ABŞ-ın Nyu-York şəhərində baş verən güclü yağış və qəfil sel həyatı iflic edib.
Medianews.az xəbər verir ki, Queens və Brooklyn başda olmaqla bir çox ərazidə küçələr su altında qalıb, metro və avtobusların hərəkətində ciddi problemlər yaranıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə seldən xilas olmaq üçün avtobusdan enən qadının qısa müddət sonra güclü su axınının içində qaldığı əks olunub. Həmin anlar ətrafdakı şəxslər tərəfindən mobil telefonla lentə alınıb.
Məlumata görə, şəhərin müxtəlif yerlərində avtomobillər suya qərq olub, bəzi sürücülər isə maşınlarının üzərində kömək gözləməli olublar. Sel səbəbindən bir sıra metro xətləri dayandırılıb, yollar bağlanıb.
Hadisədən sonra şəhər rəhbərliyi sakinlərə zəruri olmadıqca küçəyə çıxmamaq və sel sularına yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Medianews.az