Medianews.az
 Bir gənclik yetişir - adı fərəh
453 baxış

Bir gənclik yetişir - adı fərəh

Daimi oxucular unutmuş olmazlar, bir neçə gün öncə “İtirilməmiş 20 manatı tapıb qaytaran 20 adam” başlıqlı bir yazı yazmışdım. Əsasən bəyənilmişdi. Bunu telefonuma gələn zənglərdən və sosial mediadakı reaksiyalardan bildim.

Yazını oxuyanlar oxuyub, oxumayanlar da asanlıqla tapıb oxuya bilərlər. O yazıdan yenidən iqtibaslar etməyə gərək yoxdur. İndi həmin məqalənin qayəsindən bir neçə cümlə yazmaq istəyirəm. Bir də o xüsusda yeni söhbətlər var. 

Keçən dəfə demək istədiyim nə idi? Neçə vaxtdır istər peşəkar, istərsə də sosial mediada bir təmayül var: az qala cümlə qurmağı bacaran hər kəs öz xalqımızı dünyanın müxtəlif yerlərində yaşayan və zamanı gələndə millət olaraq toparlanıb öz güclərini ortaya qoyan başqa xalqlarla qiyaslayır və hər zaman üstünlüyü onlara verir, özümüzü aşağılayır.

Belə çıxır ki, biz çox yaramaz, əliəyri, haramxor, müftəxor, cələkəsən, mərhəmətsiz, insafsız, kəmfürsət və s. və i. mənfi keyfiyyətlərə malik camaatıq.

“İtirilməmiş 20 manatı tapıb qaytaran 20 adam” yazısında göstərmişdim ki, elə deyil, yeri gələndə mərhəmətli, dürüst, comərd insanlarımız da çoxdur. 

O yazıya gələn ən bəyəndiyim şərhlərdən biri jurnalist Xəqani Səfəroğluya məxsus idi. Həmkarım yazmışdı: “Bizim xalq əla xalqdı, yoxsa məhv edərdilər bizi.”.

Söz yox, bütün ölkələrin sakinləri arasında hər cür, sadələşdirib iki kateqoriyaya bölsək, yaxşı və pis adamlar var. Məsələn, jurnalist Nicat Dağların Almatıdan yazdığı bir reportajda qazax sürücünün onun taksidə saldığı içi pulla dolu portmanatını gətirib qaytardığı və əvəzində heç bir haqq almadığına dair epizod var. Demək, vicdanlı adamın da milləti olmur. Onlar dünyanın hər yerində var. 

Lap ola bilsin ki, nadürüst adamların xüsusi çəkisi bizdə başqalarından bir neçə faiz artıqdır, amma ümumiyyətlə götürsək, “əla xalq” olmasaq da, “çox pis millət” də deyilik, yoxsa həmkarım demişkən, məhv olub gedərdik. 

Son vaxtlar cəmiyyətin müxtəlif təbəqələrində vətəndaş təşəbbüsü olaraq əlillərə, kimsəsiz uşaqlara, atılmış ahıllara, müalicəsi böyük maliyyə vəsaiti tələb edən xəstələrə diqqət, qayğı, yardım göstərmək cəhdləri artıb. Bunların hamısını yaxşı adamlar edir.

Bu addımların bir hissəsini biz mediadan oxuyur, görür, bilirik. Əlbəttə, bu cür addımların ictimailəşdirilməsi bir qədər reklam xarakteri daşıdığından bəzən bizdə həmin yaxşılığın qeyri-səmimi səciyyəli olması barədə rəylər yaradır. Eyni zamanda vacibdir, bu cür hərəkətlər reklam olunmalıdır ki, başqaları da bu permanent (arasıkəsilməz) kampaniyaya qoşulmağı özlərinə borc bilsinlər. 

Ancaq elələri də var ki, onların bu cür yaxşılıqlarında kampaniya və reklam elementi yoxdur. Onlar BDU-nun hüquq (Ankara) fakültəsinin 1-ci kurs tələbələridir. Artıq ikinci dəfədir ki, bu 17-18 yaşlı gənclər öz təqaüdlərindən pul ayırır, sanballı bir məbləğ toplayır, ərzaq, paltar, oyuncaq və sair lazımlı şeylər alır, Saray qəsəbəsində yerləşən xüsusi internat məktəbinin balaca sakinləri ilə görüşə gedirlər. Tələbə gənclər heç də gətirdikləri payı verib, qapıdan qayıtmırlar, saatlarla əngəlli uşaqlarla əylənir, onları oxşayır, qayğı göstərir, yenidən gələcəklərinə söz verərək, kövrələ-kövrələr qayıdıb gəlirlər. Onlar bunu ənənəyə çevirib. Bu barədə heç yerdə yazılmır, deyilmir. İndi mən yazmasam, yenə çox adam bilməyəcəkdi. Bununla belə, gənclərin bu addımı BDU və digər universitetlərdə örnəyə çevrilib, artıq başqa universitetlərin, fakültələrin tələbələri də bu yardımlaşma, paylaşma kampaniyasına qoşulurlar. 

Ən ümdəsi odur ki, cəmiyyətə faydalı olmağı, həyatın dibində olan insanlara əl tutmağı, qayğı göstərməyi onlardan tələb edən yoxdur, öz təşəbbüsləridir, öz içlərindən gəlir. Bu saf gənclik adamda qürur, fərəh doğurur.

Bu düşüncədə olan, cəmiyyətin sütun dayaqlarından biri olan mərhəmət və paylaşma institutunu yaşadan və bunu xüsusi bir siyasətlə yox, tam səmimi şəkildə edən gəncləri yetişdirən xalqa “pis xalq” demək olarmı? Olmaz. 

Xalqımızı tərifləyib göyə qaldırmağın da əleyhinəyəm, eyzən pisləməyin də. Hər kim istəyirsə, xalqı yaxşı olsun, qoy birinci özü vicdanlı, dürüst, yaxşı olsun. 

Bizə qoşulun