Dünya miqyasında demensiya hallarının təxminən üçdə biri beyinə birbaşa təsir etməyən xəstəliklərlə əlaqəli ola bilər. Bu qənaətə Sun Yat-sen Universitetinin tədqiqatçıları 200-dən çox elmi məqalənin məlumatlarını təhlil etdikdən sonra gəliblər.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Human Behavior” jurnalında dərc olunub.
Tədqiqatçılar demensiya ilə 26 müxtəlif periferik xəstəlik - diş əti və qaraciyər xəstəliklərindən tutmuş diabet və eşitmə itkisinə qədər - arasındakı əlaqəni araşdırıblar. Məlum olub ki, bu xəstəliklərdən 16-sı demensiyanın inkişaf riskinin artması ilə statistik baxımdan əhəmiyyətli şəkildə əlaqəlidir. Alimlərin hesablamalarına görə, sözügedən xəstəliklər demensiyanın qlobal xəstəlik yükünün təxminən 33 faizini təşkil edə bilər.
Təhlillər göstərib ki, demensiya riskinə ən böyük töhfə verən amillər periodontal xəstəlik, xroniki qaraciyər xəstəliyi, eşitmə və görmə itkisi, həmçinin 2-ci tip diabetdir. Bundan əlavə, xroniki böyrək xəstəliyi, osteoartrit, insult, koronar ürək xəstəliyi, eləcə də revmatoid artrit və iltihabi bağırsaq xəstəliyi kimi iltihabi xəstəliklərin də əhəmiyyətli rol oynadığı qeyd olunur.
Alimlər vurğulayırlar ki, xroniki somatik xəstəliklərin erkən diaqnostikası və vaxtında müalicəsi idrak geriləməsi riskini azalda bilər. Bu yanaşma demensiya ilə mübarizədə diqqətin yalnız neyrodegenerativ proseslərlə məhdudlaşmamasına imkan yarada bilər.