Ukrayna prezidenti Volodimir Zelenski Davosda Dünya İqtisadi Forumu çərçivəsində çıxışında İran faktoruna xüsusi yer ayıraraq Tehranın Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə əsas dolayı tərəfdaşlardan biri olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Zelenski vurğulayıb ki, İran tərəfindən Rusiyaya verilən kamikadze dronlar və digər hərbi texnologiyalar Ukraynada mülki infrastruktura qarşı istifadə olunur və bu, müharibənin miqyasını genişləndirir. Onun sözlərinə görə, Tehran bu addımlarla münaqişəni təkcə Avropa sərhədlərində deyil, qlobal təhlükəsizlik müstəvisində təhlükəli mərhələyə daşıyır.
Ukrayna prezidenti qeyd edib ki, İranın Rusiyaya hərbi dəstəyi cəzasız qaldıqca bu, digər avtoritar rejimlər üçün presedent yaradır. Zelenski Qərb ölkələrini İran–Rusiya hərbi əməkdaşlığına qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb və bunun yalnız Ukraynanın deyil, beynəlxalq təhlükəsizlik sisteminin müdafiəsi baxımından zəruri olduğunu bildirib.
Çıxışın yekununda Zelenski bəyan edib ki, İranın bu davranışına vaxtında və prinsipial reaksiya verilməzsə, oxşar ssenarilər başqa regionlarda da təkrarlana bilər. Onun fikrincə, İranın müharibədə rolunun neytrallaşdırılması Rusiyanın hərbi potensialını zəiflətmək üçün əsas şərtlərdən biridir. Sitat: "Biz gündə təxminən min tutucu dron istehsal edirik. Lakin bu, kifayət deyil. Rusiyanın gündə təxminən 500 İran dronu və onlarla raket göndərir. Və niyə? İrandakı etirazlar haqqında çox danışılırdı, onlara dəstək planları qurulurdu, amma addım olmadı, insanlar qan içində boğulurdu. Dünya İran xalqına kifayət qədər kömək göstərmədi və kənarda dayandı. Siyasətçilər mövqelərini formalaşdırmağa başlayanda ayətullah artıq minlərlə etirazçı insanı öldürmüşdü. "İran rejimi mövcud olduqca, hər tirana bir siqnal göndərəcək: kimin kifayət qədər adamı var - və o, hakimiyyətdə qalacaq".