Medianews.az
Su çərşənbəsi tarifi
61 baxış

Su çərşənbəsi tarifi

“Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm, çərşənbələşməsən də çərşənbələşəcəyəm”.

(milli yanıltmac)

Telefonun mavi ekranına parapart gələn mesaj, məktub, hırrey, mırreylər (sonuncuların adını özüm kəşf eləmişəm, bəzi vətəndaşlarımız normal mətn yazmağı, adam balası səsi ilə mesaj yollamağı artıq yadırğamışdır) səhər-səhər məni dəli elədi. Zəhləmgetmiş yazıçıların təbiriylə yazsam, qan-tər içində, hövlnak yerimdən qalxdım. Hətta bəlkə hoppandım. Çünki ekranda saysız-hesabsız “su” sözünü görmüşdüm.

Bütün mesajların bu sözlə başlaması məni istər-istəməz qorxutmuşdu. (Burada da bir filoloji haşiyə çıxaraq ana dilimizdəki həmin bu “istər-istəməz” ifadəsinə aşiq olduğumu bəyan etməliyəm. Fantastik sözdür. Uca millətimizin vəziyyətini, özü də istənilən hadisə, məkan, vaxtda tam ifadə edir. Biz həm istəyirik, həm istəmirik). Elə bildim şanlı hökumətimiz Tarif Şurası, KTN, BMT, NASA, Mİ-6 və MKİ ilə əlbir olaraq gecəyarısı qəfildən suyun qiymətini qaldırmışdır.

Yenə haşiyəyə zəruri ehtiyac yarandı. Niyə mən burda çoxlu milli və beynəlmiləl idarənin adını yazdım? Çünki bizdə nəyinsə qiyməti qalxanda bunu törədənlərin kimliyi xalqa qaranlıq qalır. O deyir bu elədi, bu deyir o elədi. Axırda xarici qara qüvvələrin üstündə qalır adətən. İndi suyun da qiyməti qalxsa böyük ehtimalla bunu Amazon çayının qurumağı, Antarktidada pinqvinlərin buzun üzərinə kiçik ehtiyaclarını ödəməyi, şahzadə Endryünün əxlaqsızlığı kimi amillərlə izah edəcəklər. Ancaq su təsərrüfatının dövlət inhisarında saxlanması və nəticədə de fakto yiyəsiz qalmağı, bu sahəyə başçılıq edənlərin acgözlüklə varlanmaq hərisliyi, boruların üstündə yatan məmur-əjdahaların varlığı yada salınmayacaq.

Elə telefonun məni dəli eləməyinin səbəbi  təzəlikcə suyun qiyməti barədə idarədən TŞ-yə müraciət göndərilməsi anonsu idi. Doğrudur, sonradan su idarəsi su atdı, başını tutdu, dedilər biz heç yana qiyməti qaldırmaq, ya da təzə terminologiya ilə yazsaq, diferensasiya etmək üçün üz tutmamışıq, məktub yazmamışıq. Nəticədə bilinmədi müraciət olubmu, olmayıbmı. Bəlkə bir növ hazırlıq iynəsi vururdular ki, camaat qəfil xəbərdən diksinib ayılmasın.

Uzun sözün qısası, mesajların ardını oxudum, ürəyim yerinə gəldi. Sən demə bu gün su çərşənbəsi imiş, uca millətimiz həmin əziz bayram münasibətiylə bir-birimizə toplu mesajlar tolazlayırmış. Halal olsun, minnətdarıq, bahəm, sizinlə birgə, həmişə təmizlikdə, neçə gözəl illərdə islanasınız və sairə və ilaxır çərşənbə. (İlk dəfə bu söz də öz yerinə tam oturmuş oldu).

Düzünü yazsam, mən həmişə bu çərşənbələri qarışdırıram, hansı hansından sonra gəlir, birinci və axırıncı nəyə əsasəndir, heç vaxt yadımda qalmır. Yəqin bu prosedurun da hardasa təbiətin qoynunda öz idarəsi var, ardıcıllığa qərar verir. Məsələn, birinci suyun donu açılır, sonra külək əsir, hava qızır və nəhayət torpaq oyanır. Ardıcıllıq bir az fərqli də yarana bilər, ildən asılıdır. Qazın qiymətini qaldırmaq lazım olsa böyük ehtimalla od çərşənbəsi qabağa çəkilməlidir. Bunlar hamısı hüquqi-inzibati məsələlərdir, Nazirlər Kabineti üç ay ərzində təkliflər irəli sürür, baxılır, hesablanır, həyata keçirilir. Çərşənbəni özbaşına qoysan, gedər şənbəyə, hətta yaya düşər. Ya da Pasxaya-zada girər. Bu bizə lazımdırmı?

Sözgəlişi, mən bu il çərşənbə elmi istiqamətində yeni bir məlumat öyrənmişəm. Deməyəsən bizdə Yalançı çərşənbə də var imiş! İnanılmazdır. Sitat: “Musavat.com xəbər verir ki, hələ də doğruçu çərşənbə hesab olunan dörd çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur. Doğruçu çərşənbələrdən fərqli olaraq, Yalançı çərşənbəyə xüsusi hazırlıq görülmür... Bu zaman adamlar səssiz-küysüz bir şəkildə öz qapılarında azacıq saman, küləş yandırırlar. Evlərdə xüsusi olaraq biş-düş də hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz”. Sitatın sonu.   

Mən belə başa düşdüm bizdə çox yerdə ilboyu yalançı çərşənbə bayramı qeyd olunurmuş, xəbərimiş olmayıb.

Bizə qoşulun