Medianews.az
Rusiyanın Çin qorxusu
128 baxış

Rusiyanın Çin qorxusu

Ukraynaya qarşı cinayətkar müharibənin uzanması, fəlakətli itkilər rus strateqlərini qorxutmağa başlayıb. Onları qorxudan əsas məsələlərdən biri Rusiyanın Çindən asılı düşməsidir. Rusiya imperialistlərinin əsas ideoloqlarından biri olan Konstantin Zatulin son müsahibələrinin birində “Çin Rusiyanın sürətli qələbəsində maraqlıdırmı?” ritorik sualını səsləndirir və dərhal da cavab verir ki, mən o qədər də əmin deyiləm.

Zatulin bildirir ki, Çin müharibənin davam etməsindən faydalanaraq Rusiya neftini və qazını ucuz qiymətlə alır. “Çin Şərqi Sibirdə və Rusiyanın Uzaq Şərqində öz ölkəsində olduğu kimi sərbəst fəaliyyət göstərir”.

Çinin Rusiyaya dron və dron hissələri satdığı haqqında xatırlatmaya cavabda Zatulin deyir ki, Çin eyni texnologiyanı Ukraynaya da satır.

Zatulin bu məsələdə tamamilə haqlıdır. Ukrayna idxalının böyük bir qismi Çinin payına düşür. Rəsmi məlumatlara görə, bu ilin yanvar-aprel ayları ərzində Ukraynanın idxalı 32.2 milyard təşkil edib. Çindən idxal 8.7 milyard dollar olmaqla Ukraynanın ümumi idxalının 25 faizindən çoxunu təşkil edib. Ekspertlər qeyd edirlər ki, Ukraynanın dron istehsalı Çindən idxalla paralel şəkildə artır. Bəzi ekspertlər isə qeyd edirlər ki, Çin bəzi həssas hissələri Rusiyaya satmadığı üçün uzun məsafəli dronlar məsələsində Ukrayna öndədir.

Çinlə bağlı daha bir maraqlı mövqeni Putinin bir nömrəli politoloqu hesab olunan Sergey Karaqanov səsləndirib. Karaqanov deyir ki, Çin bizim dostumuzdur, amma biz ondan asılı olmaq istəmirik. “ABŞ bizə manevr etmək üçün imkan verə, Çindən asılılığımızı azalda bilər”.

Zatulin və Karaqanov rəsmi mövqenin ifadəçiləri kimi qəbul olunduqlarına görə Çinlə bağlı ifadələrini həssaslıqla seçiblər.

Bir qədər müstəqil şəxslər isə daha sərt fikirlər səsləndirirlər. Məsələn, Regional Siyasət İnkişafı Mərkəzinin prezidenti İlya Qraşçenkov deyir ki, Çin Rusiya üçün Avropa İttifaqından daha qəliz tərəfdaşdır. “Çin heç də bizim dostumuz deyil. Biz avropalıyıq. Biz Qərb dünyasının bir hissəsiyik”.

Putinin siyasi kursuna etimadsızıq dərinləşdikcə Çinlə bağlı mövzu önə çıxır. Rusiya elitasının bir hissəsində Çinə qarşı etimadsızlıq güclənir. Heç şübhəsiz ki, bütün bunları Çinin aidiyyəti qurumları da müşahidə edir. Çin Rusiyanın suverenliyini bərpa etməsinə bir daha yol verə bilməz. Əgər Rusiya buna cəhd etsə, Pekin hansısa sərt addımlar atmaq məcburiyyətində qalacaq.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun