Medianews.az
Qanunsuz biotibbi tədqiqatlara görə cəzalar
52 baxış

Qanunsuz biotibbi tədqiqatlara görə cəzalar - Vəkil danışdı

Azərbaycan qanunvericiliyində qanunsuz biotibbi tədqiqatların aparılmasına görə məsuliyyət nəzərdə tutulur. Qadağan olunmuş diaqnostika və müalicə üsullarının, eləcə də icazəsiz dərman vasitələrinin tətbiqi nəticəsində şəxsin sağlamlığına zərər vurulması cinayət məsuliyyəti yaradır.

Medianews.az bildirir ki, Vəkil Esmira Rzayevanın Oxu24.com-a dediyi  sözlərinə görə, tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarının, dərman vasitələrinin istifadə edilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda, təqsirkar şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Həmçinin həmin şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə bilər.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə bu əməllərə görə iki min manatdan üç min manatadək miqdarda cərimə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Hüquqşünas qeyd edir ki, bu cür qanun pozuntuları insanların sağlamlığı və həyatı üçün ciddi təhlükə yaratdığından qanunvericilikdə məsuliyyət tədbirləri müəyyən edilib.

Bizə qoşulun