Medianews.az
“Qonşu dedi, yaxşıdır" –
67 baxış

“Qonşu dedi, yaxşıdır" – Bu səhv həyatı təhlükəyə atır

İnsanlar arasında dərman zəhərlənməsi halları ictimai narahatlıq doğuran məsələlərdən biridir. Mütəxəssislər bunu xüsusilə həkim məsləhəti olmadan dərman qəbulunun geniş yayılması ilə əlaqələndirirlər. Özbaşına dərman istifadəsi qısa müddətdə ağrını azaltmaq və ya simptomları yüngülləşdirmək məqsədi daşısa da, düzgün seçilməyən preparatlar və dozalar ciddi fəsadlara, hətta həyati risklərə səbəb ola bilər.

Medianews.az xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan farmakoloq Aydın Əliyev bildirib ki, həkim məsləhəti olmadan aptekdən dərman almaq və qəbul etmək qətiyyən düzgün deyil:

"Dərman yalnız həkim tərəfindən təyin olunmalıdır, çünki insanın orqanizmi və vəziyyəti barədə özü məlumatlı olmaya bilər. Məsələn, baş ağrısı birbaşa başla bağlı olmaya da bilər. Bəzən ağrı onurğa beynindən və sinirlərdən qaynaqlanır. Həkimlər isə bilirlər ki, hansı dərman, hansı dozada istifadə olunmalıdır. "Qonşu dedi ki, bu dərman yaxşıdır" kimi məsləhətlər yalnız qida, paltar və texniki vasitələr üçün keçərli ola bilər, amma dərman üçün deyil. Dərman həkimin əlində şəfadır və onun düzgün istifadəsi insanın sağlamlığı üçün həyati əhəmiyyət daşıyır".

Ekspert xaricdən gətirilən dərmanların istehlakına da diqqət çəkib: “Xaricdən gətirilən dərmanlar ekspertizadan keçməlidir və bu proses ölkəmizdə də həyata keçirilir. Bəzən dərmanın tərkibi barədə yayılan "zərərlidir və ya faydalıdır" kimi məlumatlar dərman firmasının məsuliyyətinə aid edilir”.

Aydın Əliyev apteklərdə dərmanların saxlanma qaydalarının əhəmiyyətini də qeyd edib: “Apteklərdə dərmanların saxlanma qaydası vacibdir. Yaxın zamanda bir neçə aptekdə saxlanma qaydası ilə bağlı problemlər aşkar edildi və bu məsələ ilə bağlı tədbir görüldü. Pasiyentin hüququ var ki, hansı dərman nə vaxt hazırlanıb, onun saxlanma müddəti nə qədərdir və vaxtının keçib-keçmədiyi ilə maraqlansın. Bu qaydalara riayət edildikdə arzuolunmaz zəhərlənmə hallarının qarşısı alınır”.

Mütəxəssis əlavə edib ki, indiki dövrdə elektron reseptlər formalaşmağa başlayıb və dərmanlar yalnız bu reseptlər əsasında əldə olunacaq. “Reseptdə həkim və xəstə, dərmanlar və aptek haqqında geniş məlumat yer alacaq. Bu sistemə keçiddən sonra həkimsiz dərman istifadəsi hallarının sayı kəskin azalacaq”.

Bizə qoşulun