Lökbatanda qazla boğulma hadisəsindən sonra bir çoxları tələb edir ki, “Azəriqaz” rəhbərliyi cəzalandırılmalıdır. Həqiqətən, 100-dən çox adamın zəhərlənməsi, azı 1 nəfərin ölümünə görə cəza olmalıdır. Şübhə etmirik ki, bu cəza olacaqdır. Ancaq dövlət vəsaitlərinin səmərəsiz yerə israf edilməsinə görə.
Özünüz baxın, o boyda qaz binalara buraxılıb, lakin ölü sayı cəmi 1 nəfərdir, zəhərlənənlər isə 100 nəfərdən bir az artıq. Bizə bu yaraşarmı? Yaraşmaz. Rövnəq müəllim gərək evlərə qazın buraxılmasını daha yaxşı təşkil edəydi. Misal üçün, zarin qazı buraxmaq olmazdımı?
Bu, gələcək təcrübələrdə də əhalinin dövlətçiliyə hörmətsiz yanaşmasına səbəb olacaqdır. Məsələn, hazırda “Sovetski” gettosunda yaşayan yəhudilərin üzərində iş gedir. Şanlı nasional-demokrat hökumətimiz çalışır ki, bu adamları nəsə birtəhər harasa yerləşdirsin. Orda getto nümayəndələri ilə görüş zamanı reyxsoberşturmbanfürer Abid Şərifov müəllim açıq dedi ki, kim istəsə 1500 manatdan kompensasiya verək, cəhənnəm olsunlar. Yadınıza salım, 1930-cu illərdə almanlar da yəhudilərə belə humanist yanaşırdılar, məsələn, dövlət büdcəsinə müəyyən qədər pul ödəyən yəhudiyə xaricə köçməyə icazə verilirdi. İndi bizim hökumət görün nə qədər humanistdir ki, nəinki “Sovetski” sakinlərindən pul alır, hətta onlara pul verir, deyir rədd olun gedin.
Hələ Abid müəllim hökumət adından deyib ki, kim pulun miqdarı ilə razı deyilsə, məcbur köçürdülməyəcək. Guya orda kommunikasiyalar qarışıq imiş, “Allah eləməmiş, bir hadisə olsa heç bilmirik əraziyə necə girək” (sitat Abid əkədəndir), ona görə camaatı köçürmək istəyirlər. Heç bilinmir camaatı qovandan sonra ərazidə nə tikəcəklər – plan yoxdur.
Hadisə Lökbatanda olandır, Abid əkə. Siz indiyə qədər “Sovetski”də hər hansı humanitar fəlakət, texnogen faciə haqda eşitmisiniz? Yox. Çünki olmayıb. Ancaq hökumət ora girəndən sonra olacaq, şübhə etməyin. Köçməyənlərin evini yandırmaq, buldozerlə böyrünü eşib qəzalı duruma salmaq kimi qəsdlərə gedəcəklər. Qazı, suyu, işığı kəsəcəklər. Camaat da məcbur olub ev-eşiyindən didərgin düşəcək. Yapokratiyanın bu sahədə “zəngin” təcrübəsi var.
Elə xalqımız da bu cür namərd hərəkətlərə, kiməsə badalaq vurmaq, kiminsə evini yıxmaq işlərinə tarixən həvəslə qoşulubdur. Hətta 1937-38-ci illər repressiyasına aid sənədlər var, Azərbaycandan Stalinə məktub yazırlar ki, bəs plana görə 5 min adamı güllələdik, istəyirsinizə üstəlik 5 min adam da qıraq. Zalıma yaltaqlanmaq, zülmkarın gözünə (təkcə gözünə yox) girmək bizdə peşəkarlıq sayılır, analar uşaqlarına öyüd verəndə, süd verəndə bunu məsləhət görürlər.
Sözümün canı odur ki, Lökbatana qaz buraxınca bunu “Sovetski”yə buraxmaq olmazdımı? Həm binaları sökməyə bəhanə olardı, həm də xeyli əhali kompensasiya almadan o dünyaya yola salınardı. “Azəriqaz” rəhbərliyi cavab verməlidir.
Ümumiyyətlə, bizdə son vaxtlar dövlət tədbirləri nədənsə tərsəməzhəb həyata keçirilir. BDU-da tələbələr üsyan elədilər, ancaq “Narxoz”un və “Slavyan”ın rektorları işdən çıxarıldı. Bütün dünyada adında “cəbhə” sözü olan qurumlar haranısa dağıdır, ancaq bizdə hökumət Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahını qaz balonu ilə partlatdı.
Sonda qeyd edim ki, əhalini qazla boğmaq üçün Adolf Eyxmanın məşhur avtomobil icadından yararlanmaq da olar. Camaat marşrut avtobusunda harasa gedəndə avtomobilin tüstü borusunu elə quraşdırırsan ki, zəhərli qazlar salona dolur. Qapı-pəncərəni də kip bağlayırsan, axırıncı dayanacaqda xeyli vətəndaş o dünyaya uçur. Bunu da gərək Ziya müəllim eləsin. Hamısını Rövnəq müəllim, Abid müəllim, Eldar müəllim, Ramil müəllim eləyəsi deyil ki…