Medianews.az
Əvəzedicilər liqası
70 baxış

Əvəzedicilər liqası ləğv edilir

Ötən gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclası yenə qalmaqallı müzakirələrlə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, bu dəfə əvəzedicilər liqasının ləğvi əsas mövzu olub. 

Ümumiyyətlə, bununla bağlı əvvəllər də müzakirələr gedib. Bəzi klublar öncə də əvəzedicilər liqasının ləğv edilməsinə istəyiblər. İcraiyyə Komitəsi isə dünən bu məsələyə yenidən baxıb. Maraqlıdır ki, son qərarın verilməsi  Klublar Komitəsinə həvalə edilib. 

Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvindən sonra əvəzedicilər çempionatının da ləğvi böyük problemlərə yol aça bilər. Çünki yerli futbolçuların əksəriyyəti məhz bu liqada çıxış edirlər. Hansı ki, klublarda əsas heyətə düşməyən oyunçular ikinci komandalarla meydana çıxıb təcrübə qazanırlar. 

Uzun müddət sonra İK iclasına qayıdan Qurban Qurbanov da buna etiraz edib. O, əvəzedicilər liqasının ləğvinin problemlər yaradacağını bildirib. Necə ki, Q.Qurbanov limit ləğv edilərkən də verilən qərardan narazı idi və məhz ondan sonra İK-nın iclaslarına qatılmağı dayandırmışdı. 

Klublar Komitəsinin sədri Elçin Usub “Qafqazinfo”ya açıqlamasında əvəzedicilər liqasının ləğvi ilə bağlı səslənən fikirlərə münasibət  bildirib:

“İndiyə olan vəziyyət belədir ki, Klublar Komitəsinə hələ rəsmi müraciət edilməyib. Buna görə də mövzunun konkret nədən ibarət olması hələ məlum deyil. Növbəti iclasın mart ayının 11-i keçirilməsi barədə ilkin razılaşma var. Güman edirəm, gələn həftə konkret mövzu məsələsinə aydınlıq gələcək”.

Onun sözlərinə görə, KK-nın 11 dekabrda keçirilən son iclasında Əvəzedicilər liqası ilə bağlı müzakirələr aparılıb:

“Klublar, gələn mövsüm, ümumiyyətlə, bu yarışın keçirilib-keçirilməməsi ilə bağlı məsələyə vaxtında aydınlıq gətirilməsinin zəruriliyini nəzərə alaraq, məsələnin qabaqcadan müzakirə predmeti olmasını istəyiblər. Yadınızdadırsa, cari mövsüm ərəfəsində də bu yarışların keçirilməyəcəyi barədə ciddi müzakirələr aparılırdı və bir çox klublar, o cümlədən, Şamaxı FK-da müvafiq heyətin formalaşdırılmasına yalnız İK-nın iyun ayının sonu qəbul edilən qərarından sonra başladılar. Təbii ki, klubların narahatçılığı başadüşüləndir.  Əgər biz futbola peşəkar yanaşmadan danışırıqsa, bəlli proqnozlaşdırıla bilən mühitin yaradılması da vacibdir”.

Maraqlıdır ki, klubların əksəriyyəti isə bu liqanın aradan qaldırılmasına razıdır. Heç bir iddiası olmayan klublar da bunun baş verməsini istəyir. Səbəb isə ora xərclənən pulları əsas komandada rahat-rahat əcnəbi oyunçulara xərcləməkdir.

Bizə qoşulun