2016-cı ildə İstanbulun Şişli rayonunda silahlı hücum nəticəsində öldürülən rəqqasə Aynur Kanburun qətli ilə bağlı yeni detallar üzə çıxıb.
Medianews.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun yenidən başladığı istintaq çərçivəsində saxlanılan şübhəli Bülent G. qətli törətdiyini etiraf edib.
Onun ifadəsinə görə, hadisə günü özünü kuryer kimi təqdim edərək Kanburun yaşadığı binaya daxil olub.
Şübhəli bildirib ki, mənzilə girdikdən sonra tərəflər arasında mübahisə yaranıb. O, mübahisə zamanı üzərində olan 9 millimetrlik sənədsiz tapança ilə Aynur Kanbura bir neçə dəfə atəş açdığını deyib.
Bülent G. hadisədən sonra qətl silahını İstanbul Boğazına atdığını da etiraf edib.
İstintaq zamanı hadisə gününə aid ictimai nəqliyyat və telefon qeydləri araşdırılıb. Toplanan sübutlar əsasında şübhəlinin hadisə yerinə getdiyi müəyyən edilib.
Şübhəli qətli təkbaşına törətdiyini, saxlanılan digər şəxslərin hadisə ilə əlaqəsinin olmadığını iddia edib.
Faktla bağlı araşdırma davam etdirilir.
Medianews.az