Bu gün yeni tədris ilin ilk günüdür.
Medianews.az-ın məlumatına görə, ilk dəfə təhsil ocağına qədəm qoyan uşaqlar arasında jurnalist övladları da var.
ATV-də çalışan jurnalist Əli Novruzəliyev əkiz qızları Selcan və Səltənəti 1-ci sinfə yola salıb.


Jurnalist İmdad Əlizadənin qızı Selin də bu gün 1-ci sinfə gedir. İ.Əlizadə sosial media hesabında qızı ilə fotosunu paylaşaraq bu sözləri yazıb:
“Məktəbli olduq. Yolun açıq, bəxtin gözəl olsun, qızım!”

Bu il 1-ci sinfə gedənlərdən biri də Cahangir Paşadır - “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun oğlu Cahangir.
E.Paşasoy bu münasibətlə sosial media paylaşımında belə yazıb: “Cahangir Paşamız 1-ci sinfə qədəm qoydu. Allah canını sağ, yollarını açıq eləsin, daim birincilərdən olsun! İnanırıq ki, inşallah uğurları ilə üzümüzü güldürən balalardan olacaq, dünyadan köçmüş əzizlərimizin ruhunu daim şad eləyəcək!”

Aidə Ramizqızı da övladını 1-ci sinfə yola salan jurnalistlərdəndir. O, bu xoş xəbəri “Facebook” dostlarına “Birinci olduq!” mesajı ilə çatdırıb.


Bu gün övladını 1-ci sinfə yola salan valideyn kimi sevincini jurnalist həmkarları ilə bölüşənlərdən biri də media eksperti Aslan Əsədovdur. O, sosial media hesabında yazıb: "Birinci sinfə getdik. Allah bütün övladlarımızı qorusun. Amin!"

“Bu gün ailəmiz üçün çox əlamətdar gündür. – “Trend” İnformasiya Agentliyinin əməkdaşı Təhməz Əsəd “Facebook” hesabında belə yazıb. - Atilla balam 1-ci sinifə qədəm qoydu. Bütün birinciləri təbrik edirəm, valideynlərinə gözaydınlığı verirəm. Allah hər birinə zehin açıqlığı versin inşallah, vətəninə, xalqına, ailəsinə layiqli vətəndaş kimi böyüsünlər!”

Medianews.az xatırladır ki, yeni tədris ilində ölkə üzrə I siniflərə 130 mindən çox, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub. 2025-2026-cı tədris ilində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Nailə Qasımova,
Medianews.az