Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edən Prezident İlham Əliyevin qaldığı otelin yaxınlığında baş verənlərlə bağlı manipulyasiyalar davam edir.
Medianews.az Axar.az-a istinadla xəbər verir ki, insidentin otelin önündə etiraz aksiyası keçirmək istəyən dinc etirazçılara qarşı zorakılıq tətbiq edildiyi müstəvisinə gətirilməsi üçün çabalar edilir, amma “nəticə” alınmır. Çünki özlərini döydürmək təlimatı almış aktyorlar rollarının öhdəsindən “yaxşı” gəlməyiblər.
Görüntülər yarımçıqdır: video Azərbaycan Prezidentinin Mühafizə Xidmətinin əməkdaşlarının prosesə müdaxiləsi ilə başlayır. Əvvəl nə baş verib? – bu, yalnız xəbər şəklində var, görüntü olmadığı üçün “etirazçıları dəstəkləyənlər” “əvvəldən” qaçmağa, “əvvəli” verməməyə çalışırlar.
Videonu yayan “etirazçılardır” və əlbəttə ki, öz maraqlarına uyğun hissəni paylaşıblar. Amma elə özlərinin yaydığı video ilə ifşa olunurlar:
1. Video Azərbaycan Prezidentinin mühafizəçilərindən birinin etirazçıların müdaxiləsi önündə aciz qalan ABŞ polisinə yaxınlaşaraq, onu kənarlaşdırması jesti ilə başlayır.
Aydın görünür ki, ABŞ polisi və yaxud otelin mühafizəsinə ayrılan şəxs və ya şəxslər kömək istəyiblər və buna görə də azərbaycanlı mühafizəçilər yardıma tələsiblər.
Videonun əvvəli yayımlanmadığı üçün “etirazçıların” əslində mühafizə zolağına girdikləri, orada ABŞ-ın təhlükəsizliyinə cavabdeh olduğu dövlət adamının təhlükəsizliyini təhdid edən hərəkətlərə yol verdikləri və ABŞ polisinin/mühafizəsinin tələblərinə əməl etmədiklərini yalnız təxmin etmək olar;
2. Videodan aydın görünür ki, “etirazçılar” mühafizə zonasından çıxarılırlar. Bəs, mühafizəçilərin fiziki müdaxiləsi nə vaxt başlayır?
Bu epizodda:
Diqqət etsəniz, görərsiniz ki, “etirazçılardan” biri cidd-cəhdlə yenidən mühafizə zolağına qanunsuz daxil olmağa cəhd göstərir və yalnız bu zaman ona fiziki müdaxilə edilir, bunun ardınca digərlərinin ərazidən uzaqlaşması üçün müəyyən addımlar atılır;
3. Azərbaycanlı mühafizəçilər xüsusi vasitələrdən istifadə etmirlər, eyni zamanda, qanunsuzluğu davam etdirib, mühafizə zonasına soxulmağa çalışanların da sərt döyülməsi yoxdur, hətta onlara aşırı fiziki güc tətbiqinə ciddi şəkildə mane olan mühafizəçilər də var.
4. Mühafizəçilərin hədəfi onları uzaqlaşdırmaqdır, xəsarət yetirmək deyil, əks halda Prezidenti qoruyan şəxslərin zərbələrindən sonra hansısa “etirazçının” ayağa durması asan olmazdı.
Gələk bu hadisənin Ərdoğanın mühafizəçilərinin aksiyaçılara qarşı təzyiqi ilə müqayisəsinə:
Prezident İlham Əliyevin mühafizəçilərinin etdiyi hərəkəti Ərdoğanın mühafizəçilərinin addımı ilə müqayisəyə cəhd edənlər birincilər haqda ABŞ mediasında heç bir informasiya yayılmadığını vurğulayaraq, bunu “Trampın idarəetmə metodu” ilə izah etməyə çalışır. Guya Tramp özü bu “qeyri-demokratikliyə” şərait yaradır.
Halbuki Ərdoğanın mühafizəçiləri ilə bağlı vəziyyət 2017-ci ildə olmuşdu və həmin vaxt da Trampın prezident olduğunu biriləri “unudurlar”. O zaman Ərdoğanın mühafizəçiləri həbs edilmişdi.
Burda isə vəziyyət fərqlidir: ABŞ polisi və yaxud otel mühafizəsinə məsul şəxs və ya şəxslər özləri yardım istəyir, azərbaycanlı mühafizəçilərlə birgə ABŞ polisi özü də “etirazçıları” mühafizə olunan zonadan çıxarmağa çalışır.
O ki qaldı “zorakılığa”, insidentdən sonra görüntülü açıqlamalar yayanlarda heç bir xəsarətin olmadığı üzə çıxır və onlar təzyiqə məruz qalan “dinc aksiyaçı” olmadıqlarını çox gözəl bildikləri üçün özlərini müdafiə etməyə çalışırlar, qanunu pozmadıqlarını “izah etməyə” cəhd göstərirlər.
Bəlkə də unudurlar ki, ABŞ-da polisin qanuni tələblərinə azacıq etiraz etməyə cəhd göstərən aksiyaçı və yaxud sürücü anında ən yaxşı halda həbs edilir, bəzən isə yerindəcə öldürülür.
Bu, nəyin naminədir və kimə xidmət edir?
Çox qəribə bir proses başlayıb: Azərbaycanın ABŞ-la münasibətləri ən yüksək səviyyəyə qalxıb, Tramp şəxsən İlham Əliyevə xüsusi hörmətini hər fürsətdə ifadə edir, tarixdə ilk dəfə ABŞ-ın vitse-prezidenti Azərbaycana çox uğurlu səfərini gerçəkləşdirir, regionda ABŞ-ın birbaşa iştirakı ilə böyük proseslər başlayır, o cümlədən, dünyanın yeni nizamı ilə bağlı ABŞ-ın cəhdlərində Azərbaycan söz sahibi kimi iştirak edir və s.
Məhz bu məqamda Azərbaycana qarşı əxlaqsız hücumlara start verilir, Azərbaycan Prezidentinin xarici səfərlərində “Hüseynov qardaşları, Hüseynova bacıları kimi, öz məharətlərini göstərməyə” çalışırlar, Azərbaycana qarşı qeyri-əxlaqı hücum kəskinləşir.
Kimdir bunda maraqlı olan?
Regiondakı proseslərdən Rusiya narahatdır, ruslar, az qala, hər gün Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmalarından kədərlərini ifadə edir, ancaq əllərindən bir iş gəlmir və gücləri “söyüşə” çatır. Təhqir üçün isə erməni diasporunun əlində olanlardan istifadə edirlər.
Erməni diasporu, xüsusilə Qərbdə fəaliyyət göstərənlər hər zaman Cənubi Qafqazda milli ədavəti qızışdırmaqla Rusiyanın maraqlarının ifadəçisi olublar.
Eyni ssenari və eyni xətt davam edir, amma bu dəfə heç bir perspektiv yoxdur deyə, söyürlər...