
Gərək Səhiyyə Nazirliyi bu işə də əl qoysun, siqaret qutularının üstünə “Siqaret çəkmək sizin sağlamlığınıza ziyandır” yazdığı kimi, seçkilərdə təşviqat plakatlarının üstünə də “Seçkidə iştirak sağlamlığınıza ziyandır” qeydi həkk eləsin.
Tam ciddi deyirəm. Uzun illərin müşahidəsindən sonra qəti olaraq qərara gəlmişəm ki, bu cür “seçkilər” əhalinin siyasətlə maraqlanan olan hissəsinin səhhətinə mənfi təsir göstərir.
Bugünkü gün kimi xatırlayıram, 2005-ci ilin parlament seçkilərindən 10 gün keçmiş olardı, bir dostla Müsavatın qərargahından çıxıb dayanacağa gedirdik, qarşımıza rəhmətlik kardioloq Qəzənfər həkim çıxdı. Salamlaşdıq, görüşdük. Bu vaxta qədər öküz kimi sağlam olan dostum fürsətdən yararlanaraq doktora dedi ki, həkim, 5-6 gündür ürək nahiyəmdə narahatlıq hiss edirəm, indiyəcən belə şey olmamışdı. Doktor gülümsündü, dedi, narahat olma, aritmiyadır, seçki gərginliyindən, həyəcandandır, 3-4 günə keçib gedəcək.
Gün oldu noyabrın 26-sı. Əvvəlcə dəbilqəli, qalxanlı polislər, sonra sümükqıran itlər gəldi, meydanda xalqın uşağının üstünə cumdular, haray-həşir, vur-çatlasın oldu. Ortalığın toz-dumanı yatanda gördük ki, bay, “Qələbə” meydanında yüzlərlə taykeş ayaqqabı qalıb, bir o qədər insan al-qanın içindədir, iki o qədər insan belinin zolundan aldığı dəyənək zərbəsiylə canını birtəhər qurtarıb.
Birinci dəfə məhz onda ciddi-ciddi düşündüm ki, “seçkilər” sağlamlığa ziyandır. Durduğun yerdə başının yarılması, ayağının, qolunun sınması, əlbəttə ki, xeyirli iş deyildi. Yenə aradan 5-6 gün keçdi, Qəzənfər doktora səhhətindən gileylənən eloğlu ilə rastlaşdıq, aritmiyasını soruşdum, dedim, ürək nahiyəndə yenə də nasazlıq varmı. Eloğlu dedi, nə aritmiya, heç zadım yoxdur, 26-dan bəri zopa dəyən çiynimdən başqa heç yerim ağrımır. Belə anlaşıldı ki, doktor düz deyirmiş, adamı narahat edən seçki həyəcanıymış. Məsələ bitincə, ürək öz ritmi ilə işləməyə başlayıb.
İki gündür, fikir verirəm, seçkiylə dərindən maraqlanan dost-tanış, qohum-qonşu depressiyadadır. Hirsli-hirsli gəzirlər, hiss olunur ki, əsəb sistemləri oyanıb. Soruşsam, məlum olacaq ki, ürəklərinin ritmi də pozulub, “priboy” işləyən avtomobillər kimi aritmiya olublar.
Bir bunlar deyil. Bu cür “seçkilər” insanlarda ürəkbulanmasını da artırıb. Sosial şəbəkələrdəki qeydlərə baxırsan, çoxu iyrəndiyini yazır. Normal səhhəti olan adam bu qədər iyrənirsə, demək, mühəqqəq orqanizmində maddələr mübadiləsi pozulub.
Belə “seçkilər”in bəzi insanlarda başgicəllənməsi, aşırı eyforiya yaratdığı da ortadadır. Deyirlər, o gün YAP-ın ofisinin qarşısında qol götürüb oynayanlar varmış. “Yevronyus” kanalı nuhus-nuhus verirdi, orda gördüm, toylarda “Maral-maral” oynamağa vərdiş eləmiş gənclər eyni ritmlə də nəsə bir melodiyaya oynayırdılar. Arada əl-ələ tutuşub “Yallı” da getdilər. Əlbəttə, onlar çox istərdilər ki, bu cür “Yallı”nı Qarabağda, Şuşada, Cıdır düzündə oynasınlar (həm də ən azı gələn il bu vaxt), amma ta neynəsinlər, əldə olan buralardır. Müşahidəçilər deyirlər ki, ağlı başında olan adam küçənin ortasında səbəbsiz yerə oynamaz, toy deyil, nişan deyil, nə xəbərdir...
Müşahidəçilər demişkən, xalqımızın söz qoşan, şəbədə qayıran oğlanları əcnəbi müşahidəçilər üçün yeni termin icad ediblər, deyirlər, hakimiyyət məmurları saxtaKARdırsa, müşahidəçilər də saxtaKORdurlar, çünki əslində kor olmaya-olmaya özlərini korluğa qoyur, görməzliyə vururlar. Razılaşmaq olar. Əslində insanların bu günə düşməsi (saxta karlıq, saxta korluq, təbii lallıq, qeyri-təbii yaltaqlıq) də tibbi problemdir və bunların hamısını bu cür “seçkilər” üzə çıxarır.
Budur, xəbər gəlir ki, “seçki” gecəsi Londonda iki oliqarx övladı şampan şərabına 210 min dollar pul xərcləyib.
Bunun adı nədir, bilirsinizmi? Mən deyim. Bu xəstəliyin elmi adı “ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası”dır. El arasında “quduzluq” deyirlər.
Bax, görürsünüzmü, bildiyiniz “seçkilər” insanlarda bu cür, depressiya, aritmiya, başgicəllənmə, ürəkbulanma, aşırı eyforiya, quduzluq kimi naxoşluqlar yaradır.