Paytaxtda 30 il əvvəl baş verən qətlin üstü açılıb. Hadisə 1996-cı il aprelin 10-da qeydə alınıb.
Medianews.az Baku TV-yə istinadən xəbər verir ki, Şahin Cəlilovla Hidayət Qafarov əvvəlcədən qrup şəklində planlaşdıraraq metronun "Neftçilər" stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun maşınında müştəri qismində əyləşib və onu Qaraçuxur qəsəbəsi ərazisinə gətiriblər. Həmin şəxslər bir müddət sonra avtomobildə sürücünü boğaraq onu qətlə yetirib, mərhumun meyitini basdırıblar.
Şahin Cəlilovla Hidayət Qafarov mərhuma məxsus avtomobili hissələrə bölərək satıb, əldə etdikləri pulu öz aralarında bölüblər.
Cinayətin üstü 30 il sonra açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən meyitin basdırıldığı ərazidə baxış keçirilən zaman mərhuma məxsus meyit qalıqları (sümüklər) aşkar edilərək ekspertizaya təhvil verilib.
Hadisənin şahidi olan qonşu Elşən Əhmədov bildirib ki, ərazidə qazıntı işləri aparılarkən əvvəlcə nə baş verdiyini anlamayıblar: "Sonradan öyrəndik ki, burada 1996-cı ildə cinayət hadisəsi törədilib. Sakinləri izahat verməyə çağırdılar. Hadisəni törədənlərdən biri - Hidayət qardaşının evi yaxınlıqda olduğu üçün buralara tez-tez gəlib-gedərdi, sakit insan idi".
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydıqları məlumata əsasən, 2026-cı il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycanın 2000-ci il sentyabrın birinədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.