Medianews.az
30 il gecikmiş ifşa –
61 baxış

30 il gecikmiş ifşa – gizli əlaqələrin açıq sonu

Bu ölkədə “iqtidara işləmək”, “hakimiyyətdən pul almaq”, “hökumətlə əlaqəli olmaq” söhbətləri yeni deyil.

Bunlar şübhə və ittiham şəklində həmişə, dövlət müstəqilliyimizin ilk illərindən mövcud olub və günümüzə qədər davam edir.

İqtidar komandasına loyal olan, tənqiddə çox da dərinə getməyən siyasi partiyalar da mövcud olub, barışmaz mövqedə olan, sərt mülahizələrlə çıxış edənlər də.

Bu sırada gündüz sərt müxalifət mövqeyi tutan, gecələr isə iqtidar komandasının üzvləri ilə məsləhətləşmələr keçirən müxalif qrupların olduğuna dair də şübhələr vardı və bunu heç cür sübut etmək mümkün deyildi.

Çünki tərəflər hər hansı əlaqəni qətiyyətlə danırdılar, ortada şahidlər, foto-video kadrları yox idi.

Amma iqtidar komandası ilə gizli və qarşılıqlı faydası olan “Yurd” qrupunun üzvlərinin davranışından, əldə etdikləri statusdan, zaman-zaman tutduqları mövqedən aydın olurdu ki, bütün bunlar xüsusi fərasət və qabiliyyətin sayəsində deyil, necə deyərlər, “Züleyxaya dil verən var”.

Məsələn, gənc siyasətçilərdən ibarət olan və bir qədər də şəri olaraq “yurduçular” adlandırılan həmin qrup parlament seçkilərində 4-5 mandatla təmin olunurdu. Bunlardan biri hətta həmin qrupun ifşa olunduğu, AXCP-nin parçalandığı, qrupun nüfuzdan düşdüyü il baş vermişdi.

“Yurd”un sərəncamında 10-a yaxın qəzet vardı. Onların bəzilərini hökumətin nəzarətində olan şirkətlər maliyyələşdirirdi. Qrup üzvlərinin maddi imkanları yüksək səviyyədə idi, lüks həyat yaşayırdılar, vaxtaşırı xarici səfərlərdə olurdular. Qrupa daxil olan fəal funksionerlər tv-lərin ekranından düşmürdülər.

Onlar özlərini “islahatçılar” adlandırır, “ənənəvi müxalifət”dən uzaq tuturdular, eyni zamanda iqtidar düşərgəsindəki gənc siyasətçiləri də “islahatçı” hesab edirdilər.

2000-ci illərin əvvəlində belə bir ideya vardı ki, hakimiyyətdəki “islahatçılar”la müxalifət düşərgəsindəki “islahatçılar”, nəhayət, birləşməlidir, yeni bir iqtidar komandası formalaşdırmalıdırlar və hakimiyyət ortağı olaraq işləməlidirlər.

Onlar sərəncamlarındakı media qurumlarında bu yöndə açıq təbliğat aparırdılar.

Təbliğat təkcə utopik “islahatçılar koalisiyası” ilə bağlı deyildi, həmin qrup “ənənəvi müxalifət” partiyalarını hansı tezislərlə tənqidə məruz qoyurdularsa, hakimiyyət təbliğatçıları da eyni tezislərdən istifadə edirdilər. Futbol terminləri ilə desək, “paslaşma” göz önündə idi.

Fəqət açıq-aşkar büruzə çıxmış bu əlaqəni onların boynuna qoymaq olmurdu, təkzib edirdilər, ittiham irəli sürənləri “böhtançı”, “paxıl” adlandırırdılar.

Bu “siçan-pişik oyunu” 1995-ci ildən 2003-cü ilə qədər davam etdi. Həmin il büsat pozuldu. Prezidentliyə namizəd İlham Əliyev mediaya verdiyi müsahibədə hakimiyyət və müxalifət düşərgələrindəki “islahatçılar”ın mümkün koalisiyası barədə suala cavab olaraq açıq və sərt ifadə işlətdi: “Mən öz liderinə xəyanət edən adamlarla müttəfiq olmaram”.

Hamı anladı ki, söhbət həyatının son aylarını yaşayan eks-prezident Əbülfəz Elçibəyə qarşı çirkin təbliğat aparan və iqtidar komandası ilə birləşmək istəyənlərdən gedir.

Həmin ildən sonra artıq mövqelər dəyişdi, dəqiqləşdi. Qrup açıq müxalifətə keçdi. Bununla paralel olaraq, onun maliyyə imkanları məhdudlaşdırıldı, mandat peşkəş edilməsi dayandırıldı, xarici səfərlər yasaqlandı və s. İndiyə qədər hakimiyyətdən gen-bol barınan və “konstruktiv müxalif qüvvə” olan qrup “destruktiv qüvvə”yə çevrildi. 20+ il də bu cür keçdi.

İndi “Ramiz Mehdiyev işi” ilə bağlı ortaya çıxan sənədlər, dəlil-sübutlar göstərir ki, 2003-cü ilin sonlarında baş tutan “siyasi ayrılıq” tam şəkildə olmayıb, iqtidar komandasının bir qanadı bu “qüvvə”ni öz sərəncamında saxlamaqda davam edib.

Burada məqsəd, əlbəttə ki, hansısa siyasi ambisiyanın reallaşdırılması naminə lazım gələndə həmin qrupun gücündən istifadə etmək olub.

Hazırda qrup üzvlərindən birinin üzü görünməyən, yalnız bəzi hacılar kimi qolu görünən birindən ikiyə qatlanması mümkün olmayan məbləğdə pul aldığı görünür. Eyni məkanda fərqli fəsillərdə (bunu pul alanın geyimindən anlamaq olar) baş tutan bu akt həmin gizli əlaqələrin davam etməsinin göstəricisidir.

Fərq ondadır ki, 2003-cü ilə qədər davam edən əlaqə iqtidar komandasının ali rəhbərliyi tərəfindən sanksiyalaşdırılmış olubsa, 2003-cü ildən sonrakı əlaqə separat şəkildə olub, ali sarayın xəbəri olmayıb.

Azərbaycan kimi ölkələrdə siyasi mövcudluğu davam etdirə bilmək üçün, bəlkə də, maliyyə kanalı tapmağa haqq qazandırmaq olar, amma iqtidarda təmsil olunan korrupsioner oliqarxlardan pul ala-ala, başqalarını “iqtidara işləyənlər”, “avtobus müxalifəti” adlandıranların hərəkətinə - əsla.

Xalid KAZIMLI

Bizə qoşulun