Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə qayıdana qədər öz işini davam etdirəcək.

Lakin politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında vurğulayıb ki, Simonyan sadəcə erməni ictimaiyyətinə mesaj göndərib, hökumətin guya erməni məhbusları azad etmək üçün durmadan çalışdığını göstərmək istəyir: “Halbuki Ruben Vardanyan kimi caninin sərbəst buraxılması başda baş nazir Nikol Paşinyan və elə Alen Simonyan olmaqla Ermənistan hakimiyyətinin problemlərini artırardı.
Bir anlığa təsəvvür edək ki, Ruben Vardanyan hansısa yolla Qarabağdan Ermənistana qaçmağa müvəffəq olur. Bu halda İrəvanda peyda olan oliqarx erməni Rusiyanın da dəstəyi ilə Nikol Paşinyanın devrilməsi və Ermənistanda daxili gərginliyin artırılması üçün milyardlarını xərcləyəcəkdi.
Yəni Vardanyanı biz həbs etməsəydik, onu bir müddət sonra İrəvanda Paşinyan həbs etmək məcburiyyətində qalacaqdı. Bu isə parlament seçkisi öncəsində həmin oliqarxın tərəfdarlarının Paşinyana təzyiqi ilə müşahidə olunacaqdı.
Ona görə də Alen Simonyan açıqlamasında səmimi deyil. O və onun lideri Ruben Vardanyanın məhz Azərbaycanda məhbus həyatını davam etdirməsində maraqlıdırlar”.
Nailə Qasımova,
Medianews.az