Medianews.az
Ermənistanda seçki:
117 baxış

Ermənistanda seçki: bir partiya marafondan çıxdı

Ermənistanda iyunun 7-nə təyin olunmuş parlament seçkisinə qatılan Mərkəzçi Tərəqqi (Alyans) Partiyası marafondan çıxdığını bəyan eləyib. Bununla seçki yarışında 16 siyasi partiya, 2 blok qalır. Proporsional sistemlə formalaşan parlamentə düşmək üçün partiyalar etibarlı səslərin 4 faizini, bloklar 8 faizini toplamalıdır. Mandat sayında üstün siyasi qüvvə hökumət qurmaq hüququ əldə edir.

Medianews.az xəbər verir ki, proqnozlar parlamentə hakim Vətəndaş Sazişi Partiyasının və üç müxalif siyasi qüvvənin (Güclü Ermənistan bloku, Ermənistan bloku, Çiçəklənən Ermənistan Partiyası) düşəcəyini göstərir.

Vətəndaş Sazişi Partiyasının namizədlərinin siyahısında baş nazir Nikol Paşinyan öndə gəlir.

1975-ci il təvəllüdlü Nikol Paşinyan 2018-ci il mayın 8-dən hökumət başçısıdır.

Güclü Ermənistan blokunda üç partiya təmsil olunur. Aparıcı qüvvə Samvel Karapetyanın liderlik etdiyi Güclü Ermənistan Partiyasıdır. 1965-ci il təvəllüdlü Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən biznesmendir. 2025-ci ilin iyun ayında hakimiyyəti zorla ələ almağa çağırış ittihamı ilə həbs edilib, dekabrda ev dustaqlığına buraxılıb.

İki partiyadan ibarət Ermənistan blokunun namizədlərinin siyahısına Robert Köçəryan başçılıq edir. 1954-cü il təvəllüdlü Robert Köçəryan 1992-1997-ci illərdə Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı olub, 1997-ci ilin martında Ermənistanın baş naziri təyin edilib, 1998-ci ilin fevralından həmçinin dövlət başçısı səlahiyyətlərini həyata keçirib, həmin il və 2003-cü ildə prezident seçilib.

Çiçəklənən Ermənistan Partiyasının namizədlər siyahısında lideri Qaqik Sarukyan birincidir. 1956-cı il təvəllüdlü Qaqik Sarukyan biznesmendir. 2003, 2007, 2012, 2017, 2018-ci illərdə parlamentin deputatı seçilib.

Seçki yarışına Erməni Milli Konqresi; İşıqlı Ermənistan; Respublika; Yeni Qüvvə; Birlik Qanadı; İslahatçılar; Demokrat; Meritokratik; Milli Demokratik Qütb; Milli Dirçəliş; Xristian Demokrat; Demokratik Konsolidasiya; Demokratiya, Qanun, İntizam; Respublika Naminə partiyaları da qatılıb.

Medianews.az

Bizə qoşulun