
Asya Atakişiyeva: “Açıq-saçıq səhnələrlə bağlı kompleksim yoxdur”
Asya Atakişiyeva Gənc Tamaşaçılar Teatrının gənc aktrisalarındandır. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Rejissor kimi ilk və yeganə işi universitetdə oxuyarkən Edvard Olbinin “Heyvanxanada nə baş verdi?” əsərinin motivləri əsasında hazırladığı diplom tamaşasıdır. Teatrda “Romeo və Cülyetta” (Cülyetta), “Mənim ağ göyərçinim” (Turan), “Xırs-quldurbasan” (Pərzad), “Müsyo Jordan və Dərviş Məstəli Şah” (Şərəfnisə), “Qaraca qız” (Qaraca qız), “Göyçək Fatma” (Göyçək Fatma), “Şelkunçik” (Luiza), “Çəkməli pişik” (Ağ boyun) də daxil olmaqla, 30-ya yaxın tamaşada obraz yaradıb.
Artıq 5 ilə yaxındır telekanalların birində efirə verilən “Əsgər anı” verilişinin aparıcısıdır. Amma əksəriyyət onu “Qaynana” serialının Rənası kimi tanıyır. Yaşının neçə olduğunu soruşmayın, çünki bilmirik. Bilməyib, öyrənə də bilərdik deyəcəksiniz ki, ona da verəcək cavabımız var. Amma məsləhətimiz budur ki, səbirli olub müsahibəni sona qədər oxuyasınız. Yeri gəlmişkən, Asya Azərbaycanda az qala hər suala bir cümlə ilə cavab verən nadir aktrisalardandır.
- Asya xanım, sizinlə görüşümüz aktyor Siyavuş Aslanla vida mərasimi gününə təsadüf edir. Bir gənc aktrisa kimi onu necə xatırlayırsınız?
- Təəssüf ki, Siyavuş müəllimlə heç vaxt ünsiyyətim olmayıb. Onu ancaq efirdə görüb, teatrda tamaşalarına baxmışam. Siyavuş Aslanın sənətinə çox böyük hörmətim var. O nəsil sənətkarlar hər zaman bizə məktəbdir.
- Son illər Azərbaycan teatrı bir neçə korifey sənətkarı bir-birinin ardınca itirdi. Meydan gənclərə qaldı. Gənc nəsli təmsil edən aktrisa kimi sizcə, gənclər öhdələrinə düşən məsuliyyəti dərk edirmi, edirsə lazımınca qiymətləndirirmi?
- Məncə, indiki gənclərdə istedad, həvəs, bacarıq var. Onların aralarında istedadlarını göstərə bilən gənclər də yetərincədir. Çox uzağa getməyib, deyim ki, aktrisası olduğum Gənc Tamaşaçılar Teatrında çox güclü gənc aktyor və aktrisalar var.
- Sənət müəlliminiz kim olub? Universiteti nəzərdə tutmuram. Sənətdə özünüzə müəllim hesab etdiyiniz sənətkar kim olub, yaxud kimdir?
- İlk növbədə əmim Hüseynağa Atakişiyev. Mədəniyyət və İncəsənət Universitetinin dördüncü kursunda oxuyanda Hüseynağa müəllim mənə Gənclər Teatrında işləməyi məsləhət gördü. Mən də razılaşdım. Sənət baxımından ondan çox şeylər öyrəndim. Doğrudur, bu, çox qısa müddət davam elədi. Amma ora mənim üçün böyük bir məktəb idi. Teatrda işləyə-işləyə bu sənətin incəliklərinə yiyələndim. Sonra teatrlarımızı birləşdirdilər. Davamını da rejissor Nicat Kazımovdan öyrənirəm.
- Bildiyim qədər rejissorluq ixtisası üzrə təhsil almısınız. Teatra gələndən sonra aktrisa olmusunuz. Aktrisa sənəti daha cəlbedici olduğuna görə belə bir qərar verdiniz?
- Bilirsiniz, əslində rejissorluğu seçməyimə səbəb əmim olub. Düşünürdüm ki, bu sənətdə onun davamçısı mən olacam. Universitetdə oxuduğum zamanlarda rejissor olacağam, tamaşalar hazırlayacağam kimi arzularım var idi. Hətta o illərdə bir diplom tamaşası da hazırlamışdım. Amma sonralar və indinin özündə də rejissor olmaq iddiasında deyiləm. Gələcəyi isə bilmək olmaz. Ola bilər, təcrübə qazandıqca tamaşa hazırlamaq həvəsinə də düşərəm. Rejissor olmaq üçün çox oxumaq, çox bilmək lazımdır. Rejissor hökmlü olmalıdır, aktyor onun baxışından belə çəkinməlidir. Hüseynağa müəllim aktyorların üstünə qışqırmazdı, danlamazdı, sadəcə bir baxışı hamımıza kifayət edərdi. Hərdən düşünürdük ki, belə baxmaqdansa yaxşısı budur bizi döyüb-söysün.
