Medianews.az
Dəfələrlə Ermənistana gələn Makron hələ bir dəfə də Azərbaycana səfər etməyib
78 baxış

Dəfələrlə Ermənistana gələn Makron hələ bir dəfə də Azərbaycana səfər etməyib - etiraz

Fransa prezidenti Emmanuel Makronun may ayının əvvəlində Ermənistana edəcək səfəri zamanı strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq.

Medianews.az Musavat.com-un məlumatına görə bildirir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib. “Makronun səfəri çərçivəsində təhsil, hərbi-texniki əməkdaşlıq və süni intellekt də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanacaq”, - o bildirib.

Qeyd edək ki, mayın 5-də Ermənistanda Avropa İttifaqının sammiti keçiriləcək. Bu toplantıdan dərhal sonra isə İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

Əvvəlki vaxtlarda Ermənistana səfərini bir neçə dəfə təxirə salmış Fransa prezidentinin “bir güllə ilə iki dovşan vurmağa” çalışması diqqət çəkir. Makron həm sammitdə iştirak edəcək, həm də seçkiqabağı Paşinyanla saziş imzalayacaq. Son vaxtlar Avropa İttifaqının bəzi üzv dövlətlərinin Bakı və İrəvan arasında davam edən sülh prosesini pozmağa yönəlik fəaliyyəti fonunda Fransanın Ermənistan siyasətindəki dinamika diqqət çəkir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, Fransa prezidenti Emmaunel Makron mayın əvvəlində Avropa Siyasi Şurasının sammitində iştirak etmək məqsədilə İrəvana səfər edəcək: “Görünür, Makron bu səfərdən istifadə edərək, İrəvanda Ermənistanla strateji müttəfiqlik sazişi imzalamağı planlaşdırır. Ancaq bunun Ermənistan üçün xüsusi faydası yoxdur. Ermənistanın inkişafı və təhlükəsizliyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Bu arada, Parisin Bakı ilə münasibətləri normallaşdırmağa çalışması hiss olunur. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin mart ayının sonlarında Fransaya səfəri bundan xəbər verir. O, Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla ikitərəfli münasibətləri müzakirə etmişdi. Hikmət Hacıyev sosial media hesabındakı paylaşımında Parisdəki görüşlərin faydalı olduğunu bildirmişdi. Bu görüşlərdə ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər müzakirə olunmuşdu”.

E.Şahinoğlu xatırladıb ki, Fransa İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı dəstəklədi: “Bu, Fransa-Azərbaycan münasibətlərinə mənfi təsir etdi. Azərbaycan buna cavab olaraq Fransanın müxtəlif koloniyaları ilə əlaqə quraraq, həmin koloniyalarda müstəqillik uğrunda mübarizə aparan qüvvələrə dəstək verdi. Bu, rəsmi Parisin narazılığına səbəb oldu. Buna görə rəsmi Paris günahı özündə axtarmalıydı. Çünki Paris İkinci Qarabağ müharibəsi və ondan sonrakı mərhələdə erməni separatçılarına dəstək verirdi və bu, Azərbaycanda böyük narazılıq yaratmışdı. Artıq Qarabağ məsələsi həll olunub,

Ermənistan hökuməti Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Ermənistanın baş naziri Nikol Paşinyan bu il Azərbaycan Prezidenti İlham Əliyevlə sülh müqaviləsi imzalamağa hazırlaşır. Belə olan halda, Fransanın Azərbaycanla münasibətləri normallaşdırmaması üçün səbəbi yoxdur. Əsas odur ki, Paris Ermənistan və Azərbaycanla münasibətlərdə balansı birincinin xeyrinə pozmasın. Bu baxımdan dəfələrlə Ermənistana səfər edən Emmanuel Makron prezidentliyi dövründə hələ bir dəfə də Azərbaycana səfər etməyib. Bu, onun böyük qüsurudur”.

Bizə qoşulun