmişəm. Çünki anladım ki, 15 il su da bir yerdə qalsa iylənər. Anladım ki, getmək lazımdır, gənclər gəlməlidir. 80-ə yaxın yaşı olan adamlar öz kabinetlərində otururlar. Nə vaxta qədər oturacaqlar? İmkan verin qoy yeni nəsil, gənclər gəlsin. Mən bu cür adamların məntiqini abşa düşə bilmirəm. İndi çox sevinirəm ki, Azərbaycanda indi gənc nəslin nümayəndələri də hakimiyyətdə yüksək postlar alır, nazir vəzifələrini tuturlar. Gənclərin irəli çəkilməsi yeni enerji, təzə ideyalar, ölkənin konseptual problemlərinin həllinə yeni yanaşmalar deməkdir. Mən prezident İlham Əliyevin bu təşəbbüsünü ürəkdən alqışlayıram.
-Sizin istefa verəndən sonra qəbul etdiyiniz bir qərar Azərbaycanda çoxunda hələ də suallar və anlaşılmaz hisslər doğurur. Sizi istefaya fəxri şəkildə, təntənə ilə göndərdilər. Prezident özü sizi şəxsən qəbul etdi, yüksək mükafat verdi. Amma siz Azərbaycanda qalmayıb Moskvaya köçdünüz. Niyə Bakıda qalmadınız? Bəlkə kimsə sizin Azərbaycanda qalmağınızı istəmədi, buna maneçilik törətdi?!
Davamı olacaq