Ramanada “Nur” adlı uşaq evində yaş yarımlıq uşaq ölüb. Məsuliyyəti kim daşıyır, məlum deyil. Uşağın qızılca xəstəliyindən öldüyü söylənilir, ancaq bu da dəqiq bilinmir. Çünki ortada heç bir rəsmi açıqlama yoxdur. Elə bil uşaq yox, üzr istəyirəm, hansısa cücə ölüb.
Obyektin qarşısından hazırlanan alayarımçıq videoreportaj da (ona görə telekanalın adını yazmıram) heç bir suala cavab vermirdi. Qapının ağzında eləcə “Nur uşaq evi” lövhəsi yapışdırılıb, lakin bu kimin tabeliyindədir – məlum olmurdu.
Bizim qanunlara görə uşaq evlərini ya dövlət, ya bələdiyyə yaradır. Ramanadakı isə demək olar şəxsi obyektə, özəl təsərrüfata bənzəyirdi. Elə bil kimsə dükan açıb. Kimsə küçəyə göyərti kisəsi qoysa yetmiş adam gəlib təpikləyir. Ancaq uşaq evi aç, orda hər cür əlləm-qəlləm işlər gör – problem yoxdur.
Bütün işlərimiz belədir. Məsələn, bizim küçədə, düz məktəbin darvazası ağzında bir heyvərə qəssablıq edir. Dananı birbaşa küçəyə bağlayır, bəzən dana bütün sutka orda bağlı qalır, gələnə-gedənə təpik atır. Sonra yazıq heyvanı elə ordaca kəsib, şaqqalayır, kəllə və ayaqlarını mıxdan asır. Məktəbli uşaqlar, yoldan keçənlər də tamaşa edir. Lakin cəmi 20 metrlikdəki sahə müvəkkilinin ofisi bunu nədənsə görmür.
Guya peşəkar futbol liqamız var, klubun biri hətta çempionlar liqasında-filanda oynayır. Amma həmin klubda adını daşıdığı rayon bir yana, heç ümumən bölgədən yarım oyunçu da yoxdur. Əksər region klubları paytaxt stadionlarında oynayır, məlum deyil daha bunun adını niyə “Filan rayonun futbol komandası” qoyublar. Çox ağlamalı yazı olmasın deyə bir lətifəvari faktı yazım, bilməyənlər bilsin: “İmişli” futbol klubumuzda Ronaldo soyadlı oyunçu var. Vallah. Açığı, mən buna görə dostumuz, İmişlidə doğulub boya-başa çatan şair-publisist Şəhriyar del Geranini Pablo Neruda elan etmək qərarına gəlmişəm. Adımızı dəyişməsək xeyri yoxdur, bizə hörmət qoymayacaqlar.
Həmin “İmişli” klubu da “ev” oyunlarını Qubada, Olimpiya mərkəzində keçirirmiş. Təzəlikcə “Qarabağ”ı orda qəbul ediblər, “qonaq komandanın” (dırnaq işarəsinin çoxluğuna səbəb mən deyiləm, işləri dırnaqarası görən adamlardır) məşqçisi Qurban Qurbanov stadionun vəziyyətindən şikayətlənib. Deyir belə stadionlarda oynamaqla “Nyukasl”ın qabağına çıxa bilmərik, oyunçularım zədə alır, şikəst olur.
Yəni, İmişlinin futbol komandası Qubada stadion kirayələyir, lakin o da bərbad gündə imiş. Ağlamalı vəziyyətdirmi? Yox. Niyə ağlayasan ki, oyuna çıxan oyunçuların da hamısı xaricidir? Misal üçün, Kolumbiya çempionatında, Portuqaliyanın ikinci liqasında, nə bilim, Seneqal-Qana oyununda kimsə zədələnirsə, bunu biz nədən dərd edək?
Hamını nöyüt çırağı, qaz lampasının işığına – Abşeron yarımadasına toplamışıq, burda oyun yeri də qoymamışıq qalsın. Hər sotu hansısa lotuya satıblar, onlar da orda ev tikib satırlar. Soyuq Norveçin, İsveçin, Almaniyanın istənilən balaca şəhərində, qarın-şaxtanın altında təbii ot örtüklü stadionlar yaradıb, saxlaya bilirlər, biz burda mülayim iqlim qurşağında uşaqları süni palazların üstündə oynadırıq. Ən yaxşı halda. Adətən o da olmur, asfaltın, maşın qarajlarının ara-bərəsində top qovurlar.
Keçən həftələrdə bir video yayılmışdı: hansısa dükan divar kağızları hədiyyə edirmiş, camaat onun üstündə qırğına çıxmışdı. İlk baxışdan sual yaranırdı ki, axı bu yemək-içmək deyil, gündəlik tələbat malı, dövrə uyğun hansısa elektron əşya da deyil, oboydan ötrü dava-dalaşın nə mənası var? Ancaq dərindən düşünəndə anlayırsan: hər şeyin dekorasiya, örtük, süni boya olduğu ərazidə divar kağızı böyük əhəmiyyət daşıyır.
Örtülməsi önəm daşıyan o qədər ayıb var ki...
Zamin HACI