“Yaponlar kimi inkişaf etmiş sivilizasiyalı bir ölkədə əcnəbi dildə bir reklam görə bilməzsiz. Olsa belə xırda hərflərlə, şiriflərlə göstərilir. Bu qayda-qanundur.
Bu günlərdə Milli Məclisdə dilin bu və bir çox problemləri ilə bağlı iclas oldu. Bu məsələ ilə bağlı şəxsən Sahibə Qafarova məni yanına çağırdı və bir yarım saata yaxın söhbət etdik. Görünür iclasda mənim çıxışım onun çox xoşuna gəlib. Biz hara gedirik? Bu gün “ok” deyən, sabah “vau” deyəcək, o biri gün başqa söz deyəcək. Dili belə-belə korlayırlar”
Bunu Medianews.az-a Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.
O daha sonra əlavə edib:
“Biz Dilçilik instituyuq. Bizim bunun qarşısını almağa gücümüz çatmır. Biz ancaq tövsiyyə verib, deyə bilərik. Bizim reklama gücümüz çatmır. Həmin sözlərin əleyhinə olan insanlar özləri bu ifadələri işlədirlər. Təklif də verdim. Bütün müəssisələr bir pəncərə sistemindən, vergidən keçir.. Bu çox asan məsələdir axı. Vergidə qeydiyyata alma. Türkmənistanda siz bir küçə adını, reklamını özbaşına verə bilməzsiz. Dilçilik instituna göndərilir, ordan cavab alınır və düzgün variant təsdiqlənəndən sonra verilir. Dili belə sevərlər. Biz elə yalandan “dil əldən getdi” deyə-deyə deputat da seçilirik, müdir də seçilirik, hörmətli də oluruq. Amma baxırsan görürsən ki, o şəxslərin əməli ilə danışığı düz gəlmir. Dilimizi korlayanlar da elə onlardır. Məclisdə oturan mollalarımıza baxın siz! Onlar türk yox, fars eyhamı, fars qəlibi ilə danışırlar. Fikir vermisiz ya yox? Azərbaycan dilində danışır, amma fars dialektindən istifadə edir. Bu çox böyük bir bəladır. Qarşısı alınmalıdır”.
Nadir Məmmədli Orfoqrafiya lüğətinin taleyindən də söz açıb:
“Biz əslində Orfoqrafiya lüğətini yekunlaşdırmışdıq. Cənab prezident İlham Əliyev AMEA-da çıxışı zamana çox vacib nüanslara və məqamlara toxundu. Bu baxımdan fikirləşdik ki, orfoqrafiya lüğətində də səhv ola bilər. Ona görə də sözləri yenidən emal edirik. Bir daha gözdən keçirəndən sonra çapa göndərəcəyik”.
Əli Əsgər
Medianews.az