- Aktrisa olmağın məsuliyyətini nədə görürsünüz?
- Hər verilən rolun ssenarisini əlimə götürüb oxuyanda düşünürəm ki, mən bu obrazı necə yaradacam. Amma məşq etdikcə obrazı formalaşdırmaq mümkün olur, bir də baxırsan ki, rol artıq hazırdır.
- Bu baxımdan ən çətin rolunuz hansı olub?
- Bütün rollar çətindir, hətta xırda rollar da.
- Çətinliyinə görə həmişə arzusunda olduğunuz Cülyetta digərlərindən fərqlənmir?
- “Romeo və Cülyetta” tamaşası hazırlanan ərəfədə üç-dörd tamaşanın məşqləri gedirdi. Məşq edirdik, sonra fasilə verirdik və bu formada ilyarım tamaşanı məşq etməli olduq. Hətta sizə onu da deyim ki, Cənnət Səlimova Cülyetta roluna məni təsdiqləyəndən sonra bütün yay boyunca Şekspirin həyatından tutmuş əsərlərinə qədər xırda detalları da gözdən yayındırmadan oxudum. Cülyetta gecə yatanda da məni rahat buraxmırdı, onun dediyi sözləri dönə-dönə düşünürdüm, yeni mənalarını tapırdım. Demək olar ki, il yarım yatmayıb, ancaq onu fikirləşmişəm. Cülyetta özü-özünə yaranırdı. Bu baxımdan bu rolu məşq etmək çox maraqlı və qəribəydi. Amma bütün rollarımı sevirəm.
- Yeri gəlmişkən, niyə hamı Cülyettanı oynamaq istəyir?
- Bilmirəm. Uşaqlıqdan kinosuna baxıb, onu sevdiyimizə görə ola bilər. Ən qəribəsi də odur ki, ilk baxışda adama elə gəlir ki, Cülyettanı oynamaq asandır. Amma o qədər çətin duyğular burulğanına düşürsən ki... Etiraf edirəm ki, Cülyettanın hisslərini tamaşaçıya çatdırmaq asan deyil...
- Cülyetta kimi siz də kimisə sevmisinizmi?
- Yox. Təhrikçi suallar verməyin... Şəxsi həyata aid sualların qarşısında susacam (gülür). Bir sevgiyə, bir də yaşımla bağlı suallara heç vaxt cavab vermirəm.
- Niyə?
- Utanıram. Həm də istəmirəm yaşımı bilsinlər. Belədə hamı məni balaca, şıltaq qız kimi qəbul edir. Düzdür, hərdən mənə qeyri-ciddi də yanaşırlar. Amma üzüm dönməsin də...
- Dönə bilər?
- Məcburiyyət olanda...
- Çox utancaqsınız. Utancaqlıq və aktrisalıq bir-biri ilə yoldaşlıq edirmi?
- Utancaqlığım həyatda bitir. Səhnədə başqa adamam.
- Kompleksləriniz var?
- Hərdən olur. Yeni rolumla səhnəyə çıxanda kompleksim olur, amma rolu müntəzəm oynadıqca rahatlaşıram. Açıq-saçıq səhnələrlə bağlı da bir kompleksim yoxdur, sadəcə “bəlkə obraz alınmır” sualları ətrafında var-gəl edirəm. Mənim üçün əsas olan obrazı düzgün, səliqəli oynamaqdır.
- Sizi kimlər tənqid edir?
- Dostlarım. Yaxşı ki, onlar var. İnandığım dostlarımdan həmişə tənqid gözləyirəm. Çünki o sözlərdən nəticə çıxarıram. Hətta baş məşqlər olanda dostlarımdan xahiş edirəm ki, gəlib oyunuma baxıb fikirlərini desinlər. Doğrudur, heç kimin tənqiddən xoşu gəlmir, yəni ən azından tənqid eşitdiyi gün hər kəsin kefi pozulur. Amma vaxt keçəndən sonra tənqiddən nəticə çıxarmağa başlayırsan.
- Teatrda dostlarınız kimlərdir?
- Dostlarım çoxdur. Zülfiyyə Alhüseynova, Anar Səfiyev, Müşfiq Əliyev, Manaf Dadaşov. Həmçinin bir tamaşada oynadığımız ustad sənətkarlardan da məsləhət almağı sevirəm.
- Hansı tərəf-müqabillə çıxış etmək sizin üçün daha rahatdır?
- Elnur Hüseynov, Elnur Kərimov, Eşqin Quliyev, Kənan Yusifov.
- Teatr intriqaları sizdən yan keçir, yoxsa tez-tez qapınızı döyür?
- Mənimlə intriqa eləyə bilməzlər. Sakitəm axı. Əslində sakit deyiləm, sadəcə bəzilərinin önəm verdiyi məsələlərə mən biganəyəm. Məsələn, digərlərinin premyera tamaşasında oynamaq kimi istəklərim yoxdur. Bayaq da dediyim kimi, mənim üçün əsas olan rolumu düzgün oynamaqdır.
