Toy karvanı xalqımızın xüsusi önəm verdiyi, özəl olaraq hazırlaşdığı, təmtəraqlı olmasına çalışdığı bir atributdur. Bunsuz olmaz. Sanki karvanda superbahalı maşınlar olmasa, onlar şəhərin küçələri ilə siqnallaya-siqnallaya getməsələr, yollarda tıxaclara səbəb olmasalar, toy legitim olmayacaq, qonaqlar şənlənə bilməyəcəklər, evlənən gənclər ailə xoşbəxtliyinə qovuşmayacaqlar.
Bəy evi ilə gəlin evinin arasındakı məsafə nə qədər uzundursa, toy karvanı vasitəsilə millətə dəbdəbə, təntənə nümayiş etdirmək imkanı daha çoxdur. Bu təmtərağı rayondan-rayona gəlin aparanda yol üstündəki bütün kənd-kəsəklərə, içindən keçilən rayon mərkəzlərinın camaatına göstərmək də çox vacibdir.
Yol qırağında yüzlərlə bekar adam ağzını ayırıb toy karvanına baxır, həsəd aparır, bir-birinə “subaylarınız üçün olsun” alqışı edirlər. Gənclər isə adətən toy karvanında lotuluq edən, hamını sağa sıxıb qabağa keçmək istəyən “07″ sürücüsünün ”avtoş”luğuna, “sürən oğlan” olmasına diqqət kəsilirlər.
Düzdür, hərdən o “sürən oğlan”ların qanacaqsızlığı üzündən toyda qanqaraçılıq baş verir, bəzən bəyin özü, çox vaxt isə müşayiətçi qohum-əqrəbadan kimsə yol qəzasına düşərək müxtəlif ağırlıq dərəcəsində bədən xəsarətləri alırlar, amma bunun məsələyə dəxli yoxdur, toyun təmtəraqlı olması üçün maşın ötüşməsi təşkil etmək, riskə getmək şərtdir.
Budur, bugünlərdə Bakı sakinləri möhtəşəm bir toy karvanı müşahidə ediblər. Karvanda 25 ədəd “Mersedes -Gellenvagen” markalı avtomobil olub.
Bu maşınların qiyməti 200 min manat civarındadır. Bizim redaksiyanın uşaqları bu avtomobilə “nemes villisi” adı qoyublar. Bəziləri bu fikirdədir ki, onun xarici görünüşünə heç 30 min də vermək olmaz. Amma neynirsən, bu saat pullu adamların arasında “Mersedes-Gellenvagen” çox dəbdir, imkanlı adamlar hərəyə bir dənə alıblar, hətta elə adam var ki, ikisini alıb – hər oğluna bir dənə.
Belə görünür ki, məhz bu üzdən bir toy karvanında 25 ədəd “Mersedes-Gellenvagen” olub. Çünki bəyin tay-tuşları, dostları da öz çevrəsindəndir, onlardan hansısa birinin daha ucuz, məsələn, 160 minlik maşınla toy karvanına qoşulması yaxşı çıxmazdı. Dost-tanış, qohum-əqrəba adama nə deyər? Deməzlərmi, aaz, aaz, gördün, dünən filankəsin oğlunun toy karvanında bir dənə cındır maşın vardı, ayıb, ayıb, çox ayıb, heç yaraşmadı.
Hərçənd həmin 25 maşınlıq toy karvanının sahibinin kimliyi mübahisəliydi. Bəziləri deyirdilər, karvan sabiq müdafiə naziri Səfər Əbiyevə məxsus olub, sonradan aydınlaşdı ki, yox, əslində o maşınları eyni karvana düzdürən salyanlı bir iş adamıdır.
İndi siz hesabınızı götürün, əgər bir iş adamı təkcə toy karvanında toplam dəyəri 5 milyon manatlıq avtomobillərdən istifadə edirsə, görün, yenicə sabiq olmuş müdafiə naziri nələr edə bilərdi. Vallahi, o, təvazökar adam olmasa, təşkil edərdi ki, gəlin maşınını göydə helikopter və qırıcı təyyarələr, yerdə zirehli transportyorlar müşayiət eləsin. Yəni təmtərağa, pul göstərməyə qalsa, al sənə, təmtəraq – döyüş təyyarələri şadlıq evinin üstündən uğuldayıb keçər, hətta səmada tüstüdən ürək şəkli də düzəldə bilərdilər.
Ümumiyyətlə, toy ənənəsinin digər cəhətləri kimi, toy karvanı xüsusunda da inkişaf göz önündədir. Əvvəllər maşınların nömrəsinə “Dostum evlənir” yazmaq dəbi vardısa, indi gördüyünüz kimi, 25 bahalı avtomobildən ibarət karvan presedenti yaranıb. Bundan sonra hansı “blatnoy oğlan” sadə toy edər? Heç cür alınmaz. Gərək növbəti təmtəraqlı toyun karvanında ən azı 30 “Ferrari” iştirak eləsin, ya da 20 “Buqatti”, 10 “Maybaks”-filan. Yoxsa adama gülərlər, ələ salarlar.
Deməyin ki, yüksək vəzifəli (və avtomatik olaraq pullu) adamlar belə bahalı maşınları haradan alacaqlar. Hələ 15 il əvvəl BMT-nin xüsusi nümayəndəsi Paolo Lembo demişdi ki, Bakıda olan bahalı ciplərin sayı Nyu-York və Vaşinqtondakından çoxdur. Hazırda durum lap ürəkaçandır.
Toy karvanının mənzil başına və hansı məqsədlə getməsi isə heç kəsə sirr deyil. Bir dəfə dostumun 5 yaşlı oğlu atasının mənə ünvanladığı “gərək siqnallayalarmı, hamı bilir də hara aparırlar” gileyinə reaksiya verərək dedi: “Mən bilirəm, gəlini hara aparırlar”. Və dedi.