“Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Azərbaycan mədəniyyətinə qarşı...Heç kəs məni inandıra bilməz ki, saytlarda yayımlanan bu tip xəbərlər, yazılar sifariş deyil. Bəli, 16 il nazir postlarında oturan Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinə o qədər ziyan vurub ki, sayıb-sadalamaq belə adama əziyyət verir. Bağlanan və ya xaraba qalan kinoteatrlar, teatrlarımızın ürəkparçalayan vəziyyəti, rayonlarda yoxa çıxan klublar, kitabxanalar, kinomuzun yerində sayması, ədəbiyyata qayğının qənaətbəxş olmaması, pulla satılan fəxri adlar, bazara çevrilən musiqi-incəsənət məktəbləri...Əbülfəs müəllimin “xidmətləri”ni saymaqla bitməz”.
“Yeni Sabah” xəbər verir ki, bunu yazıçı Cəlil Cavanşir sosial media hesabında yazıb.
O bildirib ki, Məshəti Gəncəvinin real şəxsiyyət olması belə mübahisəlidir:
“Mən ataya görə övladın linç edilməsinə qarşıyam. Suada xanımı şəxsən tanımıram, yaradıcılığına bələd deyiləm, amma əminəm ki, “Məhsəti” filmini çəkməklə Azərbaycan mədəniyyətinə atası kimi ziyan vurmaq fikrində olmayıb.
Əvvəlcə onu qeyd edim ki, Məhsəti farsca şeirlər yazan, Səlcuqlu sarayında yaşayan, dünyada da fars şairəsi kimi tanınan orta əsr müəllifidir. Deyilənə görə şeir, musiqi, şahmat məktəbləri olub.
Əsas və diqqət edilməli bir məqam da var, 9 əsr əvvəl yaşadığı ehtimal edilən bu xanımın real şəxsiyyət olması da xeyli mübahisəlidir.
Məncə Məhsəti Gəncəvi M.S. Ordubadinin “Qılınc və Qələm” romanından sonra fetişləşdirilib, hər yerdə Azərbaycan şairəsi kimi təbliğ olunub. Yaradıcılığından bizə gəlib çatanlar Məhsətinin Müqəddəs Məryəm, Həzrəti Fatimə olmadığını sübut edir. Ütülü şəkildə ifadə etsək Məhsəti xanım “azad ruhlu qadın” olub”.
C.Cavanşirin fikrincə, Əbülfəs Qarayev xaric, o nəsil Azərbaycana dəyərli ziyalılar bəxş edib:
“Bu arada Cavi Danın “Məhsəti” romanı da bu mövzuda yazılmış gözəl ədəbiyyat nümunəsidir. Suadanın “Məhsəti”sini ağzı köpüklənə-köpüklənə müzakirə edənlərin əksəriyyəti Cavi Danın “Məhsəti”sindəki Məhsətini tanımır.
Mən filmə baxmamışam, amma Cavi Danın romanını böyük zövqlə oxumuşam və müzakirəyə layiq əsər olduğuna əminəm.
Təkrara Suada xanıma qayıdıram. Suadanın ulu nənəsi Sona Axundova da, şairə olub. Ümumiyyətlə Əbülfəs müəllim xaric, Qarayevlər nəsli Azərbaycana dəyərli ziyalılar bəxş edib. Elə Qara Qarayevi xatırlasanız kifayətdir.
Düşünürəm ki, Suada xanımı atasına görə hədəfə götürməkdənsə Ulu nənəsi Sona xanıma, Ulu babası həkim, maarifçi Əbülfəz Qarayevə, babası həkim Mürsəl Qarayevə, əmisi pianoçu, bəstəkar Cahangir Qarayevə görə də qiymətləndirmək olar”.
Cəlil Cavanşir qeyd edib ki, ARKA-nın filmin qadağası ilə bağlı gətirdiyi səbəblər çox cılızdır:
“Mən dünyada yaxşılığa inanmaq istəyirəm. İnanmaq istəyirəm ki, Suada xanımın niyyəti mədəniyyətimizə zərbə vurmaq deyil. Ümumiyyətlə filmə baxmadan fikir bildirmək çətindir. Amma açıqlamaları nəzərə alsaq ARKA-nın səbəbləri çox cılızdır.
Əbülfəs Qarayev nazir olanda onun qulluğunda əl-pəncə dayananlar, onu tənqid etdiyimizə görə bizə təzyiq edənlər bu gün Suada Qarayevan Azərbaycan mədəniyyətinin düşməni, vətən xaini elan edir, palaz-palaz məqalələr yazır”.
Qeyd edək ki, rejissoru Suada Qarayeva (Suad Qara) olan “Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçiriləcək Bakı Beynəlxalq Film Festivalının proqramından çıxarılıb.
Xatırladaq ki, S.Qarayeva keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.