- Gəlin, açıq danışaq. Əgər teatrın üzdə olan aktrisasısınızsa, tamaşalarda baş rolları ifa edirsinizsə, intriqalar, gözü götürməməzliklər istər-istəməz yaranır...
- Bizim teatrda güclü intriqalar baş vermir. Demək olar ki, hamı bir- biriylə mehribandır. Məndən yaşca böyük sənətçilər məni doğmaları kimi istəyirlər.
- Gənclər Teatrında fəaliyyətə başlasanız da, səsinizi daha çox sözügedən teatr Gənc Tamaşaçılar teatrına birləşəndən sonra eşitdik. Yəni, bir teatrın aktrisası başqasında parladı. Bu uğuru necə izah edərsiniz?
- Bizim aktyorlar həmişə deyirlər ki, aramızdan ən cəld tərpənən sən oldun. Birləşəndən sonra ilk dəfə Bəhram Osmanov mənə rol verəndə çaşqınlıq içərisində idim. Sonra Cənnət xanım da, Nicat Kazımov da, Vaqif Əsədov da mənə tamaşalarında rollar verdilər. Yəqin bəxtim gətirib. Bilirsiniz, mən həmişə çalışqan olmuşam. Rejissorların tapşırıqlarını canla- başla yerinə yetirmişəm. Saatlarla məşq zalından çıxmırdım. Nicat müəllim mənə deyir ki, sən hikkəlisən. Çalışıb məqsədimə çatıram.
- Bu sənətdə sizi nə incidə bilər?
- İncikliklər olur, məsələn, hər tamaşa qabağı insanın kefini pozan hadisələr baş verir. Amma mənim tez yadımdan çıxır. Düzdür, yadımda qalanları da olur, fikirləşirəm ki, onları yadda saxlamaq lazımdır. Ki, gələn dəfə bu hadisə ilə qarşılaşmayım.
- Gələk geniş tamaşası kütləsinə sizi tanıdan “Qaynana” serialında yaratdığınız Rəna obrazına. Səhv etmirəmsə, geniş ekranda ilk işinizdir?
- “Qaynana”ya qədər kliplərə, reklamlara, qısametrajlı filmlərə çəkilmişdim. Amma ilk serialım “Qaynana”dır. Küçədə gedərkən belə tamaşaçıların “Qaynana” serialını sevdiyinin şahidi oluram və bu məni çox xoşbəxt edir.
- Rəna ilə Asyanın oxşarlığı nədədir?
- Mən də adi bir qız olsaydım, elə bir qız olardım. Amma aktrisayam. Bir də ki, bildiyiniz kimi, Rəna ev işləri görmür. Mən əvvəllər ev işləri görə bilsəm də seriala çəkiləndən bəri onlara vaxt çatdırmıram. O qədər yadırğamışam ki, təsəvvür edin, çay tökəndə də həyəcan keçirirəm. Asya Rənanı düzəltməkdən, özü Rənaya oxşamağa başladı. İndi mətbəxə girəndə aləm dəyir bir-birinə.
- Yeni mövsümdə Rənanın başına nə gələcək?
- Onu heç Rənanın özü də bilmir. Ssenarini bizə bir həftə öncədən verirlər. Məndən hərdən soruşurlar ki, Potu ilə barışdınız, evlənəcəksiniz? Mən ancaq çəkildiyim qədər bilirəm. Artıq mövsüm finalına çıxdıq. Yeni mövsümdə nələrin olacağını bəlkə də, ssenaristlər özləri də bilmirlər.
- Yeri gəlmişkən, Sədaqətlə Rənanın maraqlı tandemi var.
- Biz həyatda da dostuq. Onunla dostluğumuz “Qaynana”dan başladı. Həm də ola bilər ki, ssenaristlər bu dostluğumuzu görüb ssenaridə də bizi dost elədilər.
- “Qaynana”ya özünüz baxırsınız? Belə deyək də, özünüzə baxa bilirsiniz?
- Baxıram. Hətta “Qaynana” efirə verilən günü vaxtında evə gedir və gözləyirəm. Çox az hallarda hansısa seriyanı ötürüb təkrarına baxıram. Amma mütləq baxmalıyam. Əvvəllər özüm-özümə bir gözümlə, utanaraq baxırdım. Zaman keçdikcə obrazla həmahəng olub, təcrübə qazanırsan..
- Qara uzun saçlarınız yeni mövsümdə də sizi müşayiət edəcək?
- Bu uzun saçlarım neçə illərdir mənimlədir. Çoxları mənə bu sualı verir, bəziləri hətta deyir ki, rəngini dəyiş, özünü qısalt. Amma inanın, əlim gəlmir kəsməyə.
teleqraf.com













