Samir SARI
samir_sari@mail.ru
CİDDİ MƏSƏLƏNİN ABSURD LAĞLAĞISI
İnanmıram ki, çox ciddi və mühüm məsələni lağlağı edə-edə absurda çatdırmaq sahəsində bu cahan mülkündə bizə tay olsun. Bəlkə də var, mən bilmirəm. Müəllifi həşəmətli seçki ilində belə bir pessimist fikirə gətirib çıxaran səbəb “kölgə kabineti” söhbətidir.
Bilənlər bilir, bilməyənlər də bilsinlər ki, bu, dünyanın ən ciddi məsələlərindən biridir. Başqa yerlərdə bununla böyük-böyük siyasi xadimlər məşğul olur, aylarla müzakirələr aparır, dalaşa-dalaşa, hirslənə-hirslənə axırda bir “kölgə kabineti” əmələ gətirirlər və çox çəkmir ki, kölgəlikdən çıxıb hakimiyyətə gəlirlər.
Bizdə isə bu işlə Allah da bilmir ki, kimlər harada necə məşğul olur. Ciddi siyasətçilərin bu işdən xəbəri yoxdur. Xəbəri olanlar isə, Ərdoğan demişkən, altını cızaraq yazıram, ciddi siyasətçi deyillər.
Əvvəllər “kölgə kabineti” işinə əsasən jurnalistlər baxırdılar. Fantaziya yiyəsi olduqlarından yazır, pozur, düzür, qoşur, ortaya bir siyahı qoyurdular, sonra mətbuatda gedən polemikalara baxıb ləzzət alırdılar. İndi bu iş onların inhisarından çıxıb. Hiss olunur ki, jurnalistlər hazır “kabinet”lərlə işləyirlər.
“Kölgə kabinet”lərində yer alan 25-30 yaşlı “nazir”lərin adına rast gələndə adam quşqulanır ki, deyəsən, bu, onların işidir. Amma hələ ki, ortada nə ciddi təsdiq var, nə də ciddi təkzib. Eyzən lağlağı.
Söhbətin absurda çatdığını sonuncu “kölgə kabineti”nin tərkibinə baxanda aydınca görmək olar. Satirik şair Mirzə Sakiti DİN-in narkotiklərlə mübarizə idarəsinə rəis “qoymuşdular”. Bu “təyinat”a qol qoyanların yumor hissinə söz yoxdur. Gerçəkdən də 2006-cı ildə həmin idarənin əməkdaşları tərəfindən cibinə 9 qram heroin atılaraq həbs edilmiş Mirzə Sakit o vəzifədə uğurla çalışa bilər. Birincisi, “cibə nəşə atıb-tapmağın” sirlərini bilir, ikincisi, əlinin altında köhnə, tanış peşəkarlar olacaq.
Ancaq 30-35 yaşlı gənc “nazir”ə 55 yaşlı köhnə hərəkatçının, üstəlik də diplomatın müavin verilməsini görəndə bilmirsən gənclə məzələnirlər, yoxsa köhnə diplomatla. Tərs kimi, belə kombinasiyalar çoxdur. Dəvənin ovsarının eşşəyin quyruğuna bağlanması presedenti kənardan nə qədər komik görünsə də və eşşəyə ləzzət eləsə də, dəvəni heç cür məmnun etmir.
Bu “kölgə kabinetləri”nin ən yekə minusu odur ki, artıq hərənin üstündə biri var. Bəhsə bəhsdir. “Bizim qurduğumuz hökumət daha sanballıydı” yarışı gedir. Elə təşkilatlar var, üzvlər, tərəfdarlar və təəssübkeşlər korpusu ilə birlikdə bir futbol komandası qədər deyillər, amma ya özləri, ya da kimlərsə onlar üçün “kölgə kabineti” yaradıb və əksər vəzifələri də başqa partiyaların arasında paylaşdırıb. Adama deməzlərmi ki, qardaşlar, siz bir “KamAZ”ın kabinəsinə sığışacaq qədər adamsınız, okean gəmisini neyləyirsiniz.
Bu məsələdə daha bir maraqlı xüsusat var. Adları “kabinet”ə düşməyənlər də narahat olur, düşənlər də. “Vəzifə almayanlar” ona görə narahat olur ki, sayılmadıqlarından, kənarda qaldıqlarından xoşhal olmurlar. Adları yüksək dövlət vəzifəsinin qabağından yazılan və hazırda alçaq dövlət vəzifəsində çalışanlar isə ona görə narahat olurlar ki, hesab edirlər, kimsə bu yolla onları hədəfə çıxarır, onlara “ayı xidməti” göstərirlər. Əsasları da var. Rəis, müdir bu siyahıdan xəbər tutsa, həmin işçini çağırıb deməzmi, eloğlu, xeyir ola, “kölgə kabineti”ndə mənim yerimə səni qoyublar, ayağımın altını qazırsanmı. İndiki müdirlər elə deyər və adamı işdən qovarlar.
Əslində seçki ili olmasaydı, bu lağlağını absurddan da o tərəfə inkişaf etdirmək olardı. Necə ki, dünən şagirdlərimdən biri özünü öz kabinetində “prezident” seçib və ehtiram göstərərək (müəllimi kimi) məni öz mətbuat xidmətinə rəhbər “aparıb” (Sonra da deyirlər, indiki gənclər qədirbilməzdirlər).
Amma seçki ilidir. Belə məsələlərlə zarafat eləmək, onu lağlağıya çıxarmaq olmaz. Hər halda prezident seçiləsi şəxs özünə komanda formalaşdırmağı hamıdan yaxşı bacara bilər. Həm də hələlik əsas məsələ bu deyil. Əsas məsələ komanda yaratmaq üçün lazımi mandatı əldə etməkdir. Burada isə zarafatın yeri yoxdur.