Xroniki stress və emosional tükənmə dövründə düzgün qidalanma sinir sisteminin dəstəklənməsində mühüm rol oynayır. Mütəxəssislər bəzi balıq növlərinin bu baxımdan xüsusilə faydalı olduğunu bildirirlər.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, dietoloq İrina Pisareva mintayın stresslə mübarizəyə necə kömək etdiyini izah edib.
Onun sözlərinə görə, mintay tərkibindəki selen, yod, amin turşuları və B qrupu vitaminləri sayəsində sinir sistemini dəstəkləyir. Selen qalxanabənzər vəzin hormonlarını aktiv formaya keçirmək üçün vacibdir və stress zamanı bu vəzin fəaliyyəti zəifləyə bilər. Mütəxəssis qeyd edib ki, 100 qram mintayda təxminən 16 mikroqram selen var və bu da gündəlik tələbatın 50 faizini ödəyir.
Balığın tərkibində yüksək miqdarda yod da mövcuddur ki, bu maddə beyin fəaliyyəti və koqnitiv qabiliyyətlər üçün əhəmiyyətlidir. Həmçinin mintay B12 və B6 vitaminləri ilə zəngindir, bu vitaminlər sinir sistemi üçün vacibdir. Tərkibində olan triptofan maddəsi isə “xoşbəxtlik hormonu” kimi tanınan serotoninin sintezinə kömək edir. Omeqa-3 yağ turşuları da xolesterinin tənzimlənməsinə və ürək-damar sağlamlığının qorunmasına dəstək verir.
Dietoloq böyüklərə mintayı həftədə iki-üç dəfə, 200 qrama qədər porsiyalarla qəbul etməyi tövsiyə edir. Bu miqdar selen və B12 vitamini üzrə gündəlik ehtiyacı qarşılamağa kömək edir.
Mintayın digər üstünlükləri də qeyd olunur. O, hipoallergen balıq sayılır və civə yığmır, buna görə də səkkiz aylıqdan etibarən uşaqlara da verilə bilər. Eyni zamanda 100 qramında cəmi 72 kilokalori və 20 qrama qədər asan mənimsənilən zülal olduğu üçün dietik məhsul hesab olunur.
Lakin balığa allergiyası olan şəxslər və mədə-bağırsaq xəstəliklərinin kəskin mərhələsində olanlar mintaydan uzaq durmalıdırlar. Mintay kürüsü duzlu olduğuna görə hipertoniyası olan şəxslərə tövsiyə edilmir. Mütəxəssislər balığın ən faydalı bişirilmə üsullarının sobada bişirmə, buğda hazırlama, qaynatma və ya tərəvəzlərlə birlikdə pörtüləmə olduğunu bildirirlər. Qızartma isə yeməyi daha ağır və kalorili edir.