2026-cı ildə ABŞ-də keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı minlərlə azarkeşi narahat edən sensasion məlumat yayılıb.
Musavat.com xəbər verir ki, turizm və hotelçilik sektorunda yayılan hesabatlara görə, turnirlə əlaqəli 38 mindən çox hotel bronu aylar əvvəl ləğv edilib.
Mütəxəssislərin fikrincə, kütləvi ləğvlərin əsas səbəbləri arasında hotel qiymətlərinin həddən artıq bahalaşması, səyahət xərclərinin artması, viza problemləri və təşkilati qeyri-müəyyənliklər yer alır. Bəzi mənbələr isə siyasi və immiqrasiya ilə bağlı narahatlıqların xarici azarkeşlərin qərarına təsir etdiyini bildirir.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026 Dünya Çempionatı tarixdə ən genişmiqyaslı turnir olacaq. Turnirdə rekord sayda komanda və matç müxtəlif şəhərlərdə keçiriləcək.
Qeyd edək ki, FIFA və ABŞ rəsmiləri bu rəqəmləri rəsmi şəkildə təsdiqləməyiblər. Lakin turizm üzrə ekspertlər xəbərdarlıq edirlər ki, bu cür dalğalanmalar davam edərsə, ev sahibi şəhərlərinin iqtisadiyyatına ciddi zərər dəyə bilər.