ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən mer seçkilərində Demokratlar Partiyası 28 ildən sonra qalib gəlib. Demokrat Eylin Hiqqins Prezident Donald Trampın dəstəklədiyi Respublikaçılar Partiyasının təmsilçisi Emiliano Qonsalesi 19% fərqlə (59-40) üstələyib.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Şahin Cəfərli deyib ki, Florida prezident seçkilərində ənənəvi olaraq respublikaçı namizədə səs verir: “Mayami ştatın ikinci böyük şəhəridir. Ötən dəfəki mer seçkilərini respublikaçılar düz 67% fərqlə qazanmışdı. Lakin Tramp hazırda o qədər qeyri-populyardır ki, "qırmızı" ştatlarda demokratların səsləri xeyli yüksəlib. Bu isə 2026-cı il Konqres seçkilərində "mavi dalğa" ehtimalını artırır.
Donald Tramp hazırda Rusiya Prezidenti Vladimir Putinlə bərabər Ukraynanı əlverişsiz sülhə məcbur edib özü üçün uğur hekayəsi düzəltməyə çalışır. Cəbhədə Ukrayna ordusunun uğurla müqavimət göstərməyə davam etdiyi və Putinin Donbasda "aldıq" dediyi heç bir şəhərin işğal edilmədiyi bir şəraitdə ABŞ administrasiyasının bu mövqeyi qeyri-əxlaqi və qəbuledilməzdir”.
Nailə Qasımova,
Medianews.az