Medianews.az
Rusiya Almaniya səfirliyinin əməkdaşını ölkədən çıxarıb
47 baxış

Rusiya Almaniya səfirliyinin əməkdaşını ölkədən çıxarıb

Rusiya Almaniyanın Moskvadakı səfirliyinin bir əməkdaşını ölkədən çıxarıb.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin TASS vasitəsilə yaydığı məlumatda, həmin şəxsin “persona non grata” elan edildiyi bildirilir. Qərarla bağlı Almaniyanın Rusiyadakı səfiri nazirliyə çağırılaraq rəsmi şəkildə məlumatlandırılıb.

Moskva bu addımı Almaniyanın iki həftə əvvəl Berlinə akkreditə olunmuş Rusiya səfirliyinin əməkdaşını casusluq şübhəsinə görə ölkədən çıxarmasına cavab kimi qiymətləndirib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında Almaniya tərəfinin qərarı “ucuz təxribat” adlandırılıb və bunun Rusiyanın Almaniyadakı diplomatik nümayəndəliyini gözdən salmağa yönəldiyi bildirilib. Nazirlik ikitərəfli münasibətlərdə yaranmış yeni gərginliyə görə məsuliyyətin Almaniyanın üzərinə düşdüyünü qeyd edib.

Xatırladaq ki, Almaniya Xarici İşlər Nazirliyi yanvarın ortalarında Rusiyanın Berlindəki səfirliyinin əməkdaşına 72 saat ərzində ölkəni tərk etməsi barədə göstəriş verildiyini açıqlamışdı. Nazirlik casusluq fəaliyyətinin Almaniyada qəbul edilmədiyini və bunun nəticələrinin olacağını vurğulamışdı.

Bizə qoşulun