Şirkətlər körpələr və azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş ətirləri getdikcə daha çox istehsal edirlər.
AZƏRTAC xəbər verir ki, xüsusilə “Zara” şəbəkəsi “Le Petit Lullaby” ətrini təqdim edib. Bu da şirkətin iddia etdiyi kimi, kiçik uşaqlar dünyasından ilham alır.
İsveç Astma və Allergiya ilə Mübarizə Assosiasiyasının məlumatına görə, azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş kosmetik vasitələrin sayı xeyli artıb. Ekspertlər bunu kəskin şəkildə tənqid edirlər. Assosiasiyanın sözçüsü Lizelotte Floren bildirir ki, uşaqlar üçün ətirlərin istifadəsi əsassızdır və təhlükəli ola bilər. "Dəri və onun qoruyucu baryeri yalnız müəyyən bir yükə tab gətirə bilər. Kiçik, böyüyən bədənlər daha həssasdır və bu halda, çox kiçik uşaqlara gəldikdə, ətirdəki maddələrdən birinə qarşı allergiyanın inkişaf riski daha yüksəkdir”, - deyə L.Floren izah edir.
Onun sözlərinə görə, körpə dərisi çox həssasdır, aromatik maddələrin təsiri nəticəsində yaranan təmas allergiyası isə ömür boyu davam edir. Bundan əlavə, allergiyanı müəyyən etmək çətin olur, ondan sonra isə insan şampundan başlamış kremlərə və kosmetik vasitələrə qədər müxtəlif məhsulların tərkib hissələrini diqqətlə yoxlamağa məcbur olur.
“Zara”nın sahibi olan “Inditex” şirkəti vurğulayır ki, sağlamlıq və təhlükəsizlik prioritetdir, uşaq məhsulları isə ciddi keyfiyyət nəzarətindən keçir. Şirkət, həmçinin iddia edir ki, uşaq gigiyenası üçün yüngül ətirlərə tələbat dünyanın bir çox ölkəsində var. Bununla belə, bu cür məhsulların buraxılması mütəxəssislər arasında narahatlıq doğurmada davam edir.