Türkiyənin Giresun şəhərində Görele rayonunun bələdiyyə başçısı Hasbi Dede “cinsi təcavüz” ittihamı ilə həbs edilib.
Medianews.az xəbər verir ki, iddialara görə, CHP-li bələdiyyə sədri Hasbi Dedenin sosial media hesabından göndərdiyi mesajla bağlı şikayət daxil olub.
Bunun ardından Görele Respublika Prokurorluğu tərəfindən araşdırma başladılıb.
İstintaq çərçivəsində ifadə verməyə çağırılan Hasbi Dede ilkin mərhələdə məhkəmə qərarı ilə həbssiz mühakimə olunmaq üçün sərbəst buraxılıb. Lakin prokurorluğun apelyasiya şikayətindən sonra işə yenidən baxılıb.
Yenidən məhkəmə qarşısına çıxarılan Hasbi Dədə Türkiyə Cinayət Məcəlləsinin 105-ci maddəsi – “şəxsə qarşı cinsi təcavüz” maddəsi ilə həbs edilib.
Məhkəmə binası qarşısında geniş təhlükəsizlik tədbirləri görülüb. Bildirilir ki, Dədə məhkəmə binasının arxa qapısından çıxarılıb. O, əvvəlcə Espiye Dövlət Xəstəxanasında tibbi müayinədən keçirilib, daha sonra isə Espiye L Tipli Qapalı Cəzaçəkmə Müəssisəsinə göndərilib.
Faktla bağlı araşdırma davam edir.
Medianews.az

