Medianews.az
11 manata satılan ətin
247 baxış

11 manata satılan ətin SİRRİ AÇILDI

Bəzi ət satışı məntəqələrində, qəssabxanalarda ətin kilosu 11-13 manat arasında dəyişir. Digər yerlərdə isə 18-22 manat aralığındadır. Bu fərq bazarda eyni məhsul kimi görünən ətin müxtəlif mənbələrdən və fərqli şərtlərlə satışa çıxarılması ilə əlaqələndirilir. Qiymət fərqləri istehlakçılar arasında ətin keyfiyyəti və tərkibi barədə suallar yaradır. Bəs bu ucuz və nisbətən baha ətlər arasında real fərq nədən ibarətdir və hansı meyarlara əsasən müəyyən olunur?

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Medianews-a açıqlamasında deyib ki, qiymət hər zaman keyfiyyət göstəricisi deyil.

 

Bir çox hallarda eyni keyfiyyətə malik məhsulun qiyməti onun satıldığı yerdən asılı olaraq dəyişə bilər.

Onun sözlərinə görə, ətin mənşəyi, saxlanma şəraiti, kəsim vaxtı, həmçinin heyvanın cinsi və yaşı ilə bağlıdır:

“Bu amillər də qiymətə təsir göstərir. Diqqət edilməli əsas məsələlərdən biri odur ki, rəsmi nəzarətdən keçmiş, mənşəyi məlum olan və baytarlıq nəzarətinə dair sənədi olan məhsullara üstünlük verilməlidir. Nəzarətsiz yerlərdən alınan ətlərdə heyvan mənşəli xəstəliklərin insana keçmə riski daha yüksək olur. Eyni zamanda, sanitar-gigiyena qaydalarına əməl olunmadıqda, hətta keyfiyyətli ət belə çarpaz çirklənmə nəticəsində keyfiyyətini itirə bilər. Digər bir məqam yağ nisbəti ilə bağlıdır. Bu, xüsusilə yaşlı və müxtəlif cins heyvanlarda daha çox müşahidə olunur. Məsələn, süddən kəsilmiş heyvanın əti adətən daha ucuz olur”.

Ekspert xüsusilə qeyd edib ki, ət alarkən onun rənginə mütləq diqqət yetirilməlidir:

“Əksər hallarda təzə ət parlaq qırmızı rəngdə və elastik olur. Ona toxunduqda səthində yaranan çökəklik tez bir zamanda yoxa çıxır. Satış yeri təmizdirsə və ət sulu və ya yapışqan deyilsə, bu, onun təzə və keyfiyyətli olduğunu göstərir. Əgər ətin rəngi solğun və ya həddindən artıq tünddürsə, səthi yapışqandırsa, qoxusu xoş deyilsə və satış şəraiti gigiyenik tələblərə cavab vermirsə, belə məhsulları almaq tövsiyə edilmir”.

M.Hüseynova sonda bildirib ki, dondurulmuş ətlərdə bu xüsusiyyətləri müəyyən etmək çətin olur:

“Buna görə də üzərində mənşəyi, kəsim tarixi və baytarlıq nəzarəti barədə məlumatların göstərilməsi vacibdir. Donu açılmış ət dərhal bişirilməlidir. Onu təkrar dondurmaq mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır, nəticədə ətin keyfiyyəti aşağı düşür və xarab olma riski artır”.

Oğuz Ayvaz
Medianews.az

Bizə qoşulun