Srağagün gecə son 6-7 ildə yazdığım hekayələri sistemləşdirəndə (kitab üçün) gözümə bir başlıq dəydi: “Jurnalistin şalvarını niyə çıxarırdılar”.
Gündəmlə səsləşən o satirik-yumoristik hekayəni yenidən oxudum. Hekayədə söhbət bir şirkəti şantaj edən reket “jurnalist”dən gedir. Adamı “5 min manat verəcəyik, gəl apar” deyə aldadıb şirkətə çağırırlar, qapıdan içəri girən kimi şalvarını çıxarmaq istəyirlər. O da özünü ora-bura çırpır, müqavimət göstərir. Reketi yaxşıca döyürlər, şəlpə kimi yerdə sürüyürlər, amma o, hər halda şalvarının çıxarılması biabırçılığından qurtulur. Hətta o, şirkətin qabağında saxladığı maşınına əliboş, döyülmüş, təzə kostyumu cırılmış və döşəmə cındırına dönmüş halda qayıtsa da, ümumi nəticədən məmnun qalır - sırf ona görə ki, şalvarını belində saxlaya bilib.
Yəni şalvar kişi xeylaqları üçün strateji məsələdir. Keçmiş kişilər papaq məsələsində necə həssas olublarsa, indiki kişilər də şalvar məsələsində o dərəcədə həssasdırlar.
Amma o gün bir xəbər yaz şimşəyi kimi çaxdı getdi. Deyirdilər ki, şalvarçıxarma flaşmobu olacaq, guya bir dəstə gənc ictimai nəqliyyatda qəfildən şalvarlarını çıxaracaqlar və aksiya keçirəcəklər.
Xalqımız bu xəbərdən çox qeyzlənmişdi, hətta bir sıra gənclər sovet dövründəki kimi könüllü drujinalar yaradaraq, şalvar çıxaranlara qarşı sərt davranacağına eyham edən polislərlə kömək etmək fikrindəydilər.
Şəxsən mən özüm ictimai yerdə şalvar çıxarmağa qarşıyam. Amma “kimin hünəri var, şalvarını çıxarsın, onu belə basıb döyəcəyik, elə vurub yıxacağıq” deyə özünü dəhşətli dərəcədə təhqir olunmuş kimi aparan mentalitet qoruqçularının təhdidlərini də yanlış sayıram.
Birincisi, kimsə şalvarını çıxarıb tumanda qalacaqsa, sənin də bundan xoşun gəlmirsə, üzünü döndər, get. Yox, adam tumanını da çıxarırsa, bu, artıq xuliqanlıqdır və bu işə yalnız polis baxmalıdır. Heç kəsin haqqı yoxdur ki, şalvar çıxaranları döysün və ya zorlamaqla hədələsin (sosial şəbəkədə belə təkliflər, təhdidlər də vardı, hətta bəzi xanımlar təklif edirdilər ki, o gənclər şalvarlarını çıxarmışkən onları zorlamaq lazımdır).
İkincisi, şalvarçıxarma kimi abırsız və təhlükəli işə risk edənlər yəqin o qədər də əfəl uşaqlar deyillər ki, kimsə onları asanca əzişdirsin. Ola bilər, ciddi müqavimət göstərərlər. Prinsipcə, şalvarsız halda təpik atmaq daha asandır.
Üçüncüsü, bu ölkədə adamların könüllü şəkildə şalvarlarını çıxarmasından daha biabırçı, təhqiramiz xüsusatlar da olub və əslində onlara qeyzlənmək lazımdır. Məsələn, durduğu yerdə evi başına uçurulmuş, əynindəkindən başqa bütün şalvarları dağıntının altında qalmış minlərlə insan olub. Özünə televiziya vasitəsilə varlı sponsor-məşuq axtaran xanım və kişi müğənnilərin şəhvətli baxışlarla ekrandan “gəl-gəl” deyən jestlər sərgiləməsi, sözlər söyləməsi şalvar çıxarmaqdan daha rüsvayçı hərəkətdir. Amma yüz minlərlə adam nəinki onları qınayır, hətta ağızlarını ayırıb heyran-heyran baxır.
Yadıma bir epizod düşür. 2001-ci ilin fevralıydı, qazilər aksiya keçirirdilər, axırda hakimiyyət hiddətləndi. Binəqədinin o vaxtkı rəisi Cavadağa Sultanovun başçılığı ilə polislər tökülüşüb qaziləri döydülər, Cavadağa əlillərdən birini şəxsən təpikləyirdi (o kadrlar ANS-in arxivində olmalıdır). Üç-dörd polis isə bir qazinin ayaqlarını yerdən üzüb aparırdılar. Onlardan biri qazinin kəmərini açmışdı və ciddi-cəhdlə adamın şalvarını əynindən çıxarmağa çalışırdı. Sonralar aksiyalarda bir neçə bu cür epizodlar oldu. Əmri kim verirdisə, bəzi aksiyaçılara elə küçədəcə şalvarçıxarma fəndi tətbiq edirdilər.
Məncə, öz şalvarlarını könüllü şəkildə çıxaranların hərəkətindənsə, camaatın şalvarını əynindən zorla çıxaranların hərəkəti daha çox hiddət, qəzəb doğurmalıdır.
Bir də heç sanmıram ki, bu məsələdə polisə qahmar çıxan gənc drujinaçılar eyni şeyi əks təqdirdə də edərdilər. Məsələn, sabah YAP-çı gənclər şalvarlarını çıxaracaqlarını elan etsələr və polis də onları dəstəkləsə, yəqin ki, onları döymək istəyənlərin sayı yüzə bir azalar. Çünki bu halda özlərinin şalvarlarının çıxarılması riski yaranır.
