Medianews.az
Əlində tok olan xalq
146 baxış

Əlində tok olan xalq

Zamin Hacı

Əlində tok olan xalq

Dünən Bakıda iki avtobusun toqquşması, xeyli insanın yaralanması xəbəri gələndə çox narahat oldum. Sadə zəhmətkeşlərimizə görə yox, bizim canımız öyrəncəlidir, belə qəzalardan bir qorxumuz yoxdur. Nigarançılıq Prezident yanında Asan-Xidmət Mərkəzinin əməkdaşları sarıdan idi. Çünki son vaxtlar onların avtobusa minib şəkil çəkdirməsi əsrin qlobal hadisələrindən sayılırdı.

Özü də təsəvvür edin, bu xəbəri oxumazdan az öncə mən ünlü polyak rejissoru, rəhmətlik Kşiştof Keslevskinin “Üç rəng: qırmızı” filminə baxmışdım. Orda da filmin qəhrəmanlarından biri olan keçmiş məhkəmə hakimi qız dostunu yaxta ilə Fransadan İngiltərəyə göndərirdi, bu zaman fırtına baş verib gəmini aşırdırdı. Hakim də təsadüfən xəbərlərə baxır, görür yaxta aşıb, sağ qalan 8-9 nəfəri çıxardırlar. Qız sağ qalır, ya yox, ta onu demirəm, istəyən getsin filmə baxsın, öyrənsin. Yəni mən bu cür təəssüratlar içərisindəykən avtobus toqquşur, xəbərim də yoxdur ki, Asan-Xidmət rəhbərliyindən orda kimsə var, ya yoxdur. 

Yeri gəlmişkən, bunu bəzən ASAN Xidmət, AS-AN xidmət, NASA XİDMƏTİ və sairə formalarda da yazırlar - hansı düzdür, lənət şeytana, bilmirəm! Sözgəlişi, mən ASAN xidmətin rəhbərliyində təmsil olunan Nadir bəyin 90 saylı avtobusda fotosunu görmüşdüm, dirəkdən elə tutmuşdu, sanarsan NASA kosmonavtı Ceyms Oldrin Kanaveral burnundan indicə “Atlantis” gəmisinə minibdir, Aya uçmağa hazırlaşır. Sözgəlişi, Oldrinin dostu Armstronq Ayda gəzişərkən orda xeyli Azərbaycan şairləri görmüşdü, onlar kraterin qırağında çöməltmə oturub “Ay işığında yarın ləbləri” mövzusunda şeir yazırmışlar. Bundan başqa, Oldrinin qulağına orda azan səsi də gəlmişdi, ancaq deyilənə görə, indi Ayda azan vermək hökumətin qərarı ilə qadağan edilmişdir. Nə isə, uzunçuluq olmasın, bunlar ayrı mövzulardır. 

Sonra birdən yadıma düşdü ki, Asan-xidmət əməkdaşları həftənin yalnız bir günü - cümə günü avtobusa minirlər. Xeyli rahat oldum, çün, dünən həftənin dördüncü günü idi. 

Ancaq ümumən götürəndə, uğur anlayışı ilə azərbaycanlılar arasında nəsə bir tərs-mütənasiblik vardır. Dəfələrlə müşahidə edilmişdir. Məsələn, iki-üç güləşçimiz medal qazanırdı, dünya üzrə olimpiada qayıranlar sanki bunu gözləyirmiş, qərar veriblər növbəti olimpiadalarda güləş heç olmasın. Guya buna televizorda və salonda baxan yox imiş. Zalım uşağı, necə yəni baxan yoxdur? Məktəb, universitet uşaqlarını, büdcə zəhmətkeşlərini, Daxili Qoşunların əsgərlərini basıb zalı doldura bilmirsən? 

Yaxud Britaniyanın ünlü baş naziri Marqaret Tetçer təzəlikcə haqq dünyasına qovuşmuşdur. (İranın Qum şəhərində cənnət haqda dərc olunan bəzi kitabların üz qabığında Biq-Ben saatının şəkli olur, bu üzdən, güman edirik haqq dünyasına Londondan qovuşmaq daha asandır). Düzdür, Marqaret xanımın 80-dən çox yaşı var idi, hər vaxt ölmək üçün sərbəst idi, ancaq niyə məhz indi öldü? Səbəbi Skotland Yarda gizli deyil, sizdən niyə gizli olsun - o, bizimkilərin verdiyi bir mükafatdan təsirlənib ölmüşdür. 

Aprel ayının 2-də rəhbərlərindən biri Pişnamazzadə olan, mərkəzi Gəncədə yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi belə xəbər yaydı: “Dünya siyasətində öz yeri və sözü olan Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer Nizami Gəncəvi Beynəlxalq Mükafatına layiq görülmüşdür.

Bu barədə «AzərTAc»a Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə məlumat vermişdir. Onun bildirdiyinə görə, sabiq baş nazirin mətbuat xidmətindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə daxil olan məktubda deyilir ki, xanım Marqaret Tetçer böyük nüfuzu olan Nizami Gəncəvi Beynəlxalq Mükafatına layiq görülməsindən böyük qürur hissi duyur və bu qərara görə öz dərin təşəkkürünü bildirir". Aprelin 9-da isə Tetçer öldü. Heç həftə tamam olmadı. 

Təsadüfdürmü? Xeyr. Nizami mərkəzi bundan qabaq da Bill Klintona mükafat vermişdi, üstündən bir həftə keçməmiş Monika Levinski “Yeddi gözəl” poemasındakı qızlardan biri kimi ortaya çıxmışdı. 

Gərək biz ora-bura toxunanda ehtiyatlı olaq.

musavat.com

Bizə qoşulun