Medianews.az
İmtahandan kəsilənə münasibət – Kobud səhvlər -
127 baxış

İmtahandan kəsilənə münasibət – Kobud səhvlər - Psixoloq AÇIQLADI

Orta məktəblərin buraxılış, həmçinin ali məktəblərə qəbul imtahanlarında ən həssas məsələlərdən biri hansısa şagirdin və ya abutiriyentin heç bir müsbət nəticə əldə edə biləməməsi, imthandan kəsilməsidir. Valideynlərin imtahandan kəsilən şagirdlərə, yaxud abituriyentlərə münasibəti necə olmalıdır?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Medianews.az-a açıqlamasında bildirib ki, valideynlərin münasibəti imtahandan kəsilən şagird və ya abituriyentin gələcək psixoloji inkişafında çox ciddi rol oynayır: “Təəssüf ki, bəzi ailələrdə imtahan nəticəsi yalnız akademik göstərici kimi deyil, uşağın dəyərinin ölçüsü kimi qəbul olunur. Halbuki bir imtahandan uğursuz nəticə almaq insanın nə zəka səviyyəsini, nə gələcəyini, nə də şəxsiyyətini müəyyən edir. Bu, sadəcə müəyyən dövrdə yaşanmış bir nəticədir və onu həyatın sonu kimi təqdim etmək yeniyetmələrin, ilk gənclik dövrünü yaşayan insanların psixikasında dərin izlər buraxa bilər. İmtahandan kəsilən uşaqların bir qismi onsuz da ciddi daxili gərginlik yaşayır. Onlar özlərini ailə qarşısında günahkar hiss edir, xəyal qırıqlığı keçirir, utanır, sosial müqayisələrdən təsirlənirlər. Belə bir məqamda valideynin sərt reaksiyası, qışqırıq, təhqir, müqayisə və ya emosional təzyiq vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə “səndən heç nə olmaz”, “filankəs bacardı, sən bacarmadın”, “üzümüzü qara elədin” kimi ifadələr uşağın özünə inamını zədələyir və onda dəyərsizlik hissi formalaşdırır.

Valideyn ilk növbədə övladının emosional vəziyyətini anlamalıdır. Bu mərhələdə uşağın ən çox ehtiyac duyduğu şey ittiham deyil, təhlükəsizlik hissidir. O bilməlidir ki, uğursuz olsa belə ailəsi onu qəbul edir, yanında dayanır və ona inanır. Psixoloji baxımdan dəstək görən uşaqlar uğursuzluqdan daha sağlam şəkildə çıxır və növbəti mərhələyə daha motivasiyalı hazırlaşa bilirlər.

Burada bir vacib məqam da var. Hər uşaq eyni potensiala, eyni maraq sahəsinə və eyni öyrənmə tempinə malik deyil. Bəzən valideynlər öz arzularını uşağın üzərinə köçürürlər. Uşaq həkim olmaq istəmədiyi halda ona bu istiqamətdə təzyiq edilir, yaxud onun real bacarıqları nəzərə alınmadan yüksək gözləntilər formalaşdırılır. Nəticədə imtahan uşağın şəxsi inkişaf yolundan çox ailə təzyiqinin simvoluna çevrilir. Bu isə həm emosional tükənməyə, həm də motivasiya itkisinə səbəb olur”.

E.Rüstəmov vurğulayıb ki, imtahanda uğursuz nəticə göstərən uşaqlarla danışarkən valideynlər sakit və anlayışlı ünsiyyət qurmalıdırlar: “Bu nəticə səni müəyyən etmir”, “səhvlər üzərində işləmək olar”, “birlikdə çıxış yolu taparıq” kimi yanaşmalar uşağın psixoloji dayanıqlığını gücləndirir. Əsas məqsəd uşağı qorxu ilə idarə etmək deyil, onda məsuliyyət və özünə inam formalaşdırmaq olmalıdır.

Cəmiyyət olaraq da imtahan nəticələrinə həddindən artıq dramatik yanaşma bəzən gənclər üzərində ciddi psixoloji yük yaradır. Halbuki həyat yalnız bir imtahandan ibarət deyil. Müasir dövrdə insanın uğuru təkcə diplomla deyil, bacarıqları, emosional intellekti, uyğunlaşma qabiliyyəti və davamlı inkişaf potensialı ilə müəyyən olunur. Valideynlər unutmamalıdırlar ki, uşaqların yaddaşında ən çox qalan şey nəticə yox, həmin nəticədən sonra ailələrinin onlara necə münasibət göstərdiyidir. Bəzən bir anlayışlı cümlə uşağın gələcəyini xilas edə bilir